Ümummilli Lider müstəqil Azərbaycanda müasir təbabətin əsasını qoydu
Digər xəbərlər

Ümummilli Lider müstəqil Azərbaycanda müasir təbabətin əsasını qoydu

2000-ci ilin fevral ayı idi. Ali Attestasiya Komissiyasından xəbər verdilər ki, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüsünüz və akademik Azad Mirzəcanzadə sizə diplomu təqdim edəcək. Bu xəbər hər bir elm adamı kimi, mənim üçün də çox önəmli və gələcək fəaliyyətimi müəyyənləşdirəcək dönüş nöqtəsi idi.

Qeyd edim ki, 1994-cü ildə Birinci Qarabağ müharibəsində atəşkəs əldə edildikdən sonra ixtisaslaşma keçmək və elmi tədqiqat işləri aparmaq üçün Azərbaycan Tibb Universitetinin və Səhiyyə Nazirliyinin göndərişi ilə bir neçə həmkarımla birlikdə Türkiyəyə getdik. Bu elmi-praktik ezamiyyətin hüquqi əsasını isə 1994-cü il fevral ayında ulu öndər Heydər Əliyev və Türkiyə Cümhurbaşqanı Süleyman Dəmirəlin imzaladığı Dövlətlərarası Saziş təşkil edirdi. Bu Saziş Azərbaycan və Türkiyə arasında demək olar ki, bütün sahələr üzrə əməkdaşlığı əhatə edən ilk və hərtərəfli müqavilə idi. Türkiyədə həm işlədiyimiz klinikalarda, həm də cəmiyyətdə bizə çox səmimi münasibət var idi. Türkiyəlilərin mehriban münasibətinin səbəbi təkcə Azərbaycandan ilk gələn həkimlər olmağımız deyildi, onların bizə olan təbii (genetik) sevgilərinin tərənnümü idi. Çünki bu səmimilik 30 illik dönəmdə də dəyişməyibdir. Mən Ankara şəhərinin öncül klinikalarından olan Yüksək İhtisas xəstəxanasında, Başkent, Ankara və Hacettepe universitetlərində qastrointestinal, laparoskopik, onkoloji və transplantasiya cərrahiyyəsi üzrə ixtisaslaşma keçdim. Həmçinin burada qaraciyər transplantasiyası və rezeksiyası üzrə doktorluq dissertasiyası işimi tamamladım, 1997-ci ildə ilkin müdafiəmi etdim və əsas müdafiəni gözləməyə başladım. Doktorluq dərəcəsini aldıqdan sonra üç yoldan birini seçib gələcək fəaliyyətimi davam etdirməyi düşünürdüm. İlk seçimim Azərbaycana qayıtmaq idi və bunu mənə həm də hocalarım prof.dr. Yusuf Bayraktar və mərhum prof.dr. Ali Özdən də həmişə tövsiyə edərdi. O dövrlərdə ölkəmizin təbabəti sovet təbabətindən qalma idi, durğunluq dövrünü yaşayırdı, yenilənməsinə və inkişafına böyük ehtiyac var idi. Lakin bunu həyata keçirmək üçün şərait yox idi. Xəstəxanalarımız, avadanlıqlarımız, müayinə üsullarımız, müalicə yanaşmalarımız dövrün tələblərindən çox geridə qalırdı. Hətta 1999-cu ildə əsas müdafiə ərəfəsində Bakıda olduğum dövrdə kafedramızın əməkdaşı dos. Sürəddin Zeynalov ilə birlikdə ölkəmizdə ikinci, universitetimizdə isə ilk laparoskopik mərkəzi qurub işləməyə başlasaq da bu, məni qane etmirdi. Çünki belə bir vəziyyətdə çalışmaqla öyrəndiklərimi qısa müddətdə itirməyə başlamışdım.

Nəhayət 1999-cu ildə müdafiəmi etdim, 2000-ci ildə diplomu aldım və Türkiyəyə qayıtmaq üçün hazırlığa başladım. Həmin dövrlərdə Türkiyədə yeni universitetlər və tibb fakültələri yaranırdı, dosent və professorlara böyük ehtiyac var idi. Mənə bir neçə tibb fakültəsindən dəvət gəlmişdi və bu dəvətlər arasında seçim aparmalı idim. Həmçinin Yüzüncü Yıl və Kırıkkale universitetlərində ümumi cərrahiyyə kafedralarının qurulmasında təcrübəm olduğu üçün Türkiyə universitetlərində işləmək və irəliləmək mənə çətin görünmürdü.

Bu məqamda səhiyyə nazirinin birinci müavini mərhum Sərdar Kərimov məni çağırdı. Sərdar müəllim Türkiyəyə ezamiyyətlərimizdə bizə çox dəstək olmuşdu, düzgün tövsiyələr verirdi, şəxsiyyətinə həmişə hörmət bəsləmişəm. Sərdar müəllim dedi ki, "Prezidentimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və dəstəyi ilə Bakıda yeni və ən müasir xəstəxana qurulacaqdır. Türkiyədən uzman olan ilk mütəxəssis və ilk tibb elmləri doktoru olaraq sənin bu xəstəxananın klinik fəaliyyətinin təşkilinə və kadr hazırlığına kömək etməyin məsləhət bilinib. Səhiyyə naziri Əli İnsanov və bütün nazirlik əməkdaşları bu işdə sənə lazımi dəstəklərini verəcəklər". Bu təklif mənim fəaliyyətimin dönüş nöqtəsi oldu. Həm illərdən bəri arzuladığım imkan yaranmışdı, həm ulu öndərin başlatdığı layihədə - ölkəmizdə müasir xəstəxana quruculuğunda iştirak edəcəkdim, həm də hocalarımın tövsiyəsini həyata keçirəcəkdim. Qısa müddət ərzində xəstəxananın fəaliyyət sahələrini, mütəxəssislərini, avadanlıq və cihazlarını müəyyənləşdirdik, inkişaf prinsipi və kadr hazırlığının mərhələlərini hazırladıq, mütəxəssisləri seçməyə başladıq. Qərara alındı ki, xəstəxana qurulana və avadanlıqlar gələnə qədərki dövrdə yerli mütəxəssislər Türkiyənin qabaqcıl klinikalarında ixtisaslaşma keçsinlər, döndükdən sonra təcrübəli hocalarla birlikdə işləməyə başlasınlar, püxtələşdikdən sonra isə sərbəst davam etsinlər. Bu prinsipə biz öz aramızda "get-gör, gəl-hocanla çalış, püxtələşəndə isə özün davam et" deyirdik.

Üç aylıq hazırlıqlardan sonra 2000-ci ilin iyun ayında əvvəl 30, sonra isə 20 nəfər olmaqla toplam 40 həkim və 10 tibb bacısı Ankaraya yollandıq. Türkiyə Səhiyyə Nazirliyində və getdiyimiz xəstəxanalarda bizi yüksək səviyyədə qarşıladılar və dəstək oldular. O zamankı Türkiyə səhiyyə naziri doç.dr. Osman Durmuş, Xarici Əlaqələr İdarəsi, Nümunə xəstəxanasının baş həkimi prof.dr. Osman Müftioğlu və digər hocalar bizə yüksək diqqət yetirirdilər. Türk hocaları hər yerdə deyirdilər ki, "Azerbaycandan gelen bu doktorlar ve hemşireler Haydar Aliyev Hastanesi için hazırlanır, ona görə onları iyi yetiştirmemiz gerekiyor".

Həkimlərimiz və tibb bacılarımız Ankaranın öncül xəstəxanalarına və universitetlərinə göndərildi və təcrübəli hocalara həvalə edildi.

Həmçinin 90-cı ilin əvvəllərində ATU-nun rektoru akademik Əhliman Əmiraslanovun təşəbbüsü və İstanbul Universitetinin prorektoru prof.dr. İbrahim Yıldırımın dəstəyi ilə tələbə kimi İstanbula göndərilən və o dövrdə rezidenturada oxuyan həmyerlilərimizin uzmanlığı bitirdikdən sonra bu xəstəxanada çalışmaları təklifi də var idi. Bunu nəzərə alaraq mən İstanbula getdim və Vaqif Qələndər, Rasim Bayramov, Cəfər Nəsirov, Kamran Musayev, Vasif İsmayılov və digərləri ilə görüşdüm və dəvət etdim. Onlar uzmanlıqlarını bitirdikdən sonra ölkəyə döndülər, yeni yaradılan klinikanın və ümumilikdə ölkəmizdə müasir təbabətin inkişafında böyük işlər gördülər və görməkdə də davam edirlər.

2000-ci il noyabrın sonunda Azərbaycana döndük. Xəstəxana artıq hazır idi, təmir və yenidənqurma işləri tamamlanmış, müasir cihaz və avadanlıqlar yerləşdirilmişdi. Xəstəxananın adı da müəyyənləşdirilmişdi, əvvəlki adına uyğun olaraq Mərkəzi Klinik Xəstəxana (MKX) adlandırılmışdı. Məlikşah Acuner xəstəxananın işlətmə müdiri, Ceyhun Topçubaşov baş həkim təyin olunmuşdu. 2000-ci il dekabr ayında ən önəmli hadisə baş verdi. Ulu öndər Heydər Əliyev MKX-nın açılışını gerçəkləşdirdi. Türkiyə və Azərbaycan səhiyyə nazirləri, həkimlərimiz, onları yetişdirən hocalar, inşaat və təchizatı həyata keçirən şirkət, ölkəmizin qabaqcıl tibb işçiləri və rəhbərlik açılışda iştirak edirdi. Ulu öndər yeni yaradılan xəstəxananın bölümlərini bir-bir gəzdi, hər bir avadanlıqla, cihazla və tibbi fəaliyyətlərlə ətraflı maraqlandı. Yadımdadır, mən laparoskopiya barədə məlumat verərkən o çox maraqlandı və məni sual-cavaba tutdu. Xəstəxana bütün göstəricilərinə görə nəinki Azərbaycanda və Qafqazda bir ilk idi, həmçinin avadanlıq və cihaz baxımından Türkiyənin ən qabaqcıl xəstəxanalarından geri qalmırdı. Kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, angioqrafiya, mammoqrafiya, ultrasonoqrafiya, C-qollu rentgen, endoskopiya (qastroskopiya, kolonoskopiya, bronxoskopiya, rinoskopiya, FESC, kolposkopiya, histereskopiya və s.), avtomatik laboratoriya, patoloji laboratoriya, laparoskopiya, müasir koaqulyatorlar, reanimasiya və əməliyyatxanalar, palatalar, güvənlik sistemi, sterilizasiya, təcili yardım, xəstə qeydiyyat sistemi, hətta həkim və tibb bacılarının geyimləri müasir standartlara uyğun təşkil edilmişdi.

Açılışdan sonra MKX fəaliyyətə başladı. Əvvəlcədən planlandığı kimi, Türkiyədə ixtisaslaşma keçən həkimlərimiz və Türkiyədən gələn hocalarla birlikdə çalışmağa başladılar. Ürək-damar əməliyyatları, laparoskopik və böyük abdominal əməliyyatları, beyin, göz, burun-qulaq, ginekoloji, plastik, uroloji, ortopedik, bronxoskopik və digər əməliyyatlar beynəlxalq standartlara uyğun səviyyədə icra edildi. Ölkəmizdə indiyənə qədər edilməyən müayinələr, əməliyyatlar, ağır xəstələrin müalicəsi yerinə yetirilməyə başladı.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan MKX qısa müddət ərzində xəstəxana kimi ümidləri doğrultdu və akademik Cəmil Əliyevin rəhbərliyi ilə yeni filiallar, bölümlər və fəaliyyət sahələri, o cümlədən transplantasiya sahəsi inkişaf etdi və günümüzdə ən qabaqcıl xəstəxanalarımız sırasındadır. Bunula yanaşı, MKX ölkəmizdə müasir təbabətin əsasını qoydu, praktiki təbabətə və tibbi təhsilə münasibəti kökündən dəyişdirdi:

- bu xəstəxana örnək bir model oldu və bundan sonra yaranan dövlət və özəl xəstəxanalar ondan nümunə götürdülər. Müasir avadanlıqlarla təmin etmək və "get-gör, gəl-hocanla çalış, püxtələşəndə isə özün davam et" yeni yaradılan xəstəxanaların prioritet yanaşmasını təşkil etdi;

- beynəlxalq klinik protokolların tətbiqinin effektiv olduğu tibbi ictimaiyyət tərəfindən qəbul edilməyə və ölkəmizdə geniş tətbiq edilməyə başladı;

- burada yetişən yeni düşüncəli həkimlər, tibb bacıları və digər personal sonralar yaradılan Gömrük Hospitalı, Tədris-Cərrahiyyə Klinikası, Bakı Sağlamlıq Mərkəzi, Neftçilər Xəstəxanası, DTX Hospitalı və s. kimi klinikaların müasir səviyyədə təşkil olunmasında mühüm rol oynadılar;

- tibbi təhsildə də dönüş yarandı. Bir tərəfdən orta məktəbi və tibb universitetini bitirənlər Türkiyə və Avropa universitetlərində təhsil almaq üçün axın etdilər, digər tərəfdən isə ölkəmizdə rezidentura təhsilinin qaçınılmaz olduğu ortaya çıxdı və həyata keçirildi;

- Türkiyə və Qərb tibbinə inam artdı, bu ölkələrdən gələn mütəxəssislər ölkəmizdə xəstələrimizə tibbi xidmət göstərmək üçün uyğun şərait tapa bildilər;

- Azərbaycan təbabəti müasirləşməyə və müasir dünya təbabətinə inteqrasiya olunmağa başladı;

- xaricdə ixtisaslaşma keçən Abbasəli Abbasəliyev, Üzeyir Rəhimov, Valeh Hacıyev, Kamran Yaqubov, İlqar Qasımov, Elbəyi Daşdəmirov və onlarla digər həkimlərimizin ölkəmizə dönmələri üçün şərait yarandı və onlar əvvəl hocaları ilə birlikdə, püxtələşdikdən sonra isə sərbəst şəkildə əhalimizə müasir səviyyəli tibbi xidmət göstərdilər.

İlk baxışda bu yazı bir xəstəxananın yaranmasının qısa hekayəsi kimi görünür. Əslində isə bu, Azərbaycanda təbabətin dönüş nöqtəsinin - müasir təbabətə keçişin qısa tarixidir. Bu tarixi dönüşün, bu əsərin müəllifi isə ulu öndər Heydər Əliyevdir. Ölkəmizdə müasir təbabətin dayanaqlı inkişafı üçün isə möhtərəm Prezident İlham Əliyevin yaratdığı ictimai-iqtisadi şəraitə və Türkiyə təbabətinə borcluyuq.

Nuru BAYRAMOV,

professor, AMEA-nın müxbir üzvü.