İgid oğullar unudulmur
Region

İgid oğullar unudulmur

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz zəfər yürüşü ilə dünya hərb tarixinə parlaq səhifə yazdı. Xarici havadarlarının göməyi ilə işğal etdiyi ərazilərdə düşmənin tikdiyi hərbi istehkamlar, topladığı döyüş texnikaları və canlı qüvvəsi Azərbaycan ordusu tərəfindən 44 gün ərzində darmadağın edildi.

İmişli Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri şəhid ailələri ilə birlikdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış İmişlinin Bəhrəmtəpə qəsəbəsindən olan şəhid Həsənov Elgün Əli oğlunun ildönümü ilə əlaqədar mərhumun qəbrini ziyarət edib üstünə gül-çiçək düzdülər.

Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğul və qızlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi, bundan sonra da daim əziz tutulacağını bildirdi. İcra başçısı erməni təxribatlarına və təcavüzünə qarşı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı 44 günlük Vətən müharibəsi nəticəsində tarixi torpaqlarımızın azad edilməsindən, şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açdı.

Sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid Həsənov Elgün Əli oğlunun ailə üzvləri yaşadığı evi ziyarət edib, çay süfrəsinə qonaq oldular. Rayon rəhbəri ziyarət zamanı ailənin qayğılarına diqqət yetirib, şəhidin əziz xatirəsini dərin ehtiramla yad etdi. E.Rzayev şəhidimizin valideynlərinə Vətənə Elgün kimi layiqli övlad böyütdüklərinə görə öz minnətdarlığını bildirib, onların xalqımız tərəfindən heç vaxt unudulmayacağını diqqətə çatdırdı.

Həsənov Elgün Əli oğlu, 1999-cu il avqust ayının 16-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Elgün hələ uşaq yaşlarından vətənpərvərliyi ilə fərqlənib. Qeyd olunub ki, Vətən müharibəsində Elgün kimi qəhrəman oğullarımız torpaqlarımızı yağı düşməndən azad etdilər. Elgün də Vətən müharibəsi zamanı ilk günlərdən döyüşə qatılanlar sırasında idi. O, bir çox uğurlu tapşırıqların icrasında şücaəti ilə seçilib. Şəhidlərimiz haqq döyüşündə ölümün gözünə dik baxaraq, gələcək nəsillər üçün qəhrəmanlıq dastanı yazdılar. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Elgün Əli oğlu Həsənov oktyabrın 24-də Qırmızıbazar ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimizin ailə üzvləri onlara daim diqqət və qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həsənov Elgün Əli oğlu ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Ərəstun ABDULOV,

"Respublika".