Zəngin inkişaf yolu keçən demokratik ruhlu Azərbaycan mətbuatı
Sosial həyat

Zəngin inkişaf yolu keçən demokratik ruhlu Azərbaycan mətbuatı

Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyul ayının 22-də dövrünün mütərəqqi ziyalısı Həsən bəy Zərdabinin böyük çətinliklə nəşrinə nail olduğu "Əkinçi" qəzetinin ilk nömrəsinin çapdan çıxması ilə qoyulmuşdur. İki il ərzində cəmi 56 nömrəsi dərc olunan "Əkinçi" xalqın milli oyanışında, özünüdərkində, maariflənməsində, cəhalətlə, xurafatla mübarizəsində əvəzolunmaz rol oynamışdır. Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani kimi mütəfəkkirlərin gərgin əməyi sayəsində nəşr olunan qəzetdə əsasən elm, mədəniyyət, maarif, ədəbiyyat və incəsənətin inkişafına dair materiallar dərc olunurdu.

Ana dilinin yad təsirlərdən qorunması, sadə, xalq dilinə yaxın olması uğrunda mübarizə aparan "Əkinçi" qadınların azadlığı, təhsili, cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün mübarizə aparan ilk milli mətbu orqanı idi. Qəzetin Gürcüstan, Dağıstan, Özbəkistan və s. yerlərə də yayılması rus hakim dairələrini ciddi şəkildə narahat etdiyindən 1877-ci ildə nəşri dayandırılmışdı. Milli mətbuatımızın bünövrəsini qoyan "Əkinçi"dən sonra "Ziya", "Kəşkül", "Kaspi" qəzetləri nəşr olunmağa başlamışdı.

XX əsrin əvvəllərində Həsən bəy Zərdabinin yolunu davam etdirən C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyovun yeni demokratik mətbuatın yaranması uğrunda gərgin mübarizələri 1903-cü ildə "Şərqi-rus", 1905-ci ildə "Həyat", 1915-ci ildə "Açıq söz", 1918-ci ildə "Azərbaycan" qəzetlərinin işıq üzü görməsi ilə nəticələnmişdi.

Demokratik ruhlu, milli qayəli Azərbaycan mətbuatı uzun, keşməkeşli yol keçmişdir. Xalqımızın ictimai fikrinin formalaşmasında Məhəmməd ağa Şahtaxtinskinin rəhbərliyi ilə ötən əsrin əvvəllərində işıq üzü görən "Şərqi-rus" böyük rol oynamış, dünyəvi elmlərin öyrənilməsi, ana dilinin qorunması, qadın azadlığı kimi mütərəqqi ideyaların carçısı olan qəzet Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi.

Müxtəlif vaxtlarda "Təkamül", "Yoldaş", "Tazə həyat", "İttifaq", "Səda", "Sədayi-vətən", "Sədayi-həqq", "Sədayi-Qafqaz", "Molla Nəsrəddin", "Dəvət-Qoç", "Bakinski raboçi", "Dəbistan", "Hilal", "Tərəqqi", "Tuti", "Kəlniyyət", "Babayi-Əmir" və s. adlı dövrün, zamanın çatışmazlıqlarını əks etdirən , xalqın güzəranının, həyatının aynası olan qəzet və jurnallar fəaliyyət göstərsə də, qısa müddət sonra bağlanırdı. "Şərqi-rus" qəzetinin yaradıcılarından olan Cəlil Məmmədquluzadənin şəxsi təşəbbüsü və redaktorluğu ilə ilk satirik jurnal - "Molla Nəsrəddin" 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr olunmuşdu. Məqalələr, kəskin tənqidlər, felyetonlar, məzhəki şeirlər, satirik hekayələr, lətifələr, karikaturalar və illüstrasiyaların dərc olunduğu jurnal haqqında "İrşad" qəzetində Ə.Ağaoğlu yazırdı: "Baxın "Molla Nəsrəddin"ə. Bu cəridə nə gözəl cəridədir. Nə qədər ağıl, zəka, məharət və zövq göstərir. Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi tayfalar belə cəridələri ilə fəxr edirlər".

Mövqeyi, dövrün çatışmazlıqlarına qarşı kəskin mübarizəsi, hadisələrə fərqli yanaşması ilə Azərbaycanın ictimai-siyasi həyatında əvəzolunmaz xidmətlər göstərən "Molla Nəsrəddin" jurnalında müxtəlif başlıqlı - "Bilməli xəbərlər", "İçəri xəbərlər", "Məzəli xəbərlər", "Teleqraf xəbərləri", "Qafqaz xəbərləri", "Ticari və ekoloji xəbərlər" başlıqları altında yazılar dərc edilir və yazıların xalq kütləsi tərəfindən asan qavranılması üçün zəngin ana dilimizin bütün imkanlarından, o cümlədən atalar sözü, tapmaca və bayatılardan istifadə edilirdi. Dövrün reallıqlarını əks etdirən, xalqı öz hüquqları uğrunda mübarizəyə çağıran, onun hüquqlarını əlindən alan məmurlara qarşı sərt mövqedə dayanan jurnal nəşrə başladığı ilk gündən son nömrəsinə qədər mövhumata, cahilliyə qarşı çıxmışdır. Din xadimlərinin, ruhanilərin, mollaların təzyiqlərinə baxmayaraq, jurnal Tiflis, Bakı, İrəvan, Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Şəki, Dərbəndlə yanaşı, şimallı-cənublu Azərbaycanın, Cənubi Qafqazın hüdudlarını aşaraq hər yerdə öz oxucusunu tapırdı. Sonralar Cəlil Məmmədquluzadə xatirələrində yazırdı: "Molla Nəsrəddin"də açıq ana dili ilə yazdığımız mətləbləri hamı açıq başa düşdü, elə asan başa düşdü ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı. Birinci nömrəmiz türk dünyasına dağılan kimi tək bircə həftənin içində hər bir yerdən, yazdığımız suallara haman aydın "Molla Nəsrəddin" dilində idarəmizə aydın cavablar gəldi". İslam dünyasında demokratik mətbuatın inkişafında böyük rol oynayan "Molla Nəsrəddin"in təsiri ilə "Azərbaycan", "Bəhlul", "Zənbur", "Mirat", "Arı", "Kəlniyyət", "Lək-lək", "Tuti", "Məzəli", "Babayi-Əmir", "Şeypur", "Məşəl" kimi anadilli satirik jurnallar da nəşr olundu.

1918-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi milli mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoydu. O dövrün görkəmli ziyalılarından Şəfi bəy Rüstəmbəyli, Cəmo bəy Hacınski, Üzeyir bəy Hacıbəyov, Ceyhun bəy Hacıbəyov, Cəfər Cabbarlı kimi mütəfəkkirlər milli mətbuatın inkişafında əvəzsiz xidmət göstərdilər. Həmin illərdə ilk dövlət qəzeti işıq üzü gördü, həmçinin müstəqil mətbu orqanlar nəşrə başladı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra "Kommunist", "Bakinski raboçi", "Vışka", "Azərbaycan gəncləri", "Bakı", "Baku", "Ədəbiyyat və incəsənət" və sair mətbuat orqanları yarandı. 1969-cu ilin 14 iyulunda ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi milli mətbuatın inkişafında əsaslı dönüşə səbəb oldu. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması bu istiqamətdə aparılan işlərə misilsiz töhfə verdi. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Müstəqilliyimizin bərpasından sonra isə bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə, milli mətbuat ənənələrinin davam etdirilməsinə yol açdı.

Özünəməxsus inkişaf yolu keçən, xalqın maariflənməsində, dünyagörüşünün formalaşmasında, kamilləşməsində misilsiz rol oynayan Azərbaycan mediasının, kütləvi informasiya vasitələrinin cəmiyyətə təsiri bu gün özünü daha qabarıq şəkildə büruzə verir. Belə ki, cəmiyyətin intellektual səviyyəsi yüksəldikcə "dördüncü hakimiyyət" adlandırılan medianın öhdəlikləri də artır, cəmiyyətdə mövcud reallıqlara münasibətin formalaşmasında media nümayəndələrinin qarşısına daha böyük, ciddi tələblər qoyulur. Ümummilli lider Heydər Əliyevin mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Demokratik inkişafı azad mətbuatsız təsəvvür etməyin mümkünsüzlüyünü, məsuliyyətli medianın yalnız qanunların işlədiyi ölkələrdə inkişaf etdiyini dönə-dönə vurğulayan ölkə başçısı İlham Əliyev Azərbaycan mətbuatının tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməsi üçün son illərdə bir sıra qanun və sərəncamlar imzalamış, Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" qanun isə Azərbaycan mediasında yeni mərhələnin başlanğıcı olmuşdur. Azərbaycan jurnalistikasında söz, fikir azadlığını, demokratiyanın inkişafını özündə əks etdirən siyasət nəticəsində bu gün Azərbaycan dünyada azad sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Mehparə ƏLİYEVA,

"Respublika".