Digər xəbərlər

"Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə" sənədli filminin təqdimatı

İstanbulda "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə, İkinci Qarabağ Savaşından bəhs edən "Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə" sənədli filminin təqdimat mərasimi keçirilib.

"Yeni Çağ" Media Qrupu tərəfindən istehsal olunan sənədli film İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyində baş tutub. Təqdimat mərasiminə dərnəyin (İSTAD) sədri Səfər Karakoyunlu, "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər, "Mustafazadə" Qrupunun başqanı, araşdırmaçı yazar Rəşid Mustafazadə, Pakistan-Türkiyə Gənclər Dərnəyinin sədri Anas Avan, Banqladeşli Tələbələr Topluluğunun lideri Məhəmməd Tariq İslam, ictimaiyyət və media nümayəndələri qatılıblar.

"Sənədli filmin Türkiyədəki təqdimatının 24 dekabr tarixinə, yəni Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə təsadüf etməsinin də rəmzi mənası vardır. Cənab Prezidentin dəyanəti və vətənpərvər oğullarımızın şücaəti nəticəsində çoxillik işğala son qoyuldu". Bu sözləri "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək" İctimai Birliyinin sədri, layihə rəhbəri Cavid Əliyev vurğulayıb. O, sənədli filmin ərsəyə gətirilməsində əsas məqsədin Azərbaycanın Vətən müharibəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması olduğunu da bildirib.

Tədbirdə İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin sədri Səfər Karakoyunlu Vətən müharibəsində əldə edilən qələbənin türk dünyasında əks-sədasından danışıb. O, "Savaşda qazandığımız qələbə bütün türk dünyasını qəflət yuxusundan ayıltdı. Artıq bütün türk cümhuriyyətləri türk birliyinin önəmini daha yaxşı dərk edirlər", - deyə vurğulayıb.

"Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxışında əsas diqqəti gənclərə yönəldib. O bildirib ki, Vətən savaşında zəfər qazanılmasında gənclərin müstəsna xidmətləri olub. "İyirmi birinci əsrdə heç bir müharibəyə şahid olmamış, savaş görməmiş, ancaq işğal faktı ilə üzləşmiş gənclər vətənlərini nə qədər sevdiklərini sübut etdilər. Bu gün cəbhə savaşı bitib. Ancaq ideoloji müharibə davam edir. Laçın yolunda vətəndaş cəmiyyəti nümayəndələrinin başlatdığı aksiya da buna bariz nümunədir. Dünən olduğu kimi, bu gün də dünya erməni yalanına inanmaq istəyir, bizim yanımızda isə Türkiyə var", - Aqil Ələsgər qeyd edib.

Dünyada yaşayan azərbaycanlıların Vətən savaşı dönəmində gördükləri işlərdən bəhs edən "Mustafazadə" Qrupunun başqanı, araşdırmaçı yazar Rəşid Mustafazadə də gənclərin fəaliyyətinə diqqət çəkib. O bildirib ki, böyük əzm nümayiş etdirən gənclərimiz yaşadıqları ölkələrdə insanların diqqətini müharibə həqiqətlərinə çəkməyi bacarmışdılar.

Digər çıxış edənlər də sənədli filmin dünyaya verəcəyi mesaj ətrafında müzakirə aparıblar.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.