Uşaqlar gülərsə, dünya da gülər...
Region

Uşaqlar gülərsə, dünya da gülər...

Azərbaycanda həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri də uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğının göstərilməsidir. Məhz güclü dövlətə, yetkin cəmiyyətə və vətənpərvər vətəndaşa malik olmağın ən başlıca yollarından biri də mükəmməl təhsil sisteminin bərqərar edilməsidir. Bu baxımdan, yüksək səviyyəli, peşəkar kadrların yetişdirilməsində məktəbin rolu əvəzsizdir.

Respublikanın ikinci böyük şəhəri olan Ulu Gəncədə də milli varlığımızın əsası olan bu fidan balaların sağlam böyüməsi, yüksək təhsil və tərbiyə alması daim diqqət mərkəzindədir. Bütün məktəbəqədər təhsil müəssisələri təmir edilmiş, müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur. Belə nümunəvi təhsil müəssisələrindən biri də  Gəncə şəhər 2 saylı uşaq bağçasıdır. Baxçada hazırda 7 qrup üzrə 3-6 yaşarası uşaqların məktəbə hazırlığı təşkil edilir. Tərbiyəçilər öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. Bilirlər ki, müstəqil Azərbaycan üçün layiqli övlad yetişdirmək kimi məsul bir vəzifə ilk növbədə onların üzərinə düşür. Məhz bu baxımdan balaca fidanların tərbiyəsi ilə məşğul olan fədakar tərbiyəçilər onların istedadını üzə çıxarmaq üçün tez-tez müsabiqələr keçirirlər. Uşaq bağçasının müdiri Məhəbbət Atakişiyeva bildirdi ki, uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti ilə əhatə olunması istər dövlətin, istərsə də cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdən biridir. Ölkəmizdə həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam, savadlı, vətənpərvər böyümələri, firavan yaşamaları üçün hər bir şərait yaradılıb. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və daha da gücləndirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrilib. Körpələrə nümunəvi xidmət bizim amalımızdır. Onlara tabloda şəkil çəkmək, mahnı oxumaq və səhnədə obraz yaratmaq bacarıqlarını nümayiş etdirmək üçün mütəmadi müsabiqələr gündəmdədir. Baxçanın kollektivi "Uşaqlar gülərsə, dünya da gülər" devizini rəhbər tutaraq fəaliyyət göstərir. Tərbiyəçilərdən İlhamə Nəsibova, Kifayət İsmayılova, Əfsanə Atayeva  işlərində daha çox fərqlənirlər.

Ümumiyyətlə, Gəncə şəhərində məktəbəqədər təhsil müəssisələrinin inkişafı üçün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq iş planlarına uyğun olaraq, müsabiqələrin keçirilməsinə, uşaqların yaradıcılığının inkişaf etdirilməsinə xüsusi fikir verilir. Müstəqil Azərbaycanımız üçün layiqli, istedadlı övlad yetişdirmək bu gün ən ümdə məsələlərdəndir. Bunun bariz nümunəsidir ki, Heydər Əliyev Fondu və onun prezidenti tək Azərbaycana deyil, bütün dünyaya son dərəcə gözəl bir nümunə - mərhəmət və humanistlik nümunəsi sərgiləyir. Fəaliyyəti ilə sübut edir ki, bu gün uşaqlara qayğı dünyanın xilası deməkdir...

Z.CƏMŞİDOĞLU,

"Respublika".