Şimali Kipr Prezidenti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda
Türk dünyası

Şimali Kipr Prezidenti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda

Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 16-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ziyarət zamanı Ersin Tatar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Görüşdə 2022-ci il noyabrın 11-də keçirilən Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə görüşü çərçivəsində təşkilatın müşahidəçi dövləti statusunu əldə etdiyini deyən Prezident Ersin Tatar zəngin Türk tarixi, mədəniyyəti, ədəbiyyatı və musiqisindən söz açaraq, ölkəsinin və xalqının Türk dünyasının bir parçası olduğunu vurğulayıb.

O, Şimali Kipr Türk Respublikasının tezliklə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyət göstərdiyi ölkələr sırasında yer alacağına ümid etdiyini bildirərək, bu vasitə ilə təşkilatla birgə müxtəlif layihələrə imza atılacağını qeyd edib.

Söhbət zamanı Fondun prezidenti Günay Əfəndiyeva ortaq soy-kök, adət-ənənə, dil, folklor, din kimi amillərin Türk dövlətləri arasındakı dostluq və qardaşlıq əlaqələrinin təməlində dayandığını, Türk dünyasının birgə gələcəyi üçün möhkəm zəmin yaratdığını bildirib. Günay Əfəndiyeva çoxəsrlik Türk mədəni irsinin qorunması və nəsillərdən nəsillərə ötürülməsi istiqamətində Fondun genişmiqyaslı fəaliyyəti və beynəlxalq layihələri haqqında məlumat verib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin və gələcək əməkdaşlığın perspektivlərinin müzakirəsi ilə davam edib.