Xalqımız zəngin mədəni irsi ilə tanınır
Mədəniyyət

Xalqımız zəngin mədəni irsi ilə tanınır

Bu gün Azərbaycan özünün inkişaf dövrünü yaşayır. Ölkəmizin bütün sahələr üzrə dünyada yüksək mövqeyə gəlib çıxması isə heç də təsadüfi deyil. Görülən nəhəng işlərin arxasında düzgün və düşünülmüş dövlət siyasəti dayanır. Azərbaycanın dünyada məqsədyönlü, planlı bir şəkildə tanıdılması və mövqelərinin daha da gücləndirilməsi yönündə həm xarici, həm də daxili siyasətin böyük rolu var. Mədəniyyət sahəsinin inkişafı, onun tanıdılması istiqamətində də dövlətimiz nəhəng layihələr həyata keçirir. Bu mənada, yola saldığımız 2022-ci il də uğurlu olmuşdur.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında", "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün strategiya"nın təsdiq edilməsi haqqında", "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" və s. sərəncamlarının icrası istiqamətində müvafiq işlər görülüb.

Ötən il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən müvafiq siyahı tərtib olunub və ehtimal dəyərinin müəyyənləşdirilməsi işlərinə başlanılıb.

Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması üçün mütəmadi olaraq mühafizə tədbirləri görülüb. İnfrastruktur layihələrinin icrası çərçivəsində bir çox daşınmaz tarix və mədəniyyət abidəsinə müdaxilə hallarının qarşısı alınıb.

Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi də əsas istiqamətlərdən biri olub. Bu məqsədlə, ölkə ərazisində olan tarix-mədəniyyət qoruqlarının, tarix və mədəniyyət abidələrinin istiqamətini göstərən yol nişanlarının və mühafizə lövhələrinin quraşdırılması üçün monitorinqlər aparılıb, qoruqlarda ziyarətçi məmnunluğunun və xidmət səviyyəsinin artırılması məqsədilə ilkin olaraq "İlisu" və "Avey" tarix-mədəniyyət qoruqlarının strateji planlarının tərtib edilməsinə dair təkliflər hazırlanıb.

Yola saldığımız ildə ölkədə mədəni və yaradıcı sənayelərin dayanıqlı və innovativ inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Bir sıra sahəvi qeyri-hökumət təşkilatlarının formalaşdırılmasına və fəaliyyətlərinə dəstək göstərilmiş, sənaye nümayəndələri ilə mədəni və yaradıcı proseslər mütəmadi olaraq müzakirə olunmuş, sahəvi maarifləndirmə və təşkilatlanma təşviq edilmiş, birgə layihələr həyata keçirilmişdir.

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, peşəkar kino işçilərinin təcrübələrini daha da artırmaq məqsədilə layihə müsabiqələri keçirilmiş, müsabiqədə müəyyən edilmiş layihələrin reallaşdırılması üçün dəstək göstərilmişdir.

Təbii ki, mədəni zənginliklərimizin beynəlxalq aləmdə təbliği də diqqət mərkəzində saxlanılıb. Ötən il 29 mart-1 aprel tarixlərində Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının fövqəladə iclasında Şuşa şəhəri 2023-cü il üçün "Türk Dünyasının Mədəniyyət paytaxtı" elan edilmişdir. May ayında BMT-nin baş qərargahında 20-dən çox ölkənin bu qurum yanında daimi nümayəndələrinin iştirakı ilə Azərbaycan tərəfindən irəli sürülmüş "Mədəniyyət naminə sülh" qlobal çağırışının 2022-2027-ci illər üçün Fəaliyyət Planının təqdimat mərasimi keçirilmişdir.

Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturla yanaşı, mədəni quruculuq işləri də həyata keçirilir, 30 ildən sonra əzəli torpaqlarımıza mədəniyyətin qaytarılması məqsədilə çoxsaylı layihələr reallaşdırılır. Ötən il 12-14 may tarixlərində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğunun təşkilatçılığı ilə qala şəhərimizdə V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçirilmiş, mayın 12-də məşhur Cıdır düzündə Azərbaycanın və xarici ölkələrin müxtəlif folklor kollektivlərinin çıxışlarından ibarət konsert təşkil edilmişdir. "Şuşa İli"nə töhfə olaraq qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə "Şuşa mədəniyyətinin inciləri" adlı layihəyə start verilmiş və bir sıra tədbirlər keçirilmişdir.

Ötən il mayın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəngilan, iyunun 26-da Kəlbəcər rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimləri təşkil olunmuş, bu yeni kompleksin ilkin konsepsiyası ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir.

Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" kompleksinin bərpası işlərinə başlanılmışdır.

Mədəniyyətlərarası dialoqun beynəlxalq miqyasda təşviqi istiqamətində ölkəmiz tərəfindən görülən davamlı işlər nəticəsində növbəti uğura imza atılıb. Parisdə keçirilmiş UNESCO İcraiyyə Şurasının 215-ci sessiyası çərçivəsində 2022-ci il oktyabrın 19-da Azərbaycanın təqdim etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf naminə Mədəniyyətlərarası Dialoqun və Sosial İnklüzivliyin Təşviqi" adlı qətnamə yekdilliklə qəbul edilib.

Oktyabrın 21-22-si tarixlərində Koreya Respublikasının Kvanju şəhərində Asiya Hekayəçilik Komitəsinin 14-cü iclası keçirilib və iclas zamanı Azərbaycan komitənin daimi üzvü seçilib. Həmçinin Azərbaycanın tanınmış şair və dramaturqu Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar ABŞ-ın paytaxtı Vaşinqton şəhərində şairin barelyefinin açılışı olub. Mərasimdə Vaşinqton şəhəri Kolumbiya Əyalətinin meri xanım Mariel Bauserin bəyanatı oxunub. Bəyanatda Hüseyn Cavidin Azərbaycan ədəbiyyatındakı rolu ilə yanaşı, onun ayrı-seçkiliyə qarşı aparmış olduğu mübarizə qeyd edilib. Həmçinin vurğulanıb ki, şairin azad və ədalətli dünya idealları və onun ədalətsizlik və ayrı-seçkiliyə qarşı aparmış olduğu mübarizə çağdaş dünyamızda aktual olaraq qalmaqdadır.

Mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi, abidələrinin ucaldılması, xatirə lövhələrinin açılması və s. tədbirlər də dövlətimizin bu sahəyə diqqət və qayğısının təzahürüdür. Bu istiqamətdə də işlər davamlı olub.

2022-ci il oktyabrın 25-də unudulmaz müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə "Əziz Müslüm" adlı xatirə gecəsi keçirilib, sənətkarın Bakı bulvarında heykəli ucaldılıb.

Dahi bəstəkar Fikrət Əmirovun, Xalq artisti Sara Qədimovanın 100 illik, maestro Rauf Abdullayevin 85 illik yubileyləri qeyd olunub.

Bu yaxınlarda isə Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsi açılıb. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev bəstəkarın yaradıcılığından, ulu öndər Heydər Əliyevlə sıx dostluq əlaqələrindən danışıb.

Azərbaycan teatrının inkişafı ilə də bağlı sərəmcamlar imzalanıb ki, bu da milli teatrımızın müasir tələblər səviyyəsində formalaşdırılmasında mühüm rol oynayır.

Əlbəttə, mədəniyyətdən, onun dünyada tanıdılmasından danışırıqsa, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın xidmətləri də xüsusi qeyd olunmalıdır. Fondun bu sahədə işi ölçüyəgəlməzdir. Bu isə təbiidir, çünki mədəniyyət xalqı təmsil edir.

Zümrüd QURBANQIZI,

"Respublika".