Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər vəhşicəsinə döyüb, işgəncə veriblər. Əsgərimizə verilən dəhşətli işgəncələri videoya çəkmək və paylaşmaq erməni faşizminin iç üzünün növbəti təzahürüdür. Əlləri bağlanmış, döyülərək yerə uzadılmış, köməksiz vəziyyətdə olan əsgərin üzünə təpiklə zərbələr vurulur. Sual olunur ki, ermənilər bu vəhşiliyi niyə sosial şəbəkələrdə tirajlayır və öz əməlləri ilə qürur duyurlar? Bununla, ermənilər vandal və faşist simalarını bir daha dünyaya nümayiş etdirir və özlərini ifşa ediblər. Amma bunlar ifşa olunmaqdan zövq alıblar həmişə.
Əsir düşmüş əsgərimizə qarşı törədilən bu işgəncəni, vəhşiliyi, barbarlığı sakit izləmək mümkün deyil. Gördüklərimiz bir daha sübut edir ki, yüz illər keçsə də, düşmənin faşist, vəhşi xisləti dəyişməmişdir. Həmçinin Ermənistanın adı gələndə həyasızcasına şivən qaldıran beynəlxalq təşkilatlar da, xüsusilə insan hüquqları müdafiə təşkilatları da ermənilər kimi öz xislətlərinə, ikili standartlara sadiq qalırlar: yenə də Azərbaycan adı gələndə kar və kordular.
Ermənistan tərəfindən əsirlərə qarşı edilən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır. Konkret olaraq "Hərbi əsirlərlə rəftar haqqında" III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməli və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdırlar.
Beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmişdir. Belə ki, oxşar hallarda erməni hərbçilər səhvən Azərbaycan ərazilərinə daxil olduqda, onlar tez və zərərsiz şəkildə geri qaytarılıb. Əksinə, yaralı erməni əsgərinə ilkin tibbi yardım da göstərilib. Çünki bizim dinimiz, mədəniyyətimiz bizə digər xalqlara qarşı vəhşiliyi təbliğ etmir.
Şübhəsiz ki, bu hadisə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə də mənfi təsirini göstərəcək. Azərbaycan XİN Ermənistan tərəfindən etnik zəmində zorakılığın növbəti nümunəsi olan sözügedən vəziyyət ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatları məlumatlandırıb. Xarici İşlər Nazirliyinin məlumatında da deyildiyi kimi, aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki şəxslərə, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidir. Bu, beynəlxalq müstəvidə süquta uğramaqda davam edən beynəlxalq hüququn bərpa olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq təşkilatların ədaləti bərpa edəcəyinə inamımız olmasa da, hüququn aliliyi prinsipindən yanaşaraq Azərbaycan beynəlxalq təşkilatları məsələ ilə əlaqədar tədbir görməyə çağırır.
Tamam CƏFƏROVA,
Milli Məclisin deputatı.