Uğurlu beynəlxalq platforma - Qoşulmama Hərəkatı
Siyasət

Uğurlu beynəlxalq platforma - Qoşulmama Hərəkatı

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə - Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşünə evsahibliyi etdi. Dövlətimizin Qoşulmama Hərəkatına sədrliyi və belə əhəmiyyətli tədbirlərə evsahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Əminliklə qeyd edə bilərik ki, Bakı artıq dünyanın diplomatik paytaxtlarından birinə çevrilmişdir.

Ölkə başçımızın vacib məsələlərə münasibət bildirməsi ilə yaddaqalan tədbir beynəlxalq problemlərə adekvat yanaşma sərgilədi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının nazirlər görüşündə çıxışı zamanı bir sıra vacib məqamlara toxundu. Mötəbər beynəlxalq tribunadan dünyada sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxaran səbəbləri açıq şəkildə dilə gətirən İlham Əliyev ayrı-seçkiliyi islamofobiya, yeni imperializm və neokolonizm kimi üç qrupda təsnifatlandırdı. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırması dünyanın diqqət mərkəzinə düşdü.

"Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır", - deyən ölkə başçısı bildirdi ki, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.

Hərəkatın qlobal çağırışlara çevik və əsaslı reaksiya verməsi olduqca vacib məqamdır ki, bu xüsusda ölkəmizin sədrliyi ilə QH öz fəallığını daha da artırmışdır.

Bildirək ki, 1961-ci ildə yaradılan təşkilatın hazırda 120 üzvü, 17 müşahidəçi dövlət və 10 beynəlxalq müşahidəçi təşkilat üzvü var.

Bu gün ölkəmiz dünyada COVID-19-a qarşı fəal mübarizə aparan dövlət kimi qəbul edilir. Azərbaycanın bu sahədə yüksək təcrübəsi, verdiyi dəyərli töhfələr, sonrakı addımların atılması ilə bağlı qərarları ölkəmizin beynəlxalq arenada artan nüfuzundan xəbər verir. Pandemiya dövründə bir çox zəngin ölkələr lazım olduğundan daha çox peyvənd alırdılar, buna görə də digər ölkələr peyvənd əldə edə bilmirdilər. Azərbaycan Respublikası COVID-19 virusunun geniş yayıldığı və minlərlə can aldığı bir dövrdə 30-dan çox ölkəyə humanitar yardım göstərmiş, 5 ölkəyə isə 150 min doza peyvənd ianə etmişdir.

2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatı üzvlərinin yekdil qərarı ilə BMT-dən sonra ikinci ən böyük təsisat olan QH-yə sədrliyə başladı. Danılmaz faktdır ki, həmin dövrdə Qoşulmama Hərəkatı indiki qədər nüfuz sahibi deyildi. Məhz Azərbaycanın, ölkə başçımızın liderliyi ilə həyata keçirilən tədbirlər QH-nin nüfuz dairəsini genişləndirdi. Təsadüfi deyil ki, Azərbaycanın sədrlik müddəti Hərəkat üzvlərinin yekdil qərarı ilə daha bir il uzadıldı. Qeyd edək ki, Azərbaycan 26 may 2011-ci il tarixdə İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatına üzv dövlətlərin dəstəyi ilə Hərəkata tamhüquqlu üzv qəbul edilmişdi. 2012-ci ilin may ayında isə Qoşulmama Hərəkatının növbəti iclasında Yekun Sənədə Qarabağ münaqişəsi ilə bağlı bənd də daxil edilmiş və QH üzv dövlətləri tərəfindən Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə edilmişdir.

44 günlük İkinci Qarabağ müharibəsi zamanı, 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısı 7 QH ölkəsi tərəfindən inamla alınmış, Qoşulmama Hərəkatı Azərbaycanın haqq işini dəstəkləmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Azərbaycan Prezidentinin qlobal təhdidlərə qarşı lazımi manevrləri etmə qabiliyyəti və bu xüsusda ardıcıl şəkildə irəli sürdüyü təklif və təşəbbüslər, verdiyi humanist qərarlar Hərəkat üzvləri ilə yanaşı, digər dövlətlər tərəfindən də dəstəklənir. Yeniliklərə misal olaraq Hərəkata üzv olan dövlətlərin Parlamentlər Şəbəkəsinin yaradılmasını qeyd etmək olar. Prezident İlham Əliyevin bütün üzv dövlətlər tərəfindən dəstəklənən bu təşəbbüsü yüksək qiymətləndirilir. 200-ə qədər nümayəndənin iştirak etdiyi təsis iclası - beynəlxalq təşkilatların istisnasız olaraq təqdir etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ilk konfransı parlament diplomatiyası üçün yeni bir addım idi. Bununla yanaşı, 2022-ci il iyulun 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrdən olan Gənclər Sammitinin öz işinə başlaması görülən işlərə daha uğurlu bir misaldır.

Şübhə yoxdur ki, BMT-dən sonrakı ən böyük platforma kimi QH-nin fəaliyyət istiqamətləri Azərbaycanın vasitəçiliyi ilə daha da genişlənəcək, Qoşulmama Hərəkatının müasir çağırışlara adekvat yanaşma sərgiləyən qurum kimi nüfuzu daha da artacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".