Türkiyə kosmosda yerini gücləndirir
Türk dünyası

Türkiyə kosmosda yerini gücləndirir

Yanvar ayında ilk astronavtını kosmosa göndərən Türkiyə elmi işləri davam etdirmək üçün bu gün ikinci astronavtını kosmosa yola salır. Beləliklə, Türkiyə Milli Kosmos Proqramındakı maddələri bir-bir həyata keçirir.

1985-ci ildə kosmos sahəsində fəaliyyətə başlayan Türkiyə ehtiyaclarını Ar-Ge yolu ilə qarşılamaq üçün TÜBİTAK UZAY-ı, 13 dekabr 2018-ci ildə isə Kosmik Agentliyini (TUA) qurub. Türkiyənin Milli Kosmos Proqramı isə 9 fevral 2021-ci ildə Prezident R.T.Ərdoğanın "Ayı görmək istəyirsənsə, səmaya bax" şüarı ilə açıqlanıb.

Proqramın "Ayla ilk təmas" məqsədi üçün işlər davam edir. Həmçinin yeni nəsil peyklərin inkişafı sahəsində dünya ilə rəqabət apara biləcək ticarət nişanının yaradılması da hədəflənir.

Astronomik müşahidələr və kosmik obyektlərin yerdən izlənilməsi prosesinin daha yüksək səviyyəyə çatdırılması, ölkədə kosmik sənayenin inkişaf etdirilməsi və kosmik texnologiyanın inkişaf zonasının yaradılması və s. proqramda yer alır.

Beləliklə, kosmos iqtisadiyyatından əldə edilən 600 milyard dollara çatan gəlirin 1 trilyon dollara yüksəldilməsi hədəflənir.

Milli Kosmos Proqramı çərçivəsində hədəfləri həyata keçirmək üçün səylərini davam etdirən Türkiyə indi ilk insanlı kosmos missiyası çərçivəsində Alper Gezeravcıdan sonra Tuva Cihangir Ataseveri səyahətə göndərir.

Xatırladaq ki, Prezident R.T.Ərdoğan ötən il aprel ayının sonunda Atatürk Hava Limanında başlayan dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST-dəki çıxışında Alper Gezeravcının və Tuva Cihangir Ataseverin kosmos sərnişinləri olaraq adlarını elan etmişdi.

T.C.Atasever Virgin Galactic ilə suborbital uçuşlar həyata keçirəcək və 7 fərqli elmi təcrübə aparacaq. Ataseverin uçuşu Gezeravcının uçuşu ilə müqayisə ediləcək və iki səyahətin insan bədənində yaratdığı dinamika ölçüləcək.

Virgin Galactic-in VSS Unity kosmik gəmisinin uçuş zamanı təxminən 45 min fut (14 kilometr) yüksəkliyə qədər daşıyıcı vasitə ilə birlikdə səyahət edəcəyi ilə bağlı açıqlama verən T.C.Atasever uçuş əsnasında 4,5 G qüvvəli cazibə qüvvəsinə məruz qalacaqlarını və səs sürətinin 3 qatına çatacaqlarını, raket mühərrikinin yanması bitən andan etibarən sərbəst düşmə mərhələsinə daxil olacaqlarını deyib: "Aparacağımız eksperimentlərdən üçü uçuş üçün xüsusi hazırlanmış kombinezonumda olacaq. Təxminən 3 dəqiqə davam edəcək sərbəst düşmə mərhələsindən sonra yenidən atmosferə daxil olacağıq. Uçuş zamanı pilotların üzərinə böyük bir məsuliyyət düşəcək .Biz həmçinin baş verə biləcək hər hansı fövqəladə vəziyyət üçün təlimlər də almışıq. Ekipajımız 4 nəfərdən ibarətdir. Daha 2 pilotumuz da olacaq. Kosmosa getməkdə əsas məqsədimiz elmi araşdırmaların köməyi ilə yer üzündəki həyatı yaxşılaşdırmaqdır. Biz bunun üçün çalışırıq".

Qeyd edək ki, Tuva Cihangir Ataseverin atası əslən Qərbi azərbaycanlı, anası isə bakılıdır. O, kosmosa özü ilə aparacağı əşyalarla bağlı məlumat verib: "2023-cü ilin aprelində TEKNOFEST-dəki təqdimatımızda möhtərəm Prezidentimizin verdiyi bayraq mənimlə olacaq. Anamın vətəni olan Azərbaycanın bayrağı sinəmdə, Türkiyə bayrağının düz yanında olacaq. Necə ki, bu ölkələr yer üzündə yan-yanadır və bu iki xalq çiyin-çiyinədir, mənim kosmos səyahətim zamanı da belədir. Bundan əlavə, ailəmin və yaxın həmkarlarımın mənə verdiyi bəzi kiçik əşyaları da özümlə kosmosa götürəcəm". Xatırladaq ki, İstanbulda keçirilən TEKNOFEST-də Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin ilk astronavtlarını elan edərkən Tuva Cihangir Ataseverin azərbaycanlı olduğunu deməsi tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanmışdı. Həmin festivalda Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da iştirak etmişdi.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.