Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq
Sosial həyat

Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq

Müasir müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən daim uca tutularaq dərin ehtiramla yad olunur.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, dünən Ulu Öndərin vəfatının ildönümü ilə bağlı ədliyyə işçiləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri qoyub, dahi rəhbərə sonsuz ehtiramlarını bildiriblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər çiçəklər düzülüb. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də məzarları üstünə gül dəstələri qoyularaq xatirələri yad edilib.

Sonra nazirlikdə Ulu Öndərin büstü önünə gül səbəti qoyulub. Heydər Əliyev muzeyində keçirilən anım tədbirində əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək şərəfli və mənalı ömrünü doğma Vətəninə və xalqına həsr edən ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib. Nazir bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmiz böyük quruculuq yolu keçdi, bugünkü müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılaraq azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.

Ümummilli Liderin əzəli torpağımız Qarabağa olan həssas münasibəti və diqqəti xüsusi qeyd olunub, Heydər Əliyev amilinin, onun gücü və qüdrətinin erməni millətçilərini ölkəmizə qarşı təxribatlardan çəkindirdiyi vurğulanıb. Yalnız Ulu Öndər vəzifələrindən uzaqlaşdırıldıqdan sonra xalqımızın başına böyük bəlalar gətirilib, yenicə qovuşduğu müstəqilliyi itirmək təhlükəsi ilə qarşılaşıb, torpaqlarımız işğal altına düşüb.

Belə ağır şəraitdə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyası, cəsarətli və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən qurtararaq müstəqilliyimizi dönməz və əbədi etdi.

Müasir Azərbaycan dövlətinin dahi rəhbərin layiqli siyasi varisi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli davamlı tərəqqisinin təmin olunduğu, doğma torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı Ümummilli Liderin ən böyük arzusunun reallığa çevrildiyi vurğulanıb. Azərbaycan Prezidentinin və birinci xanımın işğaldan azad olunan ərazilərimizə müntəzəm səfərləri, həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri doğma torpaqlarımızın dirçəldilməsini və xalqımızın öz dədə-baba yurdlarına qayıdışını təmin edir.

Tədbirdə Heydər Əliyevin zəngin və çoxşaxəli irsinin xalqımızın milli sərvəti olmaqla daim öyrənildiyi və təbliğ olunduğu bildirilib, bu sahədə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun mühüm fəaliyyəti xüsusi qeyd olunub.

Həmçinin bildirilib ki, Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidenti tərəfindən 2023-cü il "Heydər Əliyev İli" elan olunaraq tədbirlər planı təsdiq edilib, bununla bağlı nazirliyin kollegiya iclası keçirilərək dahi liderin dövlətçilik irsinə, müasir hüquq, o cümlədən məhkəmə sisteminin formalaşması və inkişafında müstəsna xidmətlərinə həsr olunan silsilə tədbirlər müəyyən olunub.

Anım günü ilə bağlı bütün struktur qurumlarda keçirilən tədbirlərdə ədliyyə işçiləri Ulu Öndərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib, dahi rəhbərin yüksək dövlətçilik amallarına hər zaman sadiq qalaraq respublikamızın hərtərəfli inkişafı və müasirləşməsi naminə ölkə başçısının ətrafında sıx birləşərək üzərlərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirəcəklərini vurğulayıblar.

Nazirliyin Heydər Əliyev muzeyində dahi şəxsiyyətin zəngin həyatından və titanik fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalarla tanışlıq olub, kinozalda filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilib, internet saytda, o cümlədən Ümummilli Liderə həsr olunan bölmədə və sosial media hesablarında məlumatlar paylaşılıb, ehsan məclisləri təşkil olunub.

Ülvi QARAYEV,

“Respublika”.