Vasitəçiliyə
Siyasət

Vasitəçiliyə "907-ci" zərbə

"907-ci düzəliş" sülh müqaviləsinin imzalanmasında ABŞ-ın rolunu sıfıra endirir

1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə Amerika Birləşmiş Ştatları Konqresi tərəfindən qəbul edilən "907-ci düzəliş" ABŞ-Azərbaycan münasibətlərində gərginliyin artması üçün səbəblərdən biri oldu.

Düzdür, müəyyən mənada yumşalmalar hiss olunsa da, sözügedən düzəlişin yenidən gündəmə gətirilməsi rəsmi Vaşinqtonun Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında vasitəçilik missiyasını təxirə salır. Bəs bu sənəd özündə nəyi ehtiva edir və hansı şəraitdə qəbul olunub?

"907-ci düzəliş" Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarını işğal etdiyi bir zamanda erməni lobbisinin təşəbbüsü ilə Azadlığa Dəstək Aktına qəbul edilən və Amerikanın Azərbaycana yardımını birbaşa qadağan edən düzəlişdir. Azərbaycanın işğala məruz qaldığı halda Ermənistanı və Qarabağı blokadada saxlaması kimi absurd iftiraya söykənən bu düzəlişi ilk dəfə 1992-ci ildə senator Con Makkeyn təklif etmişdi. Bundan sonra Konqresdə əvvəllər dövlət katibi vəzifəsini tutan Con Kerri kimi erməni lobbisinə bağlı konqresmenlər bu qərarı qəbul etdirdi. Azərbaycan beynəlxalq dəstəyə ehtiyacı olduğu bir zamanda böyük haqsızlığa məruz qalmışdı. Əlbəttə, Vaşinqton bunu çox yaxşı bilirdi. Erməni dostlarına kömək üçün ABŞ Azərbaycana zərbə vurmağı seçdi. Qeyd edək ki, düzəliş Vaşinqtonun BMT-nin dörd qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən imzası ilə ziddiyyət təşkil edir. Digər tərəfdən, BMT Nizamnaməsini ratifikasiya edən ABŞ BMT-nin çıxardığı qərarların hüquqi icrasını təmin etməli idi. Hətta düzəlişin qüvvədə qalması Birləşmiş Ştatlar Konstitusiyasının altıncı maddəsi ilə də üst-üstə düşmür. Həmin maddədə yazılır: "Cari konstitusiya və onun icrası naminə qəbul edilən Birləşmiş Ştatlar qanunları və Birləşmiş Ştatlarla bağlanan və ya bağlanılacaq müqavilələr ölkənin ali hüququ hesab olunurlar".

Keçmiş SSRİ respublikalarını əhatə edən yardımda təkcə Azərbaycan Ağ Evin qara siyahısına düşdü, bu düzəliş siyasi sifariş əsasında reallaşdırıldı. Qeyd edək ki, "907-ci düzəliş" ilk öncə bir maddədən ibarət idi və daha sonra 1992-ci ildə ikinci bir qeyd də əlavə olundu: "Əgər Azərbaycan hökuməti Ermənistana və Qarabağa qarşı "blokada"sının və digər güc tətbiqinin aradan qaldırılması üçün addımlar atmasa və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan hökumətinə Birləşmiş Ştatlar tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz". 1996-cı ilə qədər maddə tam gücü ilə qüvvədə qaldı. "907-ci düzəliş" səkkiz il Azərbaycana edilə biləcək yardımların qarşısını kəsdi. Düzəlişdəki qadağaya veto qoyulduqdan sonra belə Amerika Birləşmiş Ştatları Bakıya heç bir dəstək göstərmədi. Əvəzində isə rəsmi Vaşinqton illərlə bu münasibəti işğalçı dövlətə qarşı göstərməkdə davam edir. Halbuki, ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını BMT Təhlükəsizlik Şurasında qaldıra bilərdi. Mövcud zaman kəsiyində əminliklə deyə bilərik ki, ABŞ Azərbaycan-Ermənistan arasında olan münaqişəyə obyektiv yanaşmadı və təcavüzkarla təcavüzə məruz qalan dövlət arasında fərq qoymadı.

Rəsmi Bakı Birləşmiş Ştatların nümayiş etdirdiyi bu yanaşmanı qəbul etmir və ABŞ-ın bir çox postmünaqişə problemləri ilə sərgilədiyi mövqeyi qərəzli hesab edir. Bu cür yanaşma sülhün əldə olunmasına deyil, bütövlükdə yalnız regionda vəziyyətin daha da gərginləşməsinə, yeni münaqişələrin yaranmasına rəvac verir. Əgər Amerika Birləşmiş Ştatları həqiqətən də super güc, demokratik dövlət, dünya nizamını tənzimləyən ölkə kimi özünü təqdim edirsə, biz bu gün rəsmi Vaşinqtondan belə davranış görmürük. Vaşinqtonun sözügedən mövqeyi Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında Birləşmiş Ştatların vasitəçiliyini sıfıra endirir. İndiki şəraitdə Ermənistanı himayə edənlərin sülh prosesinə əngəl törətmələrində əsas məqsəd ondan ibarətdir ki, prosesdə yer alsınlar və zəmanətçi statusu əldə etməklə Cənubi Qafqazda möhkəmlənsinlər. Eyni zamanda, regionda həyata keçirilən layihələr, kommunikasiyalarının açılması ilə bağlı məsələ də Birləşmiş Ştatlar üçün olduqca maraqlıdır.

Son 3 ayda vasitəçilər olmadan sülhün mümkünlüyü daha real görünür. ABŞ Konqresinin Nümayəndələr Palatasında noyabrın 15-də "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr keçirilməsinin ardınca Azərbaycanın ortaya qoyduğu qəti mövqedən sonra rəsmi Vaşinqton sülh prosesindən uzaqlaşdığının fərqinə vardı. ABŞ Dövlət katibinin Azərbaycan Prezidentinə telefon zəngi və Vaşinqtonun növbəti dəfə Bakını strateji tərəfdaşı kimi xarakterizə etməsi bunu deməyə əsas verir. Hətta telefon danışığı zamanı ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın Bakıya səfəri üçün Blinkenin dəridən-qabıqdan çıxması bunu əyani sübut edir. Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi, O'Braynla bağlı xüsusi xahişi və yüksək səviyyəli səfərlərin bərpasına razılığını bildirməsi Vaşinqtonun Bakı ilə münasibətləri korlamaq niyyətində olmadığının göstəricisidir. Ona görə də Ceyms O'Brayn dövlət başçısı İlham Əliyev tərəfindən qəbul edildi və münasibətlərə bir daha nəzər salındı. Prezident sülh danışıqları təşəbbüsçüsünün Azərbaycan olduğunu, rəsmi Bakının beynəlxalq hüquq normalarına hər zaman sadiqliyini O'Braynın diqqətinə çatdırdı. Amerikalı rəsmi də Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını və regional sülhü dəstəklədiklərini bildirdilər.

Reallıq bundan ibarətdir ki, üçüncü tərəf sülh prosesinə əsaslı töhfəni verə bilməyəcək. O'Braynın Bakıya səfəri nə qədər uğurlu alınsa da, uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasında Qərb blokunun fəaliyyəti güvənli deyil. Buna paralel olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsində qarşılıqlı olaraq müsbət halların şahidi oluruq. Güc dairələrinin direktivi xaricində baş tutan bu prosesin reallaşması bir daha deyilənləri təsdiq edir.

Nurlan ABDALOV,

"Respublika".