Vətənə, torpağa tükənməz sevgi nümunəsi
Region

Vətənə, torpağa tükənməz sevgi nümunəsi

Məhəmməd Masallı rayonunun Böyük Xocavar kəndində dünyaya göz açmışdı. Zəhmətkeş bir ailədə böyüyüb ərsəyə çatmışdı. Vətənə və torpağa tükənməz sevgisi, mərdliyi, cəsarəti ilə yaşıdlarından seçilirdi.

2016-cı ildə Böyük Xocavar kənd tam orta məktəbini bitirmişdi. Naxçıvanın Şahbuz rayonunda “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdi. Əsgər yoldaşlarının, komandirlərinin hörmətini qazanmışdı. Nümunəvi xidməti ilə fərqlənirdi. Vətən qarşısında  borcunu şərəflə yerinə yetirib ordu sıralarından tərxis olunmuşdu.

Qarabağın yağı düşmənin əsarətində qalması onu rahat buraxmırdı. Mənfur düşmənə nifrət  hissi ilə yaşayırdı. Vətən müharibəsi başlananda Məhəmməd Əliyev könüllü olaraq cəbhəyə yollandı. Əlində silah böyük ümidlə döyüşlərə atıldı. Ordumuz qəsəbə və kəndləri, rayonları azad etdikcə şanlı qələbəyə inamı daha da güclənirdi. Füzulidən Şuşaya qədər döyüş yolu keçdi. Düşmənə qarşı mərdliklə, hünərlə vuruşdu. Zəfərin bir addımlığında qalib əsgər kimi şəhidlik məqamına yüksəldi. 21 yaşında bu uca zirvədə  adını tarixə yazdı. Keçən il noyabr ayının 11-də doğulduğu Böyük Xocavar kəndində izdihamla torpağa tapşırıldı.   Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Silahlı Qüvvələrin əsgəri Məhəmməd İlham oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda” və digər medallarla təltif edildi.

Şəhidin il mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri iştirak edirdi.

Mərasim iştirakçıları Böyük Xocavar kəndinin mərkəzində şəhidlərin xatirəsi şərəfinə ucaldılmış abidə-bulaq kompleksini ziyarət etdilər. İcra başçısı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən, xalq-ordu-iqtidar birliyindən söhbət açdı. Qeyd etdi ki, Məhəmməd kimi oğullar şərəfimizi, əyilən vüqarımızı, qürurumuzu bizə qaytardı. Şəhidlər əsl vətəndaş, hamıya nümunə, örnək oldular. Təsəllimiz budur ki, Məhəmməd Əliyev təkcə bir ailənin, bir elin deyil, müstəqil Azərbaycanın fəxridir. Qələbə sevincini bizə yaşadan şəhidlərimizin xatirəsi daim ürəklərdə yaşayacaq.

Şəhidin atası İlham Əliyev onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı, Müzəffər Ali Baş Komandana, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.

Mərasimdə şəhid haqqında xatirələr dilə gəldi, onun vətənpərvər, cəsarətli, igid bir gənc olduğu diqqətə çatdırıldı. Məclisdə müqəddəs Qurani-Kərimdən ayələr oxundu, şəhidin ruhuna dualar səsləndi. Sonra kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olundu. Xatirəsi ehtiramla anıldı, məzarı üstünə qərənfillər düzüldü.

Əlisəfa HƏSƏNOV,

                                                                                                      “Respublika”.