Ermənistan geosiyasi alət funksiyasını yerinə yetirir
Siyasət

Ermənistan geosiyasi alət funksiyasını yerinə yetirir

“Ermənistan sözdə müstəqillik əldə etdiyi ilk gündən indiyə kimi, bəlli bir dövlətin əlində geosiyasi alət funksiyasını yerinə yetirib”.

Bu sözləri “Respublika”ya açıqlamasında millət vəkili Sahib Alıyev bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan baş nazirinin bu cür davranışının iki səbəbi var:

“Birincisi, onun ölkəsinin indiki vəziyyətindən irəli gələn səbəbdir. Paşinyanla komandası hakimiyyətə gələndən, özəlliklə də İkinci Qarabağ savaşından sonra Ermənistan təkcə bir ölkənin deyil, bir neçə dövlətin təsiri altına düşüb və onlar Ermənistandan geosiyasi alət olaraq faydalanmağa çalışıblar. Məhz bir neçə dövlətin təsiri altında olmasının səbəbidir ki, ilk növbədə Ermənistan hakimiyyəti gah üzərinə öhdəlik götürür, gah onnan boyun qaçırır və yaxud da dedikləri ilə əməlləri üst-üstə düşmür. İkinci səbəb isə ilk növbədə onun hansı mövqeyi təmsil etməsi və Paşinyanın bir siyasətçi kimi xarakterindən irəli gəlir. Bütün populistlər kimi Paşinyan da tez-tez bir-biri ilə ziddiyyət təşkil edən fikirlər səsləndirir".

"Çox təəssüf ki, indiyə kimi ən azından Azərbaycana qarşı yanaşmalarında, məhz belə yumşaq desək, sözünün üstündə durmamaq kimi Qafqaz xalqlarına xas olmayan hərəkətləri ilə üzləşmişik. Ən əsası ortada sülh danışıqlarının getməsinə baxmayaraq, Azərbaycanın onlar tərəfindən üzləşdiyi bu qədər vəhşiliklərə, qalib ölkə olaraq sülh təklifi ilə çıxış etməsinə baxmayaraq, Ermənistan yenə də bizə qarşı düşmənçilik siyasətlərini davam etdirir. Hətta bəzən biz bunun daha da gücləndiyini görürük. Paşinyanın bütün ziddiyyətli məqamlarının arxasında duran reallıq bundan ibarətdir” - deyə, deputat qeyd edib.

Röya RÜSTƏMLİ,

“Respublika”.