Ukrayna səfiri: Heydər Əliyev Ukrayna-Azərbaycan dostluq münasibətlərinin təməlini qoyub
Gündəm

Ukrayna səfiri: Heydər Əliyev Ukrayna-Azərbaycan dostluq münasibətlərinin təməlini qoyub

Bu gün həm azərbaycanlılar, həm də ukraynalılar üçün xüsusi gündür. Çünki bu gün biz Ümummilli Lider Heydər Əliyevin xatirəsini anırıq. Fikrimcə, məhz Heydər Əliyev Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin təməlini qoyan insan olub. Heydər Əliyev hazırda ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığı yaradıb. Şübhəsiz ki, Azərbaycan xalqının Ümummilli Lideri tərəfindən qoyulan təməlin sayəsində biz indi Azərbaycan xalqının böyük dəstəyini hiss edirik.

"Respublika" xəbər verir ki, bu fikirləri jurnalistlərə müasir müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin anım günündə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edən Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski bildirib.

“Ukraynada vəziyyət həqiqətən mürəkkəbdir, lakin haqq Ukraynanın tərəfindədir”, - deyən səfir xatırladıb ki, Ukraynanın bir neçə həftə və ya bir neçə ay tab gətirəcəyinə əvvəlcə inanan az idi. İndi isə onun sözlərinə görə, ölkə artıq iki ilə yaxındır ki, təcavüzə sinə gərir və öz torpaqlarının bir hissəsini qaytarmağa nail olub.

“Bu səbəbdən mən əminəm ki, öz ərazi bütövlüyünü və müstəqilliyini bərpa edən Azərbaycan xalqının yaşadığı eyni sevindirici hadisəni bir müddətdən sonra biz də yaşayacağıq”, - deyə Vladislav Kanevski əlavə edib.

Kiyevin tərəfdaşlarından danışan səfir Ukraynanın dövlət başçısının Amerika Birləşmiş Ştatlarına səfərini, bu səfər çərçivəsində Ukraynanın dəstəklənməsinə yönələn mühüm razılaşmalar əldə ediləcəyinin gözlənildiyini qeyd edib.

“Paralel olaraq Brüsseldə, Avropa İttifaqında tədbirlər keçirilir, söhbət Ukraynanın bu təşkilatdakı üzvlüyündən gedir. Bu, əlbəttə, bu gün, sabah və hətta birigün olmayacaq. Lakin Ukrayna müxtəlif istiqamətlərdə irəliləyir və biz pozitiv əhvali-ruhiyyədəyik. Gerçəklik bizim tərəfimizdədir və bizə kömək edən dost ölkələr, o cümlədən Azərbaycan yanımızdadır”, - deyə səfir əlavə edib.