Azərbaycan rabitəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Siyasət

Azərbaycan rabitəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Sərəncam çoxəsrlik Azərbaycan tarixində xüsusi mərhələ olan Heydər Əliyev epoxasının mahiyyətinin, hadisələrin və nailiyyətlərin daha əsaslı və sistemli şəkildə şərh edilməsinə, xalqımıza və dünyaya çatdırılmasına şərait yaradır.

Azərbaycan milli rabitəsi özünəməxsus zəngin inkişaf yolu keçib. Bildiyimiz kimi, Bakıda telefon rabitəsi 1881-ci ildə yaradılmış, həmin il dekabrın 6-da ilk telefon xətti çəkilmişdır. 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olmuşdur. Neft sənayesinin inkişafı ilə əlaqədar Avropadan və digər ölkələrdən o dövrün məşhur şirkətləri Bakıya gəlirdilər. Get-gedə inkişaf edərək iri sənaye şəhərinə çevrilən Bakıda telefon şəbəkəsinin yaradılmasına ciddi ehtiyac var idi.

Heydər Əliyev bu mühüm və vacib sahənin respublikamız üçün əhəmiyyətini vurğulayaraq demişdir: "Telekommunikasiya, rabitə, əlaqə böyük əhəmiyyətə malik olan bir sektordur. Bu sektorda bizim nailiyyətlərimiz Azərbaycanın iqtisadi əlaqələrini, insani əlaqələrini, bütün dünya ölkələri ilə əlaqələrini və bütün Azərbaycan Respublikasının həyata keçirəcəyi siyasəti dünya miqyasında bildirməsi üçün çox əhəmiyyətlidir". Ümummilli lider haqlı olaraq qeyd edirdi ki, müasir informasiya-kommunikasiya texnologiyaları sisteminə malik olmayan hər hansı bir dövlətin iqtisadi inkişafından söhbət gedə bilməz.

Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illəri əhatə edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş ulu öndər Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət göstərmişdir. 1970-ci il iyun ayının 24-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə "Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında" tarixi qərar qəbul edilmişdir. Qərarda Bakı, Sumqayıt, Gəncə şəhərlərində telefon rabitəsinin qeyri-qənaətbəxş olduğu, bir çox rayon mərkəzlərində hələ də əllə qoşulan köhnə telefon stansiyalarının fəaliyyət göstərdiyi sahələrin cəmi 25 faizinin telefonlaşdırıldığı və digər geriliklər qeyd olunmuş, rabitə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi Rabitə Nazirliyinin ən vacib vəzifələrindən biri kimi qarşıya qoyulmuşdur.

Qərarda həmçinin 1971-1975-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, ATS binalarının inşa edilməsi, o cümlədən Bakıda hər il bir ATS binasının tikilməsi, ATS avadanlıqlarının alınması və texnoloji avadanlıqların inşası, bütün bunlar üçün lazımi vəsaitin ayrılması və digər mühüm tədbirlərin həyata keçirilməsi öz əksini tapmışdır. Dahi lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində respublikanın rabitə sistemində böyük nailiyyətlər əldə olundu. 1974-1980-ci illərdə təkcə Bakı şəhərində ümumi tutumu 164.400 nömrə olan ATS-in tikilib istifadəyə verilməsi planlaşdırıldı və həyata keçirildi. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra qərarlar qəbul edilmişdir.

1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdi. 1970-1980-ci illərdə rabitənin inkişafı təkcə Bakı şəhəri ilə məhdudlaşmır, respublikanın digər bölgələrini də əhatə edirdi.1979-cu ildə ulu öndərin rəhbərliyi ilə Bakıda - köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik yeni teleqüllənin layihəsi təsdiq edildi və 1981-ci ildə obyektin tikintisinə başlandı. Buna baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən yeni teleqüllənin istismara verilməsi ləngidilsə də, ümummilli liderin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı sayəsində xalqımızın istifadəsinə verildi. 1993-cü ildə ümummilli lider ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan milli rabitəsi yenidən qurulmaqla inkişaf etməyə başladı. Ölkə rəhbərinin müdrik siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olundu. Rabitə sahəsinin inkişafında əsl dönüş də bundan sonra başladı.

1993-cü ildən başlayaraq xarici rabitə şirkətləri, ilk növbədə Türkiyənin "Teletaş" və "Netaş" şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulmuş, "Aztelekom" İstehsalat Birliyində 2000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6150 kanallı respublikadaxili Şəhərlərarası Telefon Stansiyası, ABŞ-ın "Motorola" şirkətinin investisiyası ilə sellülar rabitə xidməti göstərən "Bakcell", Türkiyə rabitəçiləri ilə "Azersell" və digər birgə müəssisələr yaradılmışdır.

Bundan bir müddət sonra, 1994-cü ilin fevralında Heydər Əliyev qardaş Türkiyə Respublikasına səfəri zamanı Türkiyə telekommunikasiya şirkətlərinin işi ilə şəxsən maraqlanmış, ölkənin ən böyük telekommunikasiya avadanlıqları istehsal edən "NETAŞ" şirkətində olmuş və Türkiyə telekommunikasiya şirkətləri ilə Azərbaycan arasında iş birliyi qurulmasını tövsiyə etmişdir. Nəticədə, Türkiyənin "NETAŞ" və "TELETAŞ" şirkətləri ilə geniş əməkdaşlıq əlaqələri qurulmuş və Bakının telefon şəbəkəsinin elektronlaşmasında əsaslı işlər görülmüşdü. 1993-2003-cü illər Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə 450 min nömrə rəqəmli elektron telefon stansiyaları tikilərək istifadəyə verildi. Bununla da Bakının bütün kənd və qəsəbələri telefonlaşdırıldı. 2002-ci ildə isə paytaxtda telefon növbəliliyi ləğv edildi.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Londona rəsmi səfəri çərçivəsində bir sıra sənədlərlə yanaşı, Azərbaycanla Böyük Britaniyanın "Ci-Pi-Ti" telekommunikasiya şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanmışdı. Bu saziş nəticəsində qısa vaxtda "AzEvroTel" Birgə Müəssisəsi yaradılmış və 92 saylı ATS-in bazasında 92/97 indeksli elektron avtomat telefon stansiyası qurularaq paytaxt sakinlərinin istifadəsinə verilmişdi. 1997-ci ildə "AzEvroTel" BM-in təntənəli açılış mərasimində Heydər Əliyev yeni ATS-in əhəmiyyətini yüksək qiymətləndirərək rabitənin mühüm sahə olduğunu bir daha diqqətə çatdırmışdır: "Bu çox mühüm sahədir, çünki müasir dünyada, xüsusən hər bir müstəqil dövlətin dünya şirkətlərini, firmalarını əməkdaşlığa cəlb etməsi və bu işlərin səmərəli aparılması üçün rabitə çox böyük rol oynayır. Rabitənin də müasir səviyyədə olması, günün tələblərinə cavab verməsi, bütün işlərin gedişində sürətləndirici rol oynaması indi artıq reallıqdır".

1995-ci il dekabrın 9-da Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyasının, habelə yenidən qurulmuş Şəhərlərarası Telefon Stansiyasının açılışı oldu. Azərbaycanda yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər quruldu. Bütün bunlar Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ilk illərində rabitənin inkişafına göstərdiyi diqqətin əyani nümunələridir.

Müstəqil Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq, həmçinin blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının əhalisinin milli televiziya proqlamlarını seyr edə bilməsini təmin etmək məqsədilə 1996-cı ildə AzTV-1 milli televiziya proqramı TÜRKSAT süni peyk vasitəsilə yayımlanmağa başladı. Əsası 1981-ci ildə Heydər Əliyev tərəfindən qoyulan teleqüllənin tikilib başa çatdırılması da məhz onun səyləri nəticəsində reallaşdı və 1996-cı ildə teleqüllə istifadəyə verildi. Azərbaycanda dünya standartları səviyyəsində teleradio yayımını təmin etmək üçün müvafiq qanunvericilik bazası yaradıldı və tədbirlər görüldü.

Bütün bunlar ümummilli liderin diqqət və qayğısı sayəsində Azərbaycan milli rabitəsinin parlaq inkişaf yolunun başlanğıc mərhələsi idi. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 1992-ci ildə "Azərmarka", 1997-ci ildə "Azərpoçt", 1998-ci ildə "Azərekspresspoçt" yaradılmış, 1999-cu ildə "Azərpoçt" İB Dövlət Müəssisəsi statusu almışdır. Bu gün qloballaşan, daim yeniləşən dünyanı ən müasir informasiya və kommunikasiya texnologiyaları (İKT) - internet, elektron poçt və qlobal rabitə imkanları olmadan təsəvvür etmək mümkün deyildir. XXI əsrin - informasiya əsrinin dünya, zaman qarşısında müəyyən etdiyi qlobal çağırışlar nəzərə alınaraq ölkəmizdə son iyirmi ildə rabitə sektorunun inkişafı ilə bağlı bir çox konseptual strategiyalar və çoxsaylı müvafiq Dövlət proqramları qəbul edilmişdir. Bu strategiyalar, Dövlət proqramları və digər praktiki tədbirlər çərçivəsində İKT-nin imkanlarından istifadə etməklə ölkəmizdə sosialyönümlü sahələrin inkişaf etdirilməsi, əhaliyə sosial-məişət xidmətlərinin göstərilməsi, aztəminatlı təbəqələrin pulsuz informasiya xidməti imkanlarının yaradılması üçün dövlət tərəfindən genişmiqyaslı işlər həyata keçirilir.

Bu gün Azərbaycanın İKT sahəsindəki fəaliyyəti məhz ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. 2003-cü il fevral ayının 17-də ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" ölkəmizdə bu sahənin sürətli inkişafına güclü təkan verdi. Cənubi Qafqazda ilk dəfə olaraq qəbul edilmiş bu qlobal strategiya Azərbaycanın İKT sahəsinə xüsusi diqqətini cəmiyyətimizə və bütün dünyaya göstərdi. Bütün bunların məntiqi nəticəsidir ki, regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Rabitə sahəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan İKT sektoru üzrə regionda lider mövqeyini qoruyub saxlayır.

Əli SADIQOV,

"Respublika".