Böyük Qayıdışa doğru sürətli quruculuq
Siyasət

Böyük Qayıdışa doğru sürətli quruculuq

İşğal zamanı ermənilərin dağıtdığı, taladığı, viran qoyduğu Qarabağ və Şərqi Zəngəzur azad ediləndən sonra burada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, iri infrastruktur layihələr icra olunur, insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır. Bu günə qədər isə Azərbaycanın iqtisadiyyatı, hərbi sənayesi, ordu quruculuğu durmadan inkişaf etdirilmiş, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə dörd Dövlət Proqramı həyata keçirilmişdir.  Həmin mühüm dövlət sənədlərində həyatın bütün sahələrinin dirçəldilməsi, məşğulluğun təmin edilməsi nəzərə alınmışdır. Bir vaxtlar cəbhə xəttinə yaxın ərazilərdə xəstəxanaların inşa edilməsinə bəziləri irad bildirir, dodaq büzür, bu ərazilərdə səhiyyə ocaqlarının tikilməsini israfçılıq hesab edirdilər. Lakin həyat göstərdi ki, həmin tibb müəssisələri Vətən müharibəsində yaralanan yüzlərlə əsgər və zabitimizi ölümün pəncəsindən xilas etdi.

Uzun illər ərzində respublikamızda  aparılmış səmərəli sosial-iqtisadi siyasət və iqtisadi islahatların dönmədən və ardıcıllıqla həyata keçirilməsi xalqımızı ən çətin sınaqdan üzüağ çıxartdı. Belə  ki, məhz 2003-cü ildən başlayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda yeni iqtisadi siyasət strategiyası həyata keçirilməyə başlanılıb və dövlət başçısının ilk fərmanları da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi və regionların sosial-iqtisadi inkişafı haqqında olub. Təsadüfi deyil ki, prezidentlik fəaliyyətinin ilk dövründə İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərmanı iqtisadi islahatların başlanılmasına çox böyük stimul verdi. Baxmayaraq ki, ərazisinin bir hissəsi işğal altında idi, bir milyona yaxın məcburi köçkün problemi var idi, bununla belə respublikada inkişafın təməli qoyuldu və bununla da iqtisadiyyatın şaxələndirilməsinə başlanıldı, Azərbaycan yeni və müasir ordu quruculuğu yolu ilə irəlilədi. Bütün bu illər ərzində xalqımız öz Prezidentinə inam və etibar nümayiş etdirdi.

Bu inam və qətiyyətin mahiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin  illərlə yorulmadan, səbirlə, əzmlə apardığı mübarizə dayanır.  İstər ölkədaxili, istər də xarici ölkələrdə keçirdiyi görüşlərdə, beynəlxalq tədbirlərdə Prezidentin çıxışlarının əsas məğzi Ermənistanın işğalı ilə bağlı olurdu. Dövlət başçısı İlham Əliyev bütün bu illər ərzində hər kəlməsində dəyişməz mövqe göstərir, xalqımızın işğalla barışmadığını bəyan edirdi. Bu gün işğalın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf tempinə görə dünyada xeyli irəlidə dayanır, əhalinin sosial müdafiəsi davamlı olaraq gücləndirilir.

2020-ci ilin payızında bütün dünya Azərbaycanın əldə etdiyi böyük  bir həqiqətin şahidi oldu ki,  Ermənistanın 30 ilə yaxın işğalda saxladığı torpaqlar azad edilib, 44 gün davam edən Vətən müharibəsindəki şanlı qələbəmiz müzəffər ordumuzun,  əsgər və zabitlərimizin şücaəti,  qəhrəmanlığı sayəsində qazanılıb. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunan bu qələbə rəşadətli ordumuzun və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik şücaəti sayəsində mümkün olub. Uzun illər davam edən Qarabağ münaqişəsi artıq keçmişdə qalıb.  

Erməni faşistlərin vurduğu yaralar çox dərinə işləyib, onları sağaltmaq üçün uzun illər lazım olacaq.  Belə ki, işğal zamanı təkcə Qarabağda 7 min müəssisə məhv edilib. Halbuki, həmin müəssisələr Azərbaycanın taxıl istehsalının 24, spirtli içki istehsalının 41, kartof istehsalının 46, ət istehsalının 18, süd istehsalının 34  faizini təmin edirdi. Əlbəttə, bu adi rəqəmlər dağıntıların və itkilərin miqyasını tam əhatə etmir. On min kvadratkilometr ərazi ermənilər tərəfindən xarabalığa çevrilib, 300 yaşayış məntəqəsi dağıdılıb, münbit torpaqlar səhraya çevrilib, təbiətə ölçüyə gəlməyən dərəcədə ziyan vurulub, hər tərəf minalarla çirkləndirilib. İndi həmin ərazilər addım-addım bərpa edilir, ermənilərin ölü zonaya çevirdikləri yerlərə həyat qayıdır.

Şanlı qələbə, inkişaf,  tərəqqi, sosial rifah, köklü islahatlar, gələcək hədəflərə inamlı addımlar Azərbaycanın qüdrətinin, gücünün, uğurlu siyasətinin ən yaxşı göstəriciləridir.  Təbii ki,  qalib ölkənin ictimai-siyasi həyatı yeni, həm də çox vacib bir mərhələyə qədəm qoyub. 30 ildir doğma yurdlarına həsrət qalan vətəndaşlarımız Böyük Qayıdışı səbirsizliklə gözləyirdilər. Artıq  Böyük Qayıdışa dair I Dövlət Proqramı Prezident tərəfindən təsdiq edilib. Təxminən 10 min kvadratkilometrdən artıq ərazini əhatə edən Böyük Qayıdış proqramı erməni təcavüzünün nəticələrinin aradan qaldırılması,  işğaldan azad olunmuş ərazilərin yenidən qurulması,  bərpası,  yurd yerlərinə  əhalinin geri qayıdışının təmin edilməsi, insanların rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin dayanıqlı inkişafına nail olunmasını əhatə edir. Məlumdur ki,  işğaldan azad edilən ərazilərimiz həm dağıntılara məruz qalıb,  həm də həmin yerlərdə saysız-hesabsız minalar basdırılıb.  ANAMA-nın məlumatına görə 2020-ci ilin noyabr ayından bu günədək işğaldan azad olunmuş rayonlarda minalardan 59 min 055 hektar ərazi təmizlənib, 76 min 810 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.  Bunlardan 13 211-i tank əleyhinə,  26 899-u piyada əleyhinə mina,  36 700-i isə partlamamış hərbi sursatlar olub.  Təəssüflər olsun ki,  İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində 268 nəfər mina partlayışından zərər çəkib,  onlardan 44 nəfəri həyatını itirib.

Dövlət Proqramının əsas məqsədlərindən birincisi işğaldan azad edilmiş ərazilərin minalardan,  partlamamış hərbi sursatlardan,  tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, ən önəmlisi isə ərazilərin yenidən qurulması, bərpası,  infrastruktur və istehsal obyektlərinin,  kənd təsərrüfatı təyinatlı torpaqların,  həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsi və sonrakı mərhələlərdə dayanıqlı inkişafa nail olunmasıdır.  Bunun üçün də ərazilər minalardan təmizləndikdən sonra ardınca bərpa-quruculuq işləri sürətlə və keyfiyyətlə aparılır. Bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir.  Beynəlxalq standartlara cavab verən avtomobil yolları,  dəmir yolları salınır,  iki hava limanı istifadəyə verilib, tarixi-dini abidələr bərpa edilir, bir sözlə, doğma torpaqlara qayıdış üçün hər cür şərait yaradılır. Qeyd edək ki,  Böyük Qayıdışa dair birinci Dövlət Proqramının yerinə yetirilməsi üçün bütün qurumların səfərbər edilməsi dövlətimizin gücünü və qəti mövqeyini göstərir.  

Dövlət Proqramının əsas istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili və həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası və dayanıqlı məskunlaşmanın təmin edilməsidir.  2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının,  avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış,  qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələrini ölkənin digər şəhər və rayonlarını birləşdirən nəqliyyat infrastrukturu yaradılır. Eyni zamanda,  işğaldan azad edilmiş ərazilərdə elektrik,  su,  qaz,  istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində də sistemli tədbirlər həyata keçirilir.  

2026-cı ilədək həyata keçirilməsi planlaşdırılan  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulub ki,  bu müddət ərzində  azad edilən ərazilərdə 34 500 mənzil və fərdi yaşayış evi inşa ediləcək. Tədbirlər planına əsasən,  bu evlər Ağdam,  Füzuli,  Şuşa,  Xocavənd,  Zəngilan,  Kəlbəcər,  Laçın,  Qubadlı,  Cəbrayıl,  Tərtər və Xocalı rayonlarında inşa ediləcək. Bundan başqa, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında Şuşa rayonunda 7,  Ağdam rayonunda 29,  Füzuli rayonunda 23,  Zəngilan rayonunda 21,  Kəlbəcər rayonunda 30,  Laçın rayonunda 21,  Qubadlı rayonunda 16,  Cəbrayıl rayonunda 25,  Xocavənd rayonunda 20,  Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumtəhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər planına uyğun olaraq azad edilən ərazilərdə torpaq islahatları aparılacaq. Belə ki,   İqtisadiyyat Nazirliyinə 2022-2025-ci illərdə torpaq istifadəçiliyi ilə bağlı məlumatların toplanması və vəziyyətin monitorinqini həyata keçirmək tapşırılıb.  Aqrar islahatlar nəticəsində kiçik və orta sahibkarlığın inkişafı təmin ediləcək,  yeni torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq.  Əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının bərpası,  müasir suvarma infrastrukturunun yaradılması, məhsuldar ərzaq istehsalı,  dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi nəticəsində Qarabağda və Şərqi Zəngəzurda kənd təsərrüfatı məhsullarının istehsalı artırılacaq.

 Böyük Qayıdışla bağlı Dövlət Proqramının əsas məqsədi işğaldan azad edilən ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər,  qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirməkdən ibarətdir. Həmçinin rayonlarda və kəndlərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığını təmin etmək Dövlət Proqramının əsas istiqamətlərindən birini təşkil edir.  Turizmin perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq, ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək, təbii resurslardan səmərəli və effektiv istifadə diqqət mərkəzində saxlanılıb.  

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu barədə danışarkən bildirib ki,  keçmiş təmas xətti 200 kilometr uzunluğunda və 5 kilometr enində ərazini əhatə edib. Bu ərazinin piyada və tank əleyhinə minalarla,  partlamamış sursatlarla,  habelə, çoxlu metal və sursat qırıntıları ilə həddindən artıq çirklənmiş vəziyyətdə olması minatəmizləyənlərin işlərini çətinləşdirib. Buna baxmayaraq,  erməni faşizmi tərəfindən dağıdılan,  yerlə-yeksan edilən bütün şəhər və kəndlərdə tikinti,  bərpa-quruculuq layihələri Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: milli prioritetlər”,  “Strateji Fəaliyyət Planı” və “2022–2026-cı illər üçün Dövlət Proqramı” kimi strateji sənədlər əsasında icra olunur.  Həmin sənədlər yenidənqurma və inkişaf prosesinin 4 əsas mərhələsini müəyyənləşdirir.  Onlardan birincisi,  ümumi və baş planların layihələndirilməsi,  ikincisi,  minatəmizləmə və baza infrastrukturunun yaradılması,  üçüncüsü,  sosial,  ictimai və iqtisadi infrastrukturun tammiqyaslı şəkildə yenidən qurulması və inkişafı,  dördüncüsü isə keçmiş məcburi köçkünlərin Böyük Qayıdışıdır.  

Bərdə–Ağdam avtomobil yolunda işlər artıq yekunlaşmaq üzrədir.  Qrafik üzrə gələn ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulub.  Xatırladım ki,  cənab İlham Əliyev cari il oktyabrın 4-də Ağdama səfəri çərçivəsində bu yolda görülən işlərlə tanış olub. Yeri gəlmişkən,  başlanğıcını Bərdə şəhərindən götürən magistralın uzunluğu 44, 5 kilometr,  eni 26, 5 metrdir.  Birinci texniki dərəcəyə uyğun inşa olunan yol Qarabağın inkişaf planı nəzərə alınmaqla,  dörd hərəkət zolağından ibarətdir.  Ağdam–Füzuli avtomobil yolunun inşası da hazırda sürətlə davam etdirilir.  Bu yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq.  Yevlax–Xankəndi dəmir yolunun bir hissəsi olan Bərdə–Ağdam dəmir yolunun bərpası da sürətlə aparılır.  Artıq şəhərə daxil olan polad magistralın bu ilin sonunadək istismara verilməsi gözlənilir. Onu da qeyd edək ki,  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il oktyabrın 4-də Ağdam şəhərində dəmir yolu və avtovağzal kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.  Kompleksin 2024-cü ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyevin dediyi kimi, biz döyüşərək,  qan tökərək,  şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq.  Biz artıq burada yerləşmişik,  biz buraya qayıtmışıq,  doğma diyarımıza qayıtmışıq.  Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır,  şəhərlər yenidən qurulur,  kəndlər yenidən salınır.  Əlbəttə ki,  bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.  Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada,  tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.

                                        Salman ALIOĞLU,

                                          “Respublika”.