Fransanın arzuları ürəyində qalacaq
Digər xəbərlər

Fransanın arzuları ürəyində qalacaq

Fransa öz tarixi boyu daxili çəkişmələrin və siyasi iğtişaşların müxtəlif formalarını yaşayıb. Ölkədə baş verən etirazlar, tətillər, ictimai hərəkatlar adi hal alıb. Fransada daxili çəkişmələrə səbəb olan əsas məsələlərdən bəziləri əmək mübahisələri, pensiya islahatları, immiqrasiya siyasəti və sosial bərabərsizliklərdir. 2018-ci ilin sonlarında başlayan və 2019-cu ilə qədər davam edən "Sarı jiletlilər" etirazları daxili iğtişaşların bariz nümunəsi olub. Bu etirazlar ilkin olaraq yanacaq vergisinin artırılmasına qarşı başladı, lakin iqtisadi bərabərsizlik və sosial ədalət məsələlərinə əsas verən daha geniş hərəkata çevrilib. Qeyd etmək lazımdır ki, bu qədər problemlərin içində boğulan Fransa Cənubi Qafqaza təsir etməyə cəhd göstərir. Fransanın Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü kimi müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazda diplomatik maraqları olub.

Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, deputat Tural Gəncəliyev bildirib ki, Fransanın son zamanlar dünya geosiyasi məkanında nüfuzuna ciddi xələl gətirə biləcək hadisələr baş verib: "Bəzi Afrika ölkələrində  anti-Fransa hərəkatları geniş vüsət almağa başlayıb. Niger, Qabon, Mali, Çad və digər bu kimi ölkələrdə Fransa əleyhinə etirazlar çoxalır. Bütün bunlar son zamanlar Fransanın xarici siyasətində böyük boşluqların və düzgün olmayan hesablamaların aparılmasından xəbər verir. Fransa hətta nəinki Afrikada, Yaxın Şərqdə öz nüfuzunu güclü şəkildə itirir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Fransa prezidenti Makron guya Avropa İttifaqında ən nüfuzlu bir lider kimi ortaya çıxmaq, Rusiya-Ukrayna arasında vasitəçilik funksiyalarına uyğun şəkildə davranmaq istədi, guya bu müharibədə hansısa dividendlər qazanmağa cəhd etdi. Ancaq bu cəhdləri nəinki iflasa uğradı, istər Rusiya, istər Ukrayna tərəfindən Makronun vasitəçilik funksiyaları rədd edildi. Eyni zamanda Avropa İttifaqında Fransanın siyasi çəkisinə xələl gətirə biləcək digər məsələ, Mərkəzi və Şərqi Avropa, Buşeqrad qrupu, xüsusilə də Polşa və Pribaltika ölkələri ətrafında yeni bir xəttin, alyansın formalaşmasını müşahidə etdik. Eyni zamanda keçmiş Reç Pospolita ölkələrinin Fransada olan güc mərkəzlərinə qarşı yeni çağırışlarının və onların artıq Avropa İttifaqında heç də hegemon olmadığını göstərən yeni güc mərkəzinin formalaşmasının şahidi olduq. Bu da təbii ki, Fransanın Avropa İttifaqında nüfuzunun böyük dərəcədə itkisidir. Bəs Fransanın digər regionlarda bu qədər problemlə üzləşdiyi bir dövrdə Cənubi Qafqazda hansısa aktivlik göstərməsinin səbəbi nədir?! Fransa ümumiyyətlə, dünyanın müxtəlif geosiyasi məkanlarında müvəffəqiyyətsizliyə düçar olduqdan sonra hesab etdi ki, Cənubi Qafqazda hansısa şəkildə üstünlüyü ələ ala bilər. Xüsusilə də Fransa hakimiyyəti Azərbaycana qarşı hazırda Ermənistanın baş naziri Nikol Paşinyandan bir manipulyasiya aləti kimi istifadə etməyə çalışır. Ancaq təbii ki, Fransanın digər regionlarda üzləşdiyi müvəffəqiyyətsizlik Cənubi Qafqazda daha çox özünü büruzə verəcək. Çünki Fransa Cənubi Qafqazda tarixən nüfuz sahibi olmayıb. Sadəcə olaraq Ermənistanla yaxın münasibətlərindən istifadə edən Fransa bu yolla Cənubi Qafqaza təsir etməyə cəhd göstərir. Paris meri Anna İdalqonun Ermənistan-Azərbaycan sərhədinə gəlməsi, ermənilərə "humanitar" yüklər gətirərək siyasi şou göstərməsi də Fransanın regiona olan maraqdan irəli gəlir.  Nə qədər ki, Ermənistanda Fransanın nəzarəti altında olan, ona itaət eləyən hakimiyyət var, Makron bu kartdan istifadə etməyə çalışacaq. Ancaq anlamırlar ki, Cənubi Qafqaz Fransanın girə biləcəyi, onların oyun ortaya qoya biləcəyi məkan deyil. Burada artıq Azərbaycanın xüsusi hegemon gücü və rıçaqları var. Xüsusilə də dünyanın güc mərkəzlərindən birinə çevrilən Türkiyənin burada rolu var və xüsusilə də son zamanlar türk dünyasının ayağa qalxdığı, inkişaf etdiyi bir regiondan danışırıq. Burada əsas söz sahibi Azərbaycandır, Türkiyədir, türk dünyasıdır. Fransanın burada hansısa bir şəkildə manipulyasiya etmək cəhdləri onun ürəyində qalacaq".

Nuranə DAXİLQIZI,

"Respublika".