Türkiyənin UNESCO-ya üzv seçilməsi qeyri-konstruktiv yanaşmanı aradan qaldıracaq
Siyasət

Türkiyənin UNESCO-ya üzv seçilməsi qeyri-konstruktiv yanaşmanı aradan qaldıracaq

UNESCO-nun "İştirakçı Dövlətlərin 24-cü Baş Assambleyası" sessiyasında keçirilən səsvermə nəticəsində Türkiyənin 4 il müddətinə təşkilatın Ümumdünya İrs Komitəsinə üzv seçilməsi Türk dünyası üçün əlamətdar hadisədir.

UNESCO BMT-nin elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qurumudur və təşkilatın əsas məqsədi irqindən, cinsindən, dilindən, dinindən asılı olmayaraq təhsil, elm, mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etməkdir.

UNESCO ilə Azərbaycan arasında ümumbəşəri dəyərlər əsasında səmərəli və effektiv əməkdaşlıq mövcuddur. Lakin Fransa nümayəndəsi Odri Azulenin təsisata rəhbərliyi dönəmindən Azərbaycanla UNESCO arasında münasibətlər arzuolunmayan səviyyədədir.

2017-ci ildən Odri Azulenin rəhbərliyi altında UNESCO daha çox Fransa Xarici İşlər Nazirliyinin bir departamenti kimi fəaliyyət göstərərək özünün Nizamnaməsinə, həmçinin qəbul etdiyi çoxsaylı proqramlara uyğun olmayan şəkildə Fransanın yeni müstəmləkəçilik siyasətinin bir aləti kimi çıxış edir. 30 ilə yaxın bir dövrdə ərazilərinin işğalda qaldığı zaman Azərbaycanın dəfələrlə müraciətlərinə baxmayaraq, UNESCO Qarabağ və Şərqi Zəngəzurda dağıdılan mədəni-tarixi irs nümunələrinin, o cümlədən təhsil müəssisələrinin vandalizm qurbanına çevrilməsinə göz yummuşdur. Lakin Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Fransanın təhriki ilə bölgədə "erməni irsinin" müdafiəçisi qismində çıxış etməyə başlamışdır.

İşğal dövründə Ermənistanın etnik təmizləmə siyasətinin bir parçası olaraq azərbaycanlıların Qarabağ və Şərqi Zəngəzurdan izinin silinməsi məqsədilə maddi-mədəni irsinin, o cümlədən dini abidələrin qəsdən məhv edilməsinə, məscidlərdə donuz və inək saxlanmasına, habelə 67 məsciddən 63-nün yerlə-yeksan edilməsinə susqunluqla yanaşan UNESCO Azərbaycan işğala son qoyduqdan sonra həmin ərazilərdə erməni abidələrinin qorunması istiqamətində çox radikal mövqe sərgiləmişdir.

Baxmayaraq ki, Qarabağ və Şərqi Zəngəzurda erməni abidələri, xüsusən kilsələri mövcud deyildir və UNESCO bu kimi çıxışları ilə Azərbaycan tarixinin ayrılmaz parçası olan Alban xristian abidələrinin erməni abidələri kimi tanınması istiqamətində qeyri-rasional və qeyri-konstruktiv mövqe nümayiş etdirməklə bölgədə ona olan etimadı itirmişdir.

Lakin bu o demək deyil ki, Azərbaycan UNESCO ilə əməkdaşlığın perspektivlərini görmür. Əksinə, biz UNESCO-nun Nizamnaməsində elm, təhsil, mədəniyyət, həmçinin qlobal sülh və təhlükəsizlik adına ifadə olunan ali niyyətləri alqışlayır və bu təsisatın ən qısa müddətdə siyasi təsirlərdən azad olaraq öz məqsədlərinə doğru inkişafını arzulayırıq. Bu mənada, Türkiyənin 2023-2027-ci illər üzrə UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilməsinə proseslərin ümumi gedişatına təsir edəcək amil kimi yanaşır və Türkiyənin ədalətli və balanslı mövqe tutaraq hər bir prosesin öz adı ilə çağırılacağına və Azərbaycana münasibətdə son 6 il ərzində UNESCO-da müşahidə olunan qeyri-konstruktiv yanaşmanın aradan qaldırılacağına ümid edirik.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.