Xalqımıza qarşı hərbi cinayətlər, terror törətmiş şəxsləri Azərbaycan özü mühakimə edir
Gündəm

Xalqımıza qarşı hərbi cinayətlər, terror törətmiş şəxsləri Azərbaycan özü mühakimə edir

Qüdrətli Azərbaycan dövləti 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş, regionda sülh və sabitliyin qarantına çevrilmişdir. Artıq növbəti hədəflər illər boyu bərpa edilməyən ədalətin tərəzisini tarazlayacaq, regionda vahid inkişaf dinamikasını şərtləndirəcəkdir.

Cənubi Qafqaz xalqı, xüsusilə soydaşlarımız tarix boyu çox ağrı-acılar çəkmiş, haqsızlığa uğramışlar. Müxtəlif zamanlarda həmvətənlərimiz öz yurd yerlərindən didərgin salınmış, ağlasığmaz cinayət əməllərinin qurbanına çevrilmişlər. 200 illik erməni vandalizmindən, urbisidindən, genosidindən əziyyət çəkən xalqımız artıq rahat nəfəs alır, öz doğma yurduna qayıdır, pozulmuş ədalətin bərpasının şahidi olur. Vaxtilə ərazi bütövlüyümüzü və suverenliyimizi pozaraq tarixi torpaqlarımızda qanunsuz silahlı dəstələr saxlamış, ona başçılıq etmiş, terror və başqa cinayət əməlləri ilə məşğul olmuş şəxslərin tutulub cinayət məsuliyyətinə cəlb olunması məhz bu məqsədə xidmət edir. Müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanda siyasi hərc-mərclik dönəmindən istifadə edərək ərazilərimizi işğal edən, 1 milyona yaxın soydaşımızı öz evindən, yurdundan didərgin salan xain düşmən layiqli cavabını aldı.

Birinci Qarabağ müharibəsindən sonra ümid edirdik ki, beynəlxalq ədalət Azərbaycana qarşı törədilən cinayət əməllərinə görə Ermənistanı mühakimə edəcək və torpaqlarımız işğaldan azad olunacaq. Əfsuslar olsun ki, qərəzli qurumların, başda BMT-nin təsisatları bu məsələni dondurmağa çalışdılar və istədilər ki, Azərbaycana qarşı törədilmiş bəşəri cinayət əməlləri cavabsız qalsın. 44 günlük Vətən müharibəsi dövründə də beynəlxalq ictimaiyyətin riyakar yanaşmasının şahidi olduq. Prezident İlham Əliyev BBC-yə verdiyi müsahibədə bu barədə bildirmişdir: "...Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla "Smerç"dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər...".

Gəncə, Bərdə və digər ərazilərimizdə dinc əhalimizə qarşı törədilən cinayət əməllərinin qisası həm diplomatik, həm də hərbi müstəvidə alınır. Bununla da, Azərbaycan sübut edir ki, beynəlxalq ədalət prosesləri dondurmaqla deyil, real və praqmatik addımlar atmaqla bərpa edilir. Bu xain hücumların səbəbkarları bu gün Azərbaycan dövlətindən əfv diləyirlər. Belə ki, erməni separatçılarının "liderlər dəstəsi"nin həbs olunaraq Bakıya gətirilməsi tarixi hadisədir. Onların alacaqları layiqli cəzalar da tarixi hadisə olacaq. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, Xankəndidəki xunta rejimi tutduqları "vəzifələri" buraxmalı, saxta dövlət atributları zibil yeşiyinə atılmalıdır. Ancaq bundan sonra onlar haqqında amnistiya barədə düşünmək olar. Lakin onlar nə etdilər? "Prezident" seçkiləri keçirdilər, dünya mediasında özlərini müstəqil adlandırmağa davam etdilər. Bu ünsürlər Azərbaycan ərazisində qanunsuz silahlı dəstələrin fəaliyyət dairəsini genişləndirib, gücləndirərək yeni-yeni pozuculuq fəaliyyəti ilə məşğul oldular. Rəsmi Bakının reinteqrasiya təklifinə məhəl qoymayaraq terror və təxribat törətdilər. Düşündülər ki, bu xülya sonsuza qədər davam edəcək. Bu məqamda Fyodor Dostoyevskinin  Cinayət və Cəza romanından bir sitat yerinə düşər: "Hər şeyin həddi var, bu həddi aşmaq təhlükəlidir; aşdınmı - geri qayıtmaq mümkün deyil".

Xuntaçıların keçmiş "nazirlərindən" olan, milyarder, xaricdəki ermənipərəst lobbiçilərin sponsoru Ruben Vardanyan. Bu şəxs artıq Azərbaycan qanunvericiliyi çərçivəsində öz layiqli cavabını alacaq. O, xaricdəki anti-Azərbaycan qüvvələrinin bizə qarşı ideoloji silahlanmasının hansı maddi maraqlar əsasında reallaşdığını etiraf edib. Digər tərəfdən,  keçmiş separatçı dəstənin əvvəlki "prezidentləri" Arkadi Qukasyan, Bako Saakyan və Arayik Harutyunyanın həbs edilərək Bakıya gətirilməsi "ilanın başını əzmək" anlamına gəlir. Aralarında bir cinayətkar var ki, hansı ki: "Gəncə şəhərinin bombalanması əmrini mən vermişəm", - deyə açıqlama vermişdi. Bəli, Arayik Harutyunyan. Bu cinayətkar artıq tutularaq Bakıya gətirilib. Qeyd edək ki, Arayik Harutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cinayətə cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir. Bu il oktyabrın 3-də isə Arayik Harutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılıb, ona cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib. Hazırda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Azərbaycan dövləti daim ədaləti bərqərar etmə prinsipi həyata keçirir. Əldə edilən uğurlar,  dövlətimizin düşünülmüş siyasi-diplomatik gedişinin bəhrəsidir.

Azərbaycan İsraildən sonra ikinci dövlətdir ki, xalqına qarşı hərbi cinayətlər və terror törətmiş şəxsləri tapır və həbs edir. Bu Azərbaycanın legitim hüququdur. Məlumdur ki, 30 ildə torpaqlarımızın işğalına, ərazilərimizin beynəlxalq terrorçuların və beynəlxalq narkomafiyanın, silah qaçaqmalçılığının sığınacağına çevrilməsinə göz yuman beynəlxalq birlik hərbi cinayətkarların cəzalandırılması üçün hansısa addım atmırdı və atmayacaqdı.

Gəncə və Bərdəyə edilən xain terror hücumundan 3 il ötüb. Məhz cinayətkarların məsuliyyətə cəlb edilməsinin bu ərəfəyə təsadüf etməsi ilahi ədalətin bərqərar olduğunu bir daha sübut edir. Xatırladaq ki, 2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşmüşdü. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində 1 mülki şəxs şəhid olmuş və 32 mülki şəxs isə yaralanmışdı. Bununla yanaşı, oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olmuş, 6 nəfər yaralanmış, mülki infrastruktura külli miqdarda ziyan dəymişdi. Ümumilikdə isə Bərdə rayonunda törədilən terrorlar nəticəsində 28 nəfər həlak olmuş, 108 nəfər yaralanmışdı.

Ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdiyimiz kimi, terrorçuları da cinayət məsuliyyətinə cəlb edərək cəzalandırırıq. Bu, bizim legitim haqqımızdır. "Lider"lərin həbsi əlində xalqımızın qanı olan digər cinayətkarlara da mesajdır. 44 günlük Vətən müharibəsi ərəfəsində İrəvana qaçıb gizlənənlər üçün artıq çıxış yolu qalmayıb. Onlar Azərbaycan qanunvericiliyinə tabe olmalı və cəzalarını çəkməlidirlər.  Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanda kifayət qədər hüquqi-normativ baza mövcuddur və bu proses tam şəffaf şəkildə həyata keçirilir.

Nurlan ABDALOV,

"Respublika".