“Gələcəyimizi ağ ölümdən xilas edək”
Sosial həyat

“Gələcəyimizi ağ ölümdən xilas edək”

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Tədbirlər Planına uyğun olaraq Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək” mövzusunda tədbir keçirildi.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və başqaları çıxış etdilər.

Çıxışlarda vurğulandı ki, sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizə mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə əsas məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və  maarifləndirmə işini lazımi səviyyədə aparmaqdır. Narkomanlığa və narkotiklərə qarşı effektiv mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən mübarizə tədbirləri nəticəsində mühüm uğurlar əldə olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyi qeyd olundu.

 Tədbir iştirakçılarının sualları cavablandırıldı və mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Tofiq HÜSEYN,

“Respublika”.