Azərbaycan və Türkiyə: müdafiə sahəsində qarşılıqlı əməkdaşlıq daha da genişlənir
Türk dünyası

Azərbaycan və Türkiyə: müdafiə sahəsində qarşılıqlı əməkdaşlıq daha da genişlənir

Türkiyə ilə Azərbaycan arasında tarixi bağlılıq təkcə iki qardaş ölkənin deyil, eyni zamanda bütövlükdə Cənubi Qafqazın tərəqqisi, təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Dostluq, səmimiyyət, saf niyyətlə qurulan əlaqələr dövlətlərlə bərabər, xalqların da qardaşlaşmasına, birliyinə vəsilə olmuş, hər iki ölkənin inkişafında aparıcı rol oynamışdır. Tarixin keşməkeşlərində bir-birinə əsl qardaşlıq dəstəyi göstərən hər iki dövlət bu gün yeni dünya nizamında çiyin-çiyinə birgə addımlayır.

İkinci Qarabağ müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" bəyanatı möhtəşəm birlik nümunəsi oldu, 44 gün hər an, hər saat bütün dünya sarsılmaz dostluğa, qardaşlığa şahidlik etdi. Türkiyənin çətin gündə, haqq savaşında Azərbaycana həm siyasi, həm mənəvi dəstəyi Şuşanı Zəfər qalasına çevirdi.

İkinci Qarabağ müharibəsindən sonra 2021-ci il 15 iyun tarixində iki ölkə lideri Azərbaycan ilə Türkiyə arasında uzun illərə söykənən dostluq, qardaşlıq əlaqələrinin sarsılmazlığını, əbədiliyini rəsmiləşdirərək Şuşa Bəyannaməsini imzaladılar.

Bütün türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan Bəyannamə dar gündə, çətin vaxtlarda bir-birinin təhlükəsizliyini təmin edən iki dost-qardaş ölkənin 1921-ci ildə bağlanmış tarixi Qars müqaviləsinə sadiqliyini bir daha təsdiq etdi. Münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən Bəyannamə bir millətin iki dövlətinin gələcək yollarında yeni üfüqlər açır, ölkələrin siyasi, iqtisadi, nəqliyyat, müdafiə, mədəni, humanitar sahələrdəki imkan və potensiallarının birləşdirilməsində mühüm rol oynayır. İkitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malik olan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki qardaş ölkənin bundan sonra da türk dünyasının birliyi, həmrəyliyi naminə birgə fəaliyyətlərini daha da möhkəmləndirir.

Bu gün Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında, bölgəyə dayanıqlı sülhün gəlməsində Azərbaycan və Türkiyə prezidentləri birgə səy göstərir. Həm qlobal məsələlərdə, həm də regionda baş verən proseslərdə önəmli rol oynayan, iqtisadi sahə ilə yanaşı, hərbi, diplomatik sahədə də inkişaf edən dövlətlərimiz bütün dünyada sabitliyə, sülhə və rifaha töhfələr verir. Bölgədə dayanıqlı sülh, etibarlı sabitlik və təhlükəsizlik, o cümlədən çoxşaxəli əməkdaşlıq mühiti formalaşdıran, milli maraq və mənafelərini təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən Azərbaycan və Türkiyə dostluq, qardaşlıq və mehriban qonşuluğa əsaslanan münasibətləri inkişaf etdirərək ikitərəfli əməkdaşlığı gündən-günə daha da dərinləşdirir. Azərbaycan neftini dünya bazarlarına çatdıran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum enerji xətlərinin reallaşması münasibətləri yeni mərhələyə yüksəltmiş, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri iki ölkənin strateji dəyərini daha da artırmışdır. Azərbaycanın enerji resurslarını Qərb bazarlarına çıxarmaq üçün ən təhlükəsiz yol olan Türkiyənin Cənubi Qafqazda təsirli güc olması, Şərqlə Qərb arasında enerji və nəqliyyat xətlərinin inkişaf etdirilməsi, bu istiqamətdə Orta Dəhlizin yaradılması, TDT-nin səmərəliliyinin artırılması Azərbaycanın regional maraqları ilə üst-üstə düşür.

Türkiyə ilə Azərbaycan arasında hərbi və müdafiə sənayesi sahəsində əlaqələr gündən-günə daha da genişlənir. 2007-ci ildə tərəflər arasında Ali Hərbi Şuranın yaradılmasından sonra müdafiə sənayesi sahəsində əməkdaşlıq daha da möhkəmlənmiş, iki qardaş ölkə silahlı qüvvələrin müasir tələblərə uyğun formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərmiş və 2020-ci ildən başlayaraq Azərbaycan ordusunun Türkiyə ordusu modelinə keçid prosesinə başlanmışdı. Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq istiqamətində reallaşdırılan layihələr, qardaş ölkə ilə birlikdə keçirilən hərbi təlimlər bunun bariz nümunəsidir. 2000-ci illərdə müdafiə sənayesi sahəsində başlayan əməkdaşlıq İkinci Qarabağ müharibəsi zamanı daha da sürətləndi. Türkiyədə hərbi təlim keçən və türk ordusu modeli ilə qurulan xüsusi bölmələrin hərbi uğurları Vətən müharibəsində qazanılan tarixi qələbəni şərtləndirdi. Azərbaycanın Türkiyədən idxal etdiyi Bayraktar TB2-lər Qarabağ müharibəsinin qalibiyyətlə başa çatmasında mühüm rol oynadı. İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, hərbi bilik və təcrübələrin möhkəmləndirilməsi, döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə ən son model döyüş texnologiyaları ilə gücləndirilən Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələri ilə birgə yüksək səviyyəli hərbi təlimlərdə iştirak edir. "Mustafa Kamal Atatürk-2021" birgə döyüş atışlı taktiki təlim, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş-2021" beynəlxalq təlim, Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2021" kompüter dəstəkli, nəzəri və praktiki hissədən ibarət olan komanda-qərargah təlimi, Türkiyə Respublikasında keçirilən "Doğu Akdeniz-2021" çoxmillətli dəniz təlimi, eyni zamanda əsas hədəfləri terrorçuluqla mübarizə, xilasetmə, silah və sursatlardan istifadə olan, Türkiyə Silahlı Qüvvələrinin ən böyük müştərək və birləşmiş təlimlərindən olan "Efes-2022" və s. birgə hərbi təlimlər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyəsini daha da artırır. Bu baxımdan, qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi Azərbaycan dövlətinin prioritetidir.

Qarşılıqlı etimad əsasında qurulan münasibətlər strateji müttəfiqliyi daha da möhkəmləndirir, dövlətlər arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini artırır, bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinə zəmin yaradır. Azərbaycan Türkiyədən müdafiə sənayesi məhsullarının idxalını artırır və bu sahədə əməkdaşlığı şaxələndirir. Türkiyə ilə Azərbaycan iki qardaş ölkə olaraq milli təhlükəsizliyə qarşı yönələn hər hansı təhdid və təhlükənin aradan qaldırılması, hərbi-texniki və müdafiə istiqamətində birgə fəaliyyət göstərir, müdafiə sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri günbəgün daha da genişlənir. Birgə hərbi təlimlərin və müdafiə hazırlığı üzrə tədbirlərin keçirilməsi, silahlı qüvvələr üçün mütəxəssislərin hazırlanması və s. sahələrdə uğurlu, məqsədyönlü əməkdaşlıq həyata keçirilir.

Mehparə ƏLİYEVA,

"Respublika".