Qəhrəmanlıq unudulmur
Sosial həyat

Qəhrəmanlıq unudulmur

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və əməkdaşları Lənkəranda şəhid ailələrini ziyarət edib.

Ziyarət zamanı idarə rəisi Bəxtiyar Qılıncov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük İkinci Qarabağ müharibəsində düşmən üzərində qazandığı şanlı qələbədən, Vətən uğrunda son damla qanına qədər döyüşüb şəhidlik zirvəsinə ucalan oğlanların şərəfli həyat yolundan, odlu səngərlərdə göstərdiyi şücaətindən danışıb. Həmçinin idarə rəis şəhid ailələrinə, müharibə veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da söhbət açıb.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını bildiriblər.

Astara rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları isə 44 günlük Vətən müharibəsi şəhidi, Baba Əhməd oğlu Qasımovun ailəsində olublar. Görüşdə Vətənini canından üstün tutub yolunda şəhid olan Babanın igidliyi haqqında danışmış, onun xalqın qəlbində əbədi yaşamaqla, gələcək nəsillərə də örnək olacağını deyiblər.

Baba Qasımov Vətən müharibəsi zamanı Qubadlının azad edilməsi istiqamətində gedən şiddətli döyüşlərdə şəhadətə qovuşub. Azərbaycan Prezidentinin müvafiq Sərəncamları əsasında ölümündən sonra "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", Füzulinin, Qubadlının və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

Muzeyin əməkdaşları daha sonra şəhidin ev muzeyində qorunan əşyaları ilə tanış olublar.

Şəhid ailəsinin üzvləri ölkəmizdə qazi və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqətə görə təşəkkür ediblər.

Zəfər.