Vergi sistemində yeniliklərin tətbiqi diqqətdə saxlanılır
İqtisadiyyat

Vergi sistemində yeniliklərin tətbiqi diqqətdə saxlanılır

Fevralın 11-i Vergi İşçilərinin Peşə Bayramı Günüdür

Ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidmətinin və onun işçilərinin xüsusi rolu vardır. Xidmətin yaradılması isə ötən əsrin sonlarına təsadüf edir. Hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyulunda Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılıb. Xidmətin yaradılmasında başlıca məqsəd əsasən, ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar yeni iqtisadi münasibətlər şəraitində prinsipcə yeni vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə çatacaq vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər edilməsi olub.

Sistemin daha da inkişaf etdirilməsi, gücləndirilməsi, müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılaraq müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyətə başlayıb. Ötən illər ərzində fərdi sahibkarların, biznesmenlərin fəaliyyətini dəstəkləmək üçün xüsusi proqramlar hazırlanıb. Ölkədə bazar iqtisadiyyatını inkişaf etdirmək dövlət sektorundan asılı olduğu qədər, xüsusi bizneslə də bağlıdır. Bərabər inkişaf isə burada mühüm rol oynayır. Dövlət tərəfindən göstərilən qayğı nəticəsində yüzlərlə fərdi sahibkar öz işini sıfırdan qurub. Vergi xidmətinin sistemli formada işləməsi və əhalinin rifahı üçün çalışması daim diqqət mərkəzində olub. Nəticədə, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 11 fevral tarixli Fərmanı ilə isə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradılıb. Bundan sonra iqtisadiyyatda başlanan inkişaf meyillərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə paytaxt və ətraf rayonlarda biznesin fəaliyyəti üçün vergi yükü azaldılıb, vergilərin sayı və dərəcələri optimallaşdırılıb, sahibkarlıq üçün əlverişli iqtisadi mühit formalaşdırılıb.

Hər bir sahəyə olduğu kimi, dövlət tərəfindən vergi xidmətin də xüsusi diqqət ayrılır. Bu məqsədlə 2005-ci il fevralın 1-də Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il fevral ayının 11-i Vergi İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir. Bu sahədə fəaliyyət göstərən işçilərin mövcud prosesləri asanlaşdırmaq məqsədilə əllərindən gələni etməsi xüsusi vurğulanmalıdır. Bu gün bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu durmadan artır.

Hazırda beynəlxalq əlaqələr sürətlə genişləndirilir, vergi sistemində yeniliklərin tətbiqi məsələləri diqqətdə saxlanılır. Buna təkan verən əsas səbəb isə Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabətədözümlü olmasıdır. Bu günə qədər vergi islahatları istiqamətində mühüm addımlar atılıb, Vergi Məcəlləsində bir sıra dəyişikliklər edilib, iqtisadiyyatın müvafiq dövrdəki tələblərinə uyğun olaraq daim təkmilləşdirilib. Bu proses günümüzdə də davam etdirilir. Dəyişikliklər isə bərabər və şəffaf fiskal mühitin təmin edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, sahibkarların inzibatçılıq yükünün aşağı salınması, sahibkarlıq fəaliyyətinin təşviq olunması, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin və sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsidir. Dəyişikliklərin əsas məqsədi əmtəəsiz əməliyyatlar aparan vergiödəyicilərinə qarşı mübarizə aparılması, riskli vergiödəyicilərinə nəzarətin gücləndirilməsi və vergidən yayınma hallarının miqyasının azaldılmasıdır. Bundan başqa, Əlavə Dəyər Vergisinin (ƏDV) kassa metodu əsasında hesablanması mütərəqqi yeniliklərdəndir. İstehlak vergisinin bir növü olan ƏDV məhsula və ya materiala hər bir istehsal və çatdırma mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur və sonda istehlakçıya qaytarılır. Nazirlər Kabinetinin 2012-ci il 7 may tarixli qərarı ilə ƏDV üzrə gömrük borcunun hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan vergi dərəcəsi əsas götürülür. Leqal iqtisadiyyatın normal fəaliyyət göstərməsi üçün əlverişli vergi şəraitinin yaradılması məqsədilə Əlavə Dəyər Vergisinin dərəcəsi 28 faizdən 18 faizə endirilib.

Son dönəmlərdə vergi sahəsində atılmış ən mühüm addım məhz 2019-cu il oktyabrın 23-də "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaradılması olub.

Bu gün respublikamızın vergi qanunvericiliyi təkcə fiskal məqsədlərə deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması, sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə də xidmət edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".