Almatıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
Gündəm

Almatıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Qazaxıstanın Almatı şəhərində yaşayan Azərbaycan icması Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Qazaxıstanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Respublika"-ya bildiriblər ki, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı filialının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Qazaxıstandakı səfirliyinin, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Qazaxıstanın və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə filialın sədri Qəhrəman Sadiyev açıb. O, tədbir iştirakçılarını hər iki əlamətdar gün münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatıdakı nümayəndəsi Anar Hüseynzadə, Türk Xalqları Mədəniyyət Fondunun direktoru Ahmet Dağduran, tanınmış yazar Nasixa Kenjina və başqaları əlamətdar tarixlərin əhəmiyyətindən danışıblar Azərbaycan diasporunun Qazaxıstandakı fəaliyyəti yüksək qiymətləndirilib. Multikultural dəyərlərə malik ölkələrimizin dünyada böyük nüfuza malik olduqları, son illərdə türk dövlətlərinin birlik prosesinin sürətlə getdiyi, türk dövlətləri həmrəyliyinin bütün sahələrdə qarşılıq əlaqələrin inkişaf perspektivlərinə müsbət təsir etdiyi vurğulanıb.

Qeyd edilib ki, 1991-ci ilin dekabrın 16-da görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən elan edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə ən yaxşı hədiyyə Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpa olunması və Qarabağ münaqişəsinə birdəfəlik son qoyulması olub.

Tədbir konsert proqramı ilə yekunlaşıb.