Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi
Sosial həyat

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi

Noyabrın 7-də Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniş tərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Bu barədə verilən məlumatda bildirilir ki, Rəyasət Heyətinin üzvləri, VK-nın Vətən müharibəsində iştirak etmiş üzvləri, KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Vəkil Marşı səsləndirilib.

Tədbirdə Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da artan nüfuzundan danışan VK-nin sədri Anar Bağırov Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu, rəşadətli Ordumuzun dövlət başçısının çağırışına müsbət cavab verdiyini, Ordumuzda fərarilik müşahidə olunmadığını, müharibə zamanı VK-nın 9 üzvünün iştirak etdiyini, o cümlədən ölkəmizin haqlı mövqeyini müdafiə etmək üçün təcrübəmizdən, imkanlarımızdan istifadə edərək, hesabatlar hazırlayıb və onları bütün beynəlxalq təşkilatlara göndərildiyini diqqətə çatdırıb. A.Bağırov, həmçinin Vəkillər Kollegiyasının Akademiyasının təsis olunması barədə tədbir iştirakçılarına məlumat verib, akademiyanın təsisinin yüksək qiymətləndirdiyini qeyd edib. Nəzərə çatdırıb ki, 2018-ci ildən indiyədək VK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak etmiş 4750 namizəddən 1450 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib.

Anar Bağırov deyib ki, bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 51 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar: "Beləliklə, vəkillərin sayı 2 min 387 nəfərə çatıb. Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 34 nəfəri kişi, 17 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin sayı 415 nəfər olmaqla ümumi vəkillərin 18 faizini təşkil edir. Vəkillərdən 4 nəfəri regionlarda, 47 nəfəri isə Bakıda fəaliyyət göstərəcək".

O, eyni zamanda, hüquq elmləri doktoru Səidə Bəhram qızı Həsənzadənin qanunvericiliyin tələbinə uyğun olaraq yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxıldığını qeyd edib.

Tədbirdə VK-nın İxtisas komissiyasının sədri, hüquq elmləri doktoru Turqay Hüseynov və Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru Əmir Əliyev çıxış edərək andiçmə mərasimində iştirak edən vəkilləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.

Vəkilliyə namizədlər çıxış edib, vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildiriblər.

İclasın ikinci hissəsində Vəkillər Kollegiyasının Akademiyasının Əsasnaməsinin layihəsi müzakirə olunub və Əsasnamə qəbul edilib.

İclasda, həmçinin vəkillərin digər vəkil qurumlarına keçməsi, o cümlədən müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

“Respublika”.