İnanırıq ki, erməni əsilli Azərbaycan vətəndaşları tarixi fürsəti dəyərləndirəcəklər
Gündəm

İnanırıq ki, erməni əsilli Azərbaycan vətəndaşları tarixi fürsəti dəyərləndirəcəklər

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-da Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri öz bəhrəsini verdi.  Qarabağdakı separatçı rejimin və Ermənistan dövlətinin qanunsuz silahlı birləşmələri 24 saat Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmədi. Ordumuz ermənilərin hərbi texnikalarını dəqiq atəşlə sıradan çıxardı və ermənilər təslim olduqlarını bildirərək ağ bayraq qaldırdılar. 20 sentyabr 2023-cü il Azərbaycan tarixinə uğurlu səhifə kimi yazıldı.

Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva bildirdi ki, 2020-ci il Vətən müharibəsindəki qələbəmizdən sonra Prezident İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaranması, bölgənin rifahı, iqtisadi və siyasi cəhətdən inkişaf etdirilməsi naminə sülh sazişi bağlamağı təklif etdi. Çox təəssüf ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən bəzi Qərb dövlətləri Ermənistandan alət kimi istifadə etdilər. Ermənistanın baş naziri Paşinyan Qərb dövlətlərinin diktəsi ilə hərəkət etməyə və Qarabağdakı separatçıları dəstəkləməyə davam etdi.

Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin dəstəklədiyi Qarabağdakı separatçı rejimin nümayəndələrinə dəfələrlə xəbərdarlıq etmişdir ki, tərk-silah olsunlar və Azərbaycan cəmiyyətinə inteqrasiya olunsunlar. Bundan sonra onlar Azərbaycan qanunlarına uyğun firavan həyat sürə bilərlər. Qarabağdakı cinayətkar xunta rejimi isə orada yaşayan sadə erməniləri qorxu altında saxlayırdı. Antiterror tədbirləri başa çatdıqdan sonra Qarabağdakı sadə ermənilər də bu rejimdən xilas oldular.

Ölkə başçısı çıxışında erməni əsilli sakinlərin Azərbaycan cəmiyyətinin bir hissəsi olduğunu, onların öz dilini, dinini, mədəniyyətini qoruyub saxlamaları üçün hər cür şərait yaradılacağını xüsusi vurğuladı.

Millət vəkili onu da qeyd etdi ki, bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və ermənilərin reinteqrasiyasından sonra Xankəndi və bütün ətraf rayon və kəndlərimizdə də böyük quruculuq və abadlıq işləri aparılacaq. Ümid edirəm ki, Prezident İlham Əliyevin erməni əsilli Azərbaycan vətəndaşlarına verdiyi bu tarixi fürsəti onlar dəyərləndirəcək və vətəndaşı olduqları Azərbaycan dövlətinin tərəqqisi və inkişafında iştirak edəcəklər.

M.QULUYEV,

"Respublika".