Türkiyə: Seçkilərdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı ciddi işlər görülür
Türk dünyası

Türkiyə: Seçkilərdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı ciddi işlər görülür

Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə  bağlı  hazırlıq işləri davam edir. Türkiyənin gömrük qapılarında və hava limanlarında da səsvermə məntəqələri yaradılıb. Bu da ölkəyə gələn və ölkədən çıxan türk vətəndaşlarının səs vermələrini asanlaşdırıb. Xarici ölkələrdə yaşayan üç milyondan çox türk vətəndaşlarından bir milyondan çoxunun artıq öz seçimlərini etdiyi bildirilir. Demək olar ki, ölkədə seçkilərlə bağlı böyük coşqu yaşanır. Türkiyə Prezidenti və AK Partiyasının rəhbəri Rəcəb Tayyib Ərdoğanın, Məmləkət Partiyasının rəhbəri və 2018-ci ildə Cümhuriyyət Xalq Partiyasının rəhbər namizədi Muharrem İncenin, Ata İttifaqının namizədi Sinan Oğanın və CHP sədri Kamal Kılıçdaroğlunun seçiciləri ilə izdihamlı mitinqlər davam edir. Bu günlərdə Rəcəb Tayyib Ərdoğanın İstanbulda seçicilərilə keçirdiyi mitinqdə 1 milyon 700 mindən çox insan iştirak edib.

Seçki günü seçicilərin təhlükəsizliyinin qorunması üçün ciddi  işlər görülür. Bununla bağlı Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez, seçki komissiyalarının, məhkəmə binalarının, seçkilərdə istifadə olunacaq hava limanlarının, partiya binalarının və Ali Seçki Şurasında (YSK)  təmir işlərinin sona çatdığını bildirib. O deyib: "Artıq kiberhücumlara qarşı  lazımi tədbirlər görülüb. Seçki günü Təhlükəsizlik Xidmətindən kritik ərazilər üçün dəstək qrupları təşkil ediləcək. Rabitə sistemlərində hər hansı bir neqativ hal olarsa, bunun həlli ilə bağlı Mobil Radio Sistemi alternativi hazırlanıb".

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Türkiyədə güc strukturlarının 600 mindən çox əməkdaşı seçkilərdə təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək.  Seçki təhlükəsizliyi çərçivəsində Daxili İşlər Nazirliyi 326 min əməkdaşını və 200 mindən çox jandarmı səsvermə məntəqələrinin mühafizəsinə yönəldəcək. Bundan əlavə, 2880  Sahil Mühafizə Xidməti və digər mühafizə müəssisələri də təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək. Eyni zamanda  hüquq-mühafizə orqanlarına məxsus 73 helikopter, 8 təyyarə, 61 Pilotsuz Uçuş Aparatı (PUA), 6708 zirehli texnika, 244 gəmi artıq xidmətə hazır vəziyyətə gətirilib. Namizədlərin və siyasi partiya sədrlərinin təhlükəsizliklərinin təmin edilməsi liə bağlı zəruri tədbirlərin  görüləcəyi bildirilir. Daxili İşlər Nazirliyi tərəfindən seçki koordinasiyası  yaradılıb. İctimai binalar, siyasi partiya binaları, xarici ölkə nümayəndəlikləri üçün mühafizə tədbirləri görülüb. Böyük şəhərlərdə və turizm bölgələrində hava və dəniz limanlarında, avtovağzallarda, qatar stansiyalarında, alış-veriş məkanlarında ciddi təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Bundan başqa,  seçki günü  seçki bülletenlərinin və protokolların  Ali Seçki Şurasına (YSK)  çatdırılması zamanı maksimum təhlükəsizlik tədbirləri görüləcək.

Onu da qeyd edək ki, mayın 14-də  keçiriləcək prezident və parlament seçkilərində tam nəticə əldə olunmazsa, seçki ikinci tura qalacaq. Belə olan halda  ikinci turun may ayının 28-də keçiriləcəyi gözlənilir.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.