Türkiyəli məktəblilər ölkəmizdə səfərdədirlər
Elm və təhsil

Türkiyəli məktəblilər ölkəmizdə səfərdədirlər

Türkiyə Respublikasının Ankara şəhərinin ümumi təhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. 7 iyun Elm və Təhsil Nazirliyinin məlumatında bildirilir.

Nümayəndə heyətinə ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Türkiyədə şagirdlər arasında keçirilmiş rəsm və inşa müsabiqəsinin qalibləri, müəllimlər və Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin əməkdaşları daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti iyunun 6-da Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsi də ziyarət edilib.

Nümayəndə heyəti həmçinin Bülbül adına orta ixtisas musiqi məktəbini ziyarət edib. Məktəbdə qonaqlar üçün musiqili proqram təşkil olunub.

Səfər 10 iyun tarixinə qədər davam edəcək. Qonaqlar səfər çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksini, Hərbi Qənimətlər Parkı və Heydər Əliyev Mərkəzini ziyarət edəcək, habelə Şuşa şəhərinə səfər edəcəklər.

“Respublika”.