Üç mötəbər tədbiri, 30-dan çox ölkədən 300-dək şirkəti özündə birləşdirən Bakı Enerji Həftəsi işə başlayıb
Gündəm

Üç mötəbər tədbiri, 30-dan çox ölkədən 300-dək şirkəti özündə birləşdirən Bakı Enerji Həftəsi işə başlayıb

Dünəndən Bakı Enerji Həftəsi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 4-6 iyun tarixlərində keçiriləcək tədbir çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumu keçiriləcək.

Dünən artıq "Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində təşkil olunub və daha iki gün davam edəcək. Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil olunacaq.

Bakı Enerji Həftəsində 30-dan çox ölkədən 300-dək şirkət iştirakını təsdiq edib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar.

"Caspian Oil&Gas" sərgisi çərçivəsində Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi müzakirə olunub. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunub.

Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji "Caspian Power" sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olub. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş edilib.

Sərgi çərçivəsində Heydər Əliyev adına yarımdalma qazma qurğusu maketinin nümayişi, "Mədəni" rəqəmsal kontent müəllifi tərəfindən Rəqəmsal rəsmlər toplusu, Qərbi Kaspi Universitetinin Dizayn fakültəsindən olan tələbələrin əl işlərindən ibarət sərgisi nümayiş olunub və "Stereotipləri qıraraq: Enerji Həllərinin Formatlaşdırılması", "Sürətli və təhlükəsiz logistikada rəqəmsal gömrük dəstək mexanizmləri" mövzularında panel diskussiyaları baş tutub.

Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Misir və Oman regionlarında layihələr üzrə vitse-prezident Kahal Kelli "Stereotipləri qıraraq: Enerji Həllərinin Formatlaşdırılması" mövzusundakı panel diskussiyasında çıxışı zamanı vurğulayıb ki, "Şahdəniz" qlobal layihədir. O bildirib ki, müasir texnologiyalar, dənizaltı sistemlər, Cənub Qaz Dəhlizi vasitəsilə TANAP və TAP-dan qaz ixrac edilməsi möhtəşəm infrastrukturun nəticəsidir.

"Yeni texnologiyaları bir araya gətirdikcə dünya sürətlə inkişaf edir. Biz süni intellektdən istifadəni genişləndirməliyik. Azərbaycanın kifayət qədər gözəl imkanları var. Eyni zamanda, biz hər zaman təhlükəsizlik və keyfiyyəti də ön planda tuturuq", - deyə Kahal Kelli vurğulayıb.

"Nobel Energy" şirkətinin idarə heyətinin üzvü Riçard Daff öz çıxışında qeyd edib ki, neft hasilatında yeni texnologiyaların tətbiqi xərclərin 30 faiz azalmasına səbəb olur. O diqqətə çatdırıb ki, dərin sularda və dənizin dibindən neftin çıxarılması çox baha başa gəldiyi üçün yeni texnologiyalar mütləq lazımdır. Onun sözlərinə görə, "Nobel Energy" şirkəti Xəzərin dərin sularında neft hasilatını və nəqlini yeni texnologiyaların tətbiqi ilə həyata keçirir.

"Dərin sularda 30 milyon barel neftin çıxarılması üçün 100 milyon dollar sərmayə yatırmaq səmərəli deyil. Lakin yeni texnologiyaların tətbiqi ilə bu işi səmərəli və qazanclı formada həyata keçirmək olar. Xəzər dənizində dalğaların hündürlüyü Şimal dənizində olduğu kimi mütəmadi 10 metrə çatmır. Xəzər nisbətən sakit dənizdir və burada əməliyyatlar aparmaq daha səmərəli və rahatdır. Azərbaycan hökuməti SOCAR ilə yanaşı digər şirkətlərə də yeni texnologiyaların tətbiqi ilə bağlı köməklik göstərir", - deyə R.Daff nəzərə çatdırıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov bildirib ki, şirkətin əsas hədəfi azalma tempini stabilləşdirmək və onu bir müddət saxlamaqdır. O bildirib ki, əsas hədəflərdən biri ölkədə neft hasilatının azalmasının qarşısının alınması çərçivəsində "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunda istehsalatın aşağı düşmə templərini stabilləşdirməkdir.

"Azərbaycan təbii neft və qaz yataqları ilə zəngin ölkədir. Azərbaycanda quruda və dənizdə kifayət qədər infrastruktur qurulub", - deyə B.Hüseynov vurğulayıb.

"Sürətli və təhlükəsiz logistikada rəqəmsal gömrük dəstək mexanizmləri" mövzusundakı panel diskussiyasında çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Riskləri İdarəsinin böyük inspektoru Günəş Hacıyeva diqqətə çatdırıb ki, son dövrlər komitə tərəfindən müasir texnologiyaların son nailiyyətlərindən istifadə edərək bir sıra yeni layihələr həyata keçirilib, yeni məhsullar və xidmətlər istifadəyə verilib. O bildirib ki, bu layihələrdən biri olan Gömrük Rəsmiləşdirilməsi Platforması (GRP) idxal, ixrac və tranzit əməliyyatlarına dair məlumatların rəqəmsal həllər əsasında toplanması, emalı, təhlili, mübadiləsi üzrə kompleks həlləri özündə birləşdirir. Onun sözlərinə görə, süni intellekt əsaslı avtomatlaşdırılmış risk analiz sistemi (ARAS) tətbiq olunduqdan sonra cari ilin birinci rübündə nəqliyyat vasitələrinin sərhədkeçmə müddəti 46 faiz azalaraq 50 dəqiqədən 27 dəqiqəyə enib.

"ARAS-ın tətbiqindən sonra sərhədkeçmə prosesi zamanı nəqliyyat vasitələrinin qeydiyyata alınma müddəti də sürətlənib. Belə ki, bu ilin ilk rübünün göstəricilərinə görə qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı 63 min 52-dən 66 min 572-yə yüksəlib. Həmçinin sərhədkeçmə üzrə yaşıl dəhlizin payı 56 faiz, qırmızı dəhlizin payı isə 44 faiz olub. Gömrük rəsmiləşdirməsi üzrə isə yaşıl dəhlizin payı 57 faiz, qırmızı dəhlizin payı 13 faiz, sarı dəhlizin payı 30 faiz təşkil edib. Yaşıl dəhliz üzrə 94 faizlik dəqiqlik qeydə alınıb", - deyə o diqqətə çatdırıb.

DGK-nın Tranzit şöbəsinin inspektoru Ləman Xəlilova öz növbəsində qeyd edib ki, Transxəzər Gömrük Tranzit Portalının fəaliyyəti ilə bağlı Çərçivə Sazişi imzalanmalıdır. O bildirib ki, artıq Çərçivə Sazişinin layihəsi Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanıb və Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistana göndərilib: "Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə hazırlanan Transxəzər Gömrük Tranzit Portalı orta dəhliz ölkələrinin gömrük orqanları tərəfindən elektron şəkildə təqdim edilən sənəd və məlumatların öncədən emalı hesabına yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşınmalar üçün səmərəli nəzarətə şərait yaradan, yaşıl mühitə töhfə verən rəqəmsal qovşaq mexanizmidir. Bu portal mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında dəhliz boyu hərəkətinə, məlumatların elektron qaydada mübadiləsinə, əvvəlcədən təqdim edilmiş gömrük tranzit bəyannaməsinin tranzit sənədi kimi istifadəsinə imkan yaradacaq".

O həmçinin əlavə edib ki, portal gömrük xidmətlərinin asanlaşdırılması və səmərəliliyinin artırılması, risklərin təhlili əsasında gömrük nəzarəti formalarının tətbiqi barədə qərar qəbul edilməsi, gömrük nəzarəti nəticələrinin mübadiləsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular xüsusi yer tutur. Tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan "Zero Waste" prinsipinə sadiq qalaraq, 2024-cü ildə də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. Beynəlxalq "Zero Food Waste" təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək.

Bakı Enerji Forumu iyunun 5-də Bakı Konqres Mərkəzində keçiriləcək. Forumda "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq", "Enerji təhlükəsizliyi 2.0", "Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı", "Yeni texnologiyalar və rəqəmsallaşdırma" kimi mövzular müzakirə olunacaq.