ULU ÖNDƏRİN YADİGARI HEYDƏR ƏLİYEV SARAYI
Mədəniyyət

ULU ÖNDƏRİN YADİGARI HEYDƏR ƏLİYEV SARAYI

XX əsrin ikinci yarısında Azərbaycanın paytaxtında yeni və maraqlı memarlıq abidələri ucaldılmağa başlandı. Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı üçün yeni binalar inşa edildi. Kinoteatrlar, mədəniyyət sarayları şəbəkələri genişləndirildi.

Belə ki, 1960-cı illərdə şəhərin mərkəzi meydanlarından birində kinokonsert salonu tikilməsi qərara alınır. Kompleksin inşasına 1962-ci ilin mayında başlanılsa da, bir müddət sonra işlər dayandırılır. Lakin ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk günlərdən ləngiyən və dayandırılan bir çox tikinti işləri yenidən canlanır. Beləliklə, inşası illərlə ləngiyən Sarayın tikintisi məhz ümummilli liderimizin qayğısı nəticəsində 2 ilə başa çatır. 1972-ci il dekabrın 11-də sarayın rəmzi açarı onun qurucusu olan Heydər Əliyevə təqdim edilir. Bu açar qiymətli xatirə əşyası kimi sarayda indi də qorunub saxlanılır. Dekabrın 14-ü isə saray qapılarını tamaşaçıların üzünə açır. Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasının üverturası ilə açılan təntənəli konsert proqramında Dövlət Rəqs Ansamblı, "Qaya" vokal kvarteti, Hökumə Qurbanova, Zeynəb Xanlarova, Lütfiyar İmanov, aşıq Pənah Pənahov və başqaları iştirak edib.

O tarixi gündən uzun illər keçsə də, bu gün Azərbaycan incəsənətinin nümayiş olunduğu əsas səhnə məhz Heydər Əliyev Sarayıdır. Bu səhnə bir çox möhtəşəm hadisələrə şahidlik edib. Ulu öndər Heydər Əliyev 1972-2002-ci illər arasında bu gün onun adını daşıyan Sarayda keçirilən respublika, ittifaq və beynəlxalq əhəmiyyətli möhtəşəm tədbirlərdə daim iştirak edirdi.

Sarayda səhnə səthinin və orkestrin enib-qalxması üçün mürəkkəb avadanlıqlar, çeşidli rəng çalarlarını yarada bilən işıq sistemi, avtomatik idarə olunan yüksək səviyyəli səs gücləndirmə texnikası quraşdırılıb. Rəsmi tədbirlər zamanı çıxışlar müxtəlif dillərə tərcümə edilir, xüsusi aparatın köməkliyi ilə salonda əyləşənlərə çatdırılır. Keçmiş Sovet İttifaqında belə saray Moskva və Sankt-Peterburq da daxil olmaqla cəmi 7 şəhərdə tikilib.

Saray əvvəl Respublika Sarayı, 2004-cü il martın 10-dan isə Heydər Əliyev Sarayı adlanır. Bu mədəniyyət ocağı Türkiyə, keçmiş Yuqoslaviya və Çexoslovakiya, İngiltərə, Amerika kimi ölkələrin incəsənət xadimlərinin çıxışlarının yer aldığı, həmçinin vacib hadisələrin qeyd olunduğu məkana çevrilib. Nizami, Məhəmməd Füzuli, Nəsimi, Mirzə Fətəli Axundov, Hüseyn Cavid kimi dahilərin yubileyləri, "Kitabi-Dədə Qorqud"un 1300 illiyi, həmçinin Dünya Azərbaycanlılarının I və II qurultayları kimi mühüm tarixi gecələrə Saray evsahibliyi edib.

Nəhayət, bu möhtəşəm Saray özünün ikinci həyatına ölkə başçımız İlham Əliyevin diqqət və qayğısı ilə qədəm qoyub. Məlumdur ki, Ulu Öndər ikinci hakimiyyəti dövründə bu Sarayda xalq qarşısında and içərək, Prezident kimi ilk nitqini söyləyib. Onun layiqli davamçısı, Prezident İlham Əliyev də ölkə başçısı seçilərkən xalqa məhz bu məkandan səslənib. Ulu öndərin saysız-hesabsız yadigarlarından biri olan bu Saray 2007-ci ildə 35 il ərzində ilk dəfə idi ki, əsaslı şəkildə yenidən quruldu. Məhz ölkə başçımızın şəxsi göstərişləri və daimi nəzarəti ilə dünyadakı ən son texnologiyalardan bütün istiqamətlərdə istifadə olundu. İngiltərə, İtaliya, Almaniya, Çin və Amerikadan tikinti materialları, texniki avadanlıqlar gətirildi.

1 il 7 ay davam edən yenidənqurma işlərindən sonra 16 oktyabr 2008-ci ildə Heydər Əliyev Sarayı müasir, dünya standartlarına cavab verən, tam təzə görkəmdə təhvil verildi. Heydər Əliyev Sarayının ikinci dövr fəaliyyəti də elə bundan sonra başladı. İkinci dəfə böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyevin 24 oktyabr 2008-ci ildə andiçmə mərasimi bu sarayda keçirildi.

Ümummilli lider Heydər Əliyevin gələcək nəsillərə miras qoyduğu yüzlərlə möhtəşəm abidə və binalardan biri də bu Saraydır. Heydər Əliyev Sarayı qapılarını hər zaman tamaşaçıların üzünə açaraq bir çox maraqlı, yaddaqalan tədbirlərə evsahibliyi edir. Bu Saray paytaxtımızın memarlıq simasında xüsusi yeri olan möhtəşəm məkan, həm də ölkənin baş səhnəsi, əsas konsert salonudur. Böyük konsert və tədbirlərin keçirildiyi, paytaxtın rəmzinə çevrilən Saray özünün gözəlliyi və imkanlarına görə bu gün dünyanın seçilən mədəniyyət məkanlarından biridir.

Röya RÜSTƏMLİ,

"Respublika".