XOCAVƏND XOŞBƏXT GƏLƏCƏK, İŞIQLI ARZULAR
Region

XOCAVƏND XOŞBƏXT GƏLƏCƏK, İŞIQLI ARZULAR

Tarixi mənbələrə görə, Xocavənddə əsrlər boyu azərbaycanlılar yaşayıb, Qarabağın ən gözəl guşəsi, dağların qoynunda yerləşən bu yurd yerimiz həm də qədim abidələrlə, kurqanlarla zəngin olub. Qocaman tarixin daş kitabələri, pozulmaz izləri, məhsuldar torpaqları, dəyərli şəxsiyyətləri Xocavəndin ən böyük sərvəti hesab olunur.

Çox təəssüf ki, XVIII əsrin əvvəllərində bu yerlərə köçürülən, daha doğrusu, çar Rusiyası tərəfindən gətirilən erməni ailələrinnin bir çoxu Xocavənddə məskunlaşdırılıb. Sülh və əmin-amanlığın hökm sürdüyü bu torpaqlarda erməni fitnə-fəsadı baş qaldırıb, daşnak ermənilər Xocavəndin tarixinin, etnoqrafiyasının, adət-ənənəsinin, yer-yurd adlarının dəyişdirilməsinə ciddi cəhdlər ediblər. Bu mədəni soyqırımına qarşı mübarizə aparan xocavəndlilərin müqavimətinə baxmayaraq, erməni millətçiləri havadarlarının köməyi ilə bəzi türk adlarını dəyişiblər. Və Xocavənd torpaqlarında guya ermənilərin sıx yaşadığını nəzərə alan keçmiş sovet hökumətinin qərarı ilə Martuni rayonu adlandırılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra daşnak ermənilərin tarixi haqsızlığının qarşısının alınması üçün bəzi qərarlar qəbul edilib. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılıb.

Bu qədim yurd yerimizin tarixi və coğrafi cizgilərinə nəzər salaq. Əvvəlcə qeyd edək ki, Xocavənd rayonu ilə Bakı şəhəri arasındakı məsafə 334 kilometrdir. Əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malik olan Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl və Xocalı rayonları ilə həmsərhəddir.

Elmi mənbələrdə qeyd olunur ki, Xocavənd toponimi iki hissədən - "Xoca" sözündən və "vənd" komponentindən ibarətdir. "Xoca" sözü türk dilində "müəllim, öyrətmən" anlamındadır, "vənd" komponenti isə fars dilində" uşağı, nəsli, törəməsi" mənasını daşıyır. Erməni işğalına qədər Xocavənd kənd təsərrüfatı rayonu olub, üzümçülük, taxılçılıq və heyvandarlıq rayonun iqtisadiyyatında mühüm yer tutub. Bundan başqa, rayon ərazisindən axan dağ çayları bağçılığın və bostançılığın inkişafına da müsbət təsir göstərib, təbiəti isə ecazkar və füsunkar gözəlliyə malikdir. 

1988-ci ilin fevralında erməni millətçilərinin başladığı münaqişədə və Birinci Qarabağ müharibəsində Xocavənd rayonu 153 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) verib. 1992-ci il oktyabr ayının 2-də Xocavənd rayonu erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Əsrlər boyu soydaşlarımızın sıx yaşadıqları Tuğ, Salakətin, Xocavənd, Axullu, Qaradağlı, Muğanlı, Əmirallar, Kuropatkin, Günəşli, Xətai kəndləri erməni işğalına məruz qalıb. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət ocağı, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 kilometr avtomobil yolu, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də ciddi zərər dəyib. 

Xocavəndin işğaldan azad edilməsi üçün bir neçə dəfə cəhd göstərilib. 1997-ci il aprelin 7-də cəbhənin Xocavənd rayonu istiqamətində düşmən arxasına keçən 8 nəfərdən ibarət xüsusi təyinatlı kəşfiyyat qrupu döyüş tapşırığını uğurla yerinə yetirib. Lakin xüsusi təyinatlı kəşfiyyatçı qrup döyüş tapşırığını yerinə yetirdiyi üçüncü gün onları aşkar edən düşmən mühasirə yaradır, kəşfiyyat qrupu ilə ermənilər arasında şiddətli döyüş gedir, işğalçılara əlavə qüvvələr köməyə gəlir. Mühasirənin daraldığını hiss edən kəşfiyyat qrupu düşmən əlinə keçməmək üçün özlərini qumbara ilə məhv edir. Onlardan bir nəfər isə yaralı halda ermənilərin əlinə keçir. Qəhrəman oğullarımızın nəşi altı aydan sonra, oktyabrın 14-də Prezident Heydər Əliyevin səyi nəticəsində geri alınaraq Bakıda İkinci Şəhidlər Xiyabanında dəfn edilib. Ağır yaralanaraq əsir düşən qrupun digər üzvü Aqil Əhmədov isə 23 aylıq əsirlikdən sonra Ulu Öndər Heydər Əliyevin diplomatiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Vətənə qaytarılıb. Vətən torpağı uğrunda öz canlarından keçən və şəhidlik zirvəsinə ucalan leytenant Elxan Ağayev, leytenant Vüqar Yarəhmədov, çavuşlar Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov və Fariz Cavadov ölümündən sonra, sağ qalan Aqil Əhmədov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

İkinci Qarabağ müharibəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və 37 kənd qəhrəman Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində 2020-ci il 9 oktyabr tarixində düşməndən azad edilib. Uzun illər xocavəndlilərin qəlbində gəzdirdiyi nisgil, kədər, həsrət indi sevincə dönüb, hər kəsin fərəhdən ürəyi köksünə sığmır. Doğma yurd, Xocavəndin bir parçası, laləzar Hadrut düşmən caynağından xilas edilib. İyirmi səkkiz il yurd həsrəti ilə yaşayan xocavəndlilərin ən böyük arzusu doğma yurdlarına qayıtmaq idi. Həmin günü səbirsizliklə, ümidlə gözləyiblər. Əzəli və əbədi yurd yerimiz olan Hadrutun işğaldan azad edilməsi həm də tarixi ədaləti bərpa etdi. Hərbi ekspertlərin qənaətinə görə, Hadrut döyüşləri son iki yüz illik tariximizin ən şərəfli, ən əhəmiyyətli və ən qüdrətli səhifəsidir. Uğurla başa çatdırılan Hadrut əməliyyatının xronologiyasına nəzər salanda bir daha aydın olur ki, təbiətin yaratdığı və uzun illər ərzində ermənilərin möhkəmləndirdiyi bu təbii qalanın azad edilməsi üçün çox gərgin döyüşlər gedib.

2020-ci il oktyabr ayının əvvəlində ikinci ordu korpusunun bölmələri Hadrut və Füzuli istiqamətində hərəkətə başladı. Qeyd edək ki, ermənilər Hadrutda çox güclü istehkamlar qurmuş, bura çoxlu hərbi texnika və canlı qüvvə yerləşdirmişdi. Azərbaycan xalqının qüruru, iftixarı olan xüsusi təyinatlı qüvvələr Hadrut ətrafındakı yüksəklikləri nəzarətə götürmək üçün gecə-gündüz döyüşür, demək olar ki, qarış-qarış irəliləyirdilər və bu döyüşlərdə ermənilər isə çox ciddi itkilər verirdilər. Hadrut işğaldan azad ediləndə erməni siyasi dairələri etiraf etdilər ki, Qarabağın açarı əlimizdən birdəfəlik alındı. İndi Hadrutda "Dəmir yumruq" abidəsi ucaldılıb və burada üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır. Qeyd edək ki, Hadrut toponimi iki çayın arası deməkdir, çünki Quzeyçay və Güneyçay Hadrutun ərazisində birləşir. Tarixi mənbələrə görə, 1727-ci ildə Osmanlı qaynaqlarında Hadrut Dizaq nahiyəsinin kəndi kimi qeyd olunub.

Xocavəndlilər deyirlər ki, işğaldan azad edilən ərazilərin yenidən qurulmasına, ermənilərin xarabalığa çevirdiyi yurd yerlərimizin dirçəldilməsinə dövlətimizin başçısı İlham Əliyev var qüvvəsini sərf edir. Xalqın gözü tərəzidir, aparılan genişmiqyaslı işlərin sürəti bizi qəlbən sevindirir. Düşmənlərin dağıtdığı şəhərlərimizin Baş Planlarının sürətlə hazırlanması və orada tikinti işlərinə başlanılması hər birimizə yeni ruh verir, inamımızı artırır. İşğaldan azad edilən rayonlarda "yaşıl enerji" zonasının yaradılması ilə bağlı aparılan işlər, pilot layihə kimi həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd"lərin qurulması sözün əsl mənasında tarixi nailiyyətdir. Tuğ kəndinə səfəri zamanı səsləndirdiyi fikirlər bir daha onu sübut etdi ki, Prezidentimiz işğaldan azad olunmuş hər qarış torpağımıza necə diqqət və qayğı ilə yanaşır, hər bir rayona, hər bir kəndə xüsusi əhəmiyyət verir. Hadrutda məscidin təməlinin qoyulması da tarixi hadisədir. Ordumuzun qeyrətli, vətənpərvər, qəhrəman oğulları, cəsur, cəngavər əsgərləri, zabitləri, istehkamçıları, hava hücumundan müdafiə qüvvələrinin bölmələri Prezident, Qalib Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə illərdir həsrət qaldığımız bölgələrimizi, kəndlərimizi, qəsəbələrimizi, qədim yurd yerlərimizi, dağlarımızı, meşələrimizi, çöllərimizi öz canları, qanları bahasına azad etdilər. Həmin yurd yerlərindən biri də Xocavənddir.

Əməkdar müəllim Gültəkin Ağayeva deyir ki, 44 günlük savaşın sonu möhtəşəm Zəfər oldu, bu qələbə dərdimizə dərman oldu, bizi yandırıb yaxan həsrətimizə qılınc çəkdi, acımıza bal qatdı. Başımızı ucaltdı, Qalib ölkənin vətəndaşı olmaq, ilahi, nə qədər qürurludur. Zəfəri bizə yaşadan Qalib Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə sağlamlıq arzulayıram. "Mən hər bir azərbaycanlının Prezidentiyəm" söyləyən İlham Əliyev dövlətçilik tariximizin ən şərəfli səhifəsini yazdı. Prezidentimiz İlham Əliyev 2021-ci il 9 oktyabr tarixində işğaldan azad olunmuş Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etmiş, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, işğaldan azad edilən əraziləri gəzib, qədim Azıx mağarasına baş çəkib.

Ermənilər Hadrutda çox səfil vəziyyətdə yaşayıblar, qədim Tuğ kəndini də dağıdıblar, yaşı min illərlə ölçülən Azıx mağarasını erməniləşdirməyə çalışsalar da buna nail ola bilməyiblər. Ana təbiətin möcüzəsi sayılan Hadrutda və digər yaşayış məntəqələrində bərpa və yenidənqurma işlərinə başlanılıb. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkilir, "Hadrut" yarımstansiyası istifadəyə verilib, məscid tikilir və ən əsası isə Hadrutun tarixi hissəsi yenidən qurulur. Xocavəndin və ümumiyyətlə, Qarabağın yeni dövrü başlayıb. Dost sevinir, düşmən isə xar olur. Doğma torpaqlara qayıtmağa hazırlaşan xocavəndlilər bildirirlər ki, dünyada bundan böyük sevinc ola bilməz.

44 gün davam edən Vətən müharibəsi və cəmi bir gündə keçirilən antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını, döyüş qabiliyyətini, qəhrəmanlığını, torpaq və bayraq məhəbbətini bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan yurd yerlərimiz azad edildi, bu savaşda əsgərlərimiz, zabitlərimiz, generallarımız doğma Vətənimiz Azərbaycanın başını ucaltdılar, Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin əmr və göstərişlərini ləyaqətlə yerinə yetirərək düşmən ordusunu darmadağın etdilər, işğalçıların tör-töküntülərini torpaqlarımızdan qovdular. Qeyd edək ki, 23 saat davam edən antiterror tədbirlərində Xocavəndin qanunsuz erməni silahlı qüvvələrinin nəzarətində olan yaşayış məntəqələri tamamilə işğalçılardan təmizlənib. Xocavənd torpaqlarına sülh və əmin-amanlıq qayıdır, bu qədim yurd yerlərimizdə modern quruculuq işləri sürətlə davam etdirilir. Xocavənddə xoşbəxt gələcəyin işıqlı üfüqləri daha aydın görünür.

Salman ALIOĞLU,

"Respublika".