Turanda Uran sevdası
Siyasət

Turanda Uran sevdası

Neokolonialist Makron Turanda nə arayır...

Neokolonialist və imperialist siyasətindən əl çəkməyən Fransa artıq bir müddətdir ki, əsarət altında saxladığı ölkələrdə ciddi azadlıq hərəkatı ilə üzləşib. İqtisadiyyatının böyük bir hissəsini işğal etdiyi ölkələrin yeraltı və yerüstü sərvətlərindən formalaşdıran Fransa üçün bu hallar heç də arzuolunan deyil. Xüsusilə dünyanın ən zəngin yeraltı sərvətlərinə malik olan Afrika qitəsindən çıxarılmaq təhlükəsilə qarşılaşan Paris nəzərlərini Mərkəzi Asiyada yerləşən türk dövlətlərinə, yəni Turana yönəldib.

Rusiya-Ukrayna müharibəsi Avropa qitəsinin enerji siyasətində köklü dəyişiliklərə səbəb oldu. Kollektiv Qərbin tələm-tələsik verdiyi qərarlarla Rusiyadan alınan enerjiyə qadağalar qoyması Avropa üçün ciddi təhlükə mənbəyinə çevrildi. Üstəlik, Fransanın Afrikadan qovulması bu ölkəyə xammal idxalını çətinləşdirdi. Enerjinin böyük bir hissəsini atom elektrik stansiyaları ilə təmin edən Fransa əsasən uranı Niger dövlətindən idxal edirdi. Hazırda isə ölkədə dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn qüvvələr açıq-aşkar Fransaya nifrət hissilə yanaşır və imperialist Fransanın qoşunlarını ölkədən çıxarır. Bütün bunları nəzərə alan Makron hökuməti üçün hazırkı məqamda ən məqbul bazar Mərkəsi Asiya hesab olunur. Fransanın uranla zəngin olan Qazaxıstanla yaxınlaşmasında əsas məqsəd də elə budur. Saxta təbəssümlə türk dövlətlərinə səfər edən Makronun antitürk, antiislam mövqeyi bütün dünyaya məlumdur. Lakin çətin durum tülkünü “həccə” getməyə məcbur etdiyi kimi, Makronu da Mərkəzi Asiyaya yola salıb. Səbəb isə bəllidir. Belə ki, qısa müddət öncə Emmanuel Makronun Afrika qitəsinə səfəri zamanı qarşılaşdığı çətin anlar, Niger dövlətinin Fransa səfirliyini və qoşunlarını ölkədən çıxarması üçün Paris qarşısında qoyduğu tələblər, Cənubi Qafqazda Azərbaycan-Ermənistan məsələsində qərəzli mövqeyi və ölkəmizə qarşı ittihamlar səsləndirməsi, qardaş Türkiyəyə qarşı düşmən münasibət və s. Yelisey sarayının yürütdüyü uğursuz xarici siyasət demək olar ki, bütün regionlarda Fransaya qarşı mənfi rəy formalaşdırıb.

Emmanuel Makronun Qazaxıstana və Özbəkistana səfərlərində başlıca məqsəd guya Mərkəzi Asiyanı Rusiya hegemoniyasından xilas etməkdir. Bununla Fransa sanki bu ölkələrin sərbəst xarici siyasət aparmasına “yardımçı” olmağa çalışır. Lakin Fransanın məqsədi Mərkəzi Asiya uğrunda gedən “böyük yarışda” rəqabətə qoşulmaqdır. Rəsmi Paris Fransa prezidentinin Qazaxıstana və Özbəkistana səfərlərini həmin ölkələrdə gedən islahatlara və modernləşməyə dəstək məqsədi daşıdığını bildirib. Yelisey sarayı Mərkəzi Asiyanın Rusiyadan qorunmasının vacibliyini vurğulayıb.

Emmanuel Makronun Qazaxıstan prezidenti Kasım Jomart Tokayevlə görüşündə Qazaxıstanın hansısa güclərin vassalı kimi deyil, xalqın mənafeyinə uyğun siyasət yürütmək iqtidarında olduğunu deməsi Rusiya ilə Qazaxıstan arasında nifaq toxumunun səpilməsinə xidmət edir. Açıq-aşkar anti-Rusiya siyasətini Mərkəzi Asiya üzərindən aparmağa çalışan Makronun bu sözləri bir daha rəsmi Parisin ikiüzlü mövqeyinin təzahürüdür. Əgər Fransa öz baxış bucağında Mərkəzi Asiya ölkələrini hansısa dövlətlərin təsir dairəsində görürsə və onları bundan “xilas etməyə” çalışırsa ilk növbədə özü neokolonialist təfəkküründən əl çəkməlidir. Əks halda, belə saxta bəyanatlarla getdikcə düşən nüfuzunu yerlə bir edəcək...

Musa Bağırlı,

“Respublika”.