COP29-un keçirilməsi üçün real məkan
İqtisadiyyat

COP29-un keçirilməsi üçün real məkan

2024-cü il yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edildiyini, ölkəmizin baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35% azaldılması öhdəliyini götürdüyünü, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası elan edildiyini bildirib. İclasın sonunda Təşkilat Komitəsinin Katibliyinin, COP29 prezidentinin, Əməliyyat şirkətinin fəaliyyəti, COP29-un təşkili və keçirilməsi ilə əlaqədar Tədbirlər Planının yekunlaşdırılması və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.

COP beynəlxalq səviyyədə ənənəvi şəkildə hər il təşkil edilən ən mötəbər tədbirlərdən biridir. Onun ilk konfransı 1995-ci ilin martında Almaniyanın Berlin şəhərində keçirilib. Burada 195 ölkənin rəsmi nümayəndələri toplanaraq planetimizin iqlim problemlərini müzakirə edirlər. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş COP28 konfransında 195 ölkənin yekdil rəyi ilə növbəti konfransın ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınıb. Bu, ölkəmizə göstərilən inamın növbəti təzahürüdür. Ölkəmiz indiyə qədər bir çox beynəlxalq tədbirlərə, layihələrə evsahibliyi edib. COP29 ilə bağlı Təşkilat Komitəsinin yaradılması, iclasda aparılan müzakirələr bir daha Azərbaycanın bu sınaqdan da alnıaçıq çıxacağını göstərir. Bu ilin noyabr ayında keçirilməsi nəzərdə tutulmuş konfrans çərçivəsində ölkəmizə minlərlə qonağın gəlməsi təkcə siyasi yox, həm də iqtisadi baxımdan müsbət haldır. Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı qələbə ilə silsilə uğurların təməlini atıb. COP29 da bu uğurların növbəti nümunəsidir.

Azərbaycan iqlim problemləri, havanın çirkləndirilməsi, yaşıllığın artırılması, nəsli tükənməkdə olan heyvan və bitkilərin qorunması kimi məsələlərə daim xüsusi həssaslıqla yanaşıb. Həmçinin ölkəmiz "yaşıl enerji" sahəsində gördüyü işlərlə COP29-un keçilməsi üçün layiqli məkan olduğunu sübut edib. Ölkəmiz neft-qaz kimi təbii ehtiyatlarla zənginliyi ilə fərqlənsə də, alternativ energetikanın inkişafına böyük önəm verir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı", "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiq edilib. Həmçinin Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Buradan bəlli olur ki, ölkəmiz "yaşıl enerji" sahəsində gördüyü işləri davam etdirəcək. Azərbaycan yaxın gələcəkdə Cənubi Qafqaza, həmçinin Avropaya "yaşıl enerji" idxal edən dövlət olacaq. Ölkəmizin bu sahəni prioritet seçməsi bunu təsdiq edir. Azərbaycanda, xüsusən Naxçıvan, Zəngəzur və Qarabağ bölgələri olmaqla ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi əsas məqsədlərdən hesab olunur.

"Yaşıl enerji" zonasının yaradılması istiqamətində bərpaolunan enerji mənbələrindən elektrik nəqliyyat vasitələrindən, istilik, soyutma və isti su təchizatında bərpaolunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi tədbirləri nəzərdə tutulub.

Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi üzrə iqlim dəyişmələrinin təsirlərinin, o cümlədən istixana effekti yaradan qazların azaldılması üzrə qoşulduğu təşəbbüslər, habelə Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr sənədindəki hədəflərə uyğun götürdüyü beynəlxalq öhdəliklərin icrası məqsədilə "Atmosferə atılan istixana effekti yaradan qazların idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Layihə atmosfer havasına atılan istixana effekti yaradan qazların ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, karbon vahidləri ilə bağlı əməliyyatların aparılması fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Ölkəmiz özünün qabaqlayıcı tədbirlərini və müxtəlif iqtisadi sektorların uyğunlaşma imkanlarını araşdırmağa, o cümlədən iqlim dəyişmələrinə xüsusi həssas sektorlar üçün yerli və beynəlxalq vəsaitləri səfərbər edərək, müvafiq uyğunlaşma tədbirlərinin planlaşdırılması və icrasını davam edir. İşğaldan azad edilmiş ərazilər 2050-ci ilədək "netto sıfır emissiya" zonası elan edilib. Bu isə həmin ərazilərin enerji təminatını tamamilə bərpaolunan (su, külək, günəş) mənbələrdən əldə etmək imkanı verir. Energetika Nazirliyinin məlumatına görə, günəş elektrik stansiyalarında 79,4 mln. kvt/saat enerji istehsal edilib, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 30,4 faiz artım deməkdir. Keçən il Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 223 mln. kvt/saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 8,6 faiz daha çoxdur. Əminliklə demək olar ki, Azərbaycan bu missiyanın öhdəsindən də gələcək. Ərazilərimiz "yaşıl enerji" zonasına çevriləcək.

Nurcan SÜLEYMANOVA,

"Respublika".