Xaçaturyan Azərbaycan qanunları qarşısında cavab verəcək
Siyasət

Xaçaturyan Azərbaycan qanunları qarşısında cavab verəcək

Meşəli 80 evdən və 380 nəfər əhalidən ibarət çox mənzərəli, geniş ərazisi olan dağətəyi bir kənd idi. 22 dekabr 1991-ci il tarixində Xocalı rayonunun Meşəli kəndinə qanunsuz erməni silahlı birləşmələrinin üzvləri hücum etdilər. Atışmalar nəticəsində 28 nəfər həlak olub, 14 nəfər yaralanıb. Həlak olanlar arasında 8 qadın və 3 uşaq da var. Evlər və inzibati binalar qarət olunub, dağıdılıb və yandırılıb. Kəndə 5.5 milyon manat civarında ziyan dəyib. 1991-ci ildə baş vermis Meşəli cinayəti ilə bağlı doqquz nəfər təqsirləndirilən şəxs qismində axtarışa verilib, onlardan biri – Vaqif Xaçatryan saxlanılıb.

Bu barədə deputat Musa Quliyev “Respublika”ya açıqlamasında bildirib ki, Qarabağda ermənilərin separatizmi başlayandan, torpaqlarımız işğal olunandan 30 il ərzində onlar olduqca böyük cinayətlər törədiblər: “Bunlar insanlığa, ekologiyaya, bəşəriyyətə qarşı cinayətdir. Onların içərisində bu cinayətə başçılıq edən terrorçular olub və insanlığa qarşı vəhşilik cinayətlərini təşkil edən şəxslər olub ki, onların da demək olar ki, əksəriyyətinin adı məlumdur. Azərbaycanın hüquq-mühafizə orqanlarında onların cinayətləri barədə kifayət qədər məlumat var. Bu şəxslər Respublika Prokurorluğu, Hərbi Prokurorluq tərəfindən cinayət işi qaldırılıb və onlar beynəlxalq axtarışa verilib. Bu yaxınlarda Laçın postunu keçmək istəyərkən saxlanılan və həbs olunan Vaqif Xaçaturyan da onların sırasındadır. O, beynəlxalq axtarışda olan cinayətkardır və onun istintaqı bu gün də davam edir”.

Deputat həmçinin qeyd edib ki, bu istintaqın gedişində digər cinayətkarların da, adları və yerləri məlum olacaqdır:

“Heç şübhəsiz ki, heç bir cinayət cəzasız qalmamalıdır və qalmır. Xaçaturyan kimi vandalizm aktı törədənlər hamısı bir-bir aşkar olunacaq Azərbaycan Respublikasının qanununa uyğun cavab verəcəklər. Əlbəttə, indi Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyası, vətəndaşlığını qəbul etməsi məsələləri gündəmdədir. Amma söhbət Azərbaycan xalqına qarşı cinayət törətməyən bu qətliamda əli olmayan sivil mülki erməni əhalisinin inteqrasiyasından gedə bilər. Amma o cinayətkarların heç zaman Azərbaycan cəmiyyətinə inteqrasiyası ola bilməz. Cinayət törədənlər hamısı Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Artıq prosesin sonuna gəlib çatmışıq. Cənab Prezidentin söylədiyi kimi, biz intiqamımızı hərb meydanında almışıq, amma o cinayət törədənlər də fərdi qaydada cavab verəcək”.

Röya RÜSTƏMLİ,

“Respublika”.