XALQ ÖZ PREZİDENTİNƏ NÖVBƏTİ DƏFƏ ETİMAD GÖSTƏRDİ
Siyasət

XALQ ÖZ PREZİDENTİNƏ NÖVBƏTİ DƏFƏ ETİMAD GÖSTƏRDİ

Son 31 ildə Azərbaycanda çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirilən, əməli fəaliyyətə söykənən, hər bir vətəndaşın maraqlarına xidmət edən siyasətin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin mütəşəkkil keçməsi də məhz bu reallıqlarla şərtlənmişdir. Ötən illərdə ölkəmizin qazandığı böyük uğurları gündəlik həyatında hiss edən hər bir azərbaycanlının növbəti prezident seçkiləri ilə bağlı seçimi də dəyişməz olaraq qalmış, xalqımızın mütləq əksəriyyəti məhz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə etimad göstərmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə qazanılan inanılmaz uğurlar xalqın alternativsiz və prinsipial seçimini təmin etmişdir. 2003-cü ilin oktyabrından ötən müddətdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrin səmərəli nəticələr verməsi, vətəndaşların mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, çevik idarəçilik məharətinə malik lider olduğunu bir daha nümayiş etdirmişdir. Ölkəyə inamla rəhbərlik edən Azərbaycan Prezidentinin müasir hüquqi və demokratik dövlətin, sivil vətəndaş cəmiyyətinin formalaşdırılması, uzun illər ərzində üzləşdiyimiz işğal faktının aradan qaldırılması baxımından müəyyənləşdirdiyi hədəf güclü iqtisadiyyata, qüdrətli dövlətin yaradılmasına istiqamətlənib. Eyni zamanda 20 illik prezidentlik fəaliyyətinin ən mühüm göstəricisi, çağdaş tariximizə qızıl hərflərlə yazılmış böyük uğuru isə suverenliyimizin tam bərpası, Qarabağda separatçı rejimin mövcudluğuna son qoyulmasıdır. Azərbaycan bu tarixi uğuru ilə nəinki ədaləti, eyni zamanda beynəlxalq hüququ, BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin edib, Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıq formalaşdırıb. Məhz ölkə rəhbərinin siyasi iradəsi, qətiyyətli addımları ictimai-siyasi sabitliyin qorunub saxlanılmasını, dövlət idarəçiliyinin səmərəli təşkilini, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyənləşdirilməsini, davamlı xarakter daşıyan islahatların hər bir fərdin real ehtiyaclarının ödənilməsini və son nəticədə Azərbaycanın qüdrətli ölkəyə çevrilməsini təmin edib.

Ulu öndərin dövlətçilik ideyalarını fəaliyyətində daim rəhbər tutan möhtərəm Prezident İlham Əliyev qısa zamanda Azərbaycanın möhtəşəm nailiyyətlərə imza atmasını, dünyada sayılıb-seçilən, habelə öz sözü, müstəqil mövqeyi olan modern dövlətə çevrilməsini təmin edərək qarşıdakı strateji hədəflərə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyinin ən parlaq nəticəsi həm də ondan ibarətdir ki, Azərbaycan bu gün, sözün əsl mənasında müstəqil siyasət yürüdür, dövlətimizin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu formalaşıb. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, səmərəli diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti milli müstəqilliyin praktik şəkildə gerçəkləşməsini təmin edib. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi islahatların həyata keçirilməsi üçün münbit şəraitin yaradılması, milli iqtisadiyyatın bazar münasibətləri əsasında inkişafına konstitusion təminatın verilməsi, yeni neft və qaz müqavilələrinin imzalanması, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması, ölkəmizin beynəlxalq əhəmiyyətli nəqliyyat-kommunikasiya layihələrinin reallaşmasında lokomotiv dövlət kimi çıxış etməsi məhz Prezident İlham Əliyevin strateji fəaliyyəti nəticəsində mümkün olub.

Xüsusi vurğulamaq lazımdır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması doğma torpaqlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərin də konstitusion hüquqlarının bərpasına imkan yaradıb. Bununla yanaşı, Prezident İlham Əliyevin "Qərbi Azərbaycana Qayıdış" Konsepsiyası 1980-ci illərin sonlarında Ermənistandan deportasiya edilmiş 250 min azərbaycanlının tarixi yurdlarına qayıdışı məsələsini Ermənistan qarşısında ciddi tələblərdən biri kimi müəyyənləşdirib. Bəli, 35 ildən sonra bütün əraziləri üzərində suverenliyini bərpa edən, Xankəndi və digər şəhərlərində üçrəngli dövlət bayrağını qaldıran Azərbaycan xalqı yeni tarixi seçimini etdi. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin ilk dəfə olaraq suveren, ərazi bütövlüyünü təmin etmiş Azərbaycan Respublikasının bütün ərazilərində keçirilməsi xalqımız üçün böyük qürur və fəxarət doğuran hadisə kimi dəyərləndirilir.

Bəli, hər bir xalq məhz seçkilər vasitəsilə rəğbət və etimad göstərdiyi siyasi liderin fəaliyyətinə qiymətləndirdi və seçimini etdi. Böyük fəxarətlə deyə bilərik ki, 2003-cü ildə ulu öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyərək xalqa layiqli siyasi davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyev ötən 20 ildə cəmiyyət qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməyə nail olub, işğal faktına son qoymaqla adını Azərbaycanın çağdaş tarixinə müzəffər sərkərdə kimi həkk edib. 7 fevral növbədənkənar prezident seçkilərinin ən parlaq nəticəsi də bundan ibarətdir ki, yürüdülən siyasətin uğurlarını gündəlik həyatında hiss edən hər bir Azərbaycan vətəndaşı sabahına və gələcəyinə daha böyük inamla, ruh yüksəkliyi ilə baxır. Bu isə Heydər Əliyev kursunun möhtəşəm təntənəsi, böyük zəfəridir...

Tam əminliklə demək olar ki, Azərbaycan daha qüdrətli, yüksək inkişaf etmiş dövlət olaraq geniş üfüqlərə yol açacaqdır.

Zabit XƏLİLOV,

"Respublika".