Toyunda və şəhadətində Azərbaycan bayrağına sarılan şəhid leytenant
Sosial həyat

Toyunda və şəhadətində Azərbaycan bayrağına sarılan şəhid leytenant

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində əsgər və zabitlərimiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular.

Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğullarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar.

Vətən müharibəsi şəhidlərindən Tural Yadulla oğlu Eyyubov 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. 1993-cü ilin iyulundan Eyyubovlar ailəsi Rusiyaya köçür. Tural 1998-2005-ci illərdə Rusiyada təhsil alır. Vətənə döndükdən sonra 2005-2009-cu illərdə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsində ali təhsil alır. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçir. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra isə 2014-2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olur və leytenant hərbi rütbəsinə yiyələnir.

Turalı hamı vətənpərvər gənc kimi tanıyırdı. O, bunu öz davranışları ilə sübut etmişdi. 2019-cu ildə Tural həyatının ən əziz və məsuliyyətli günündə - ailə həyatı qurarkən toyunda Azərbaycan bayrağına sarılan şəhid leytenant əbədi dünyaya da dövlət bayrağına sarılmış halda köç edir.

Azərbaycan Ordusunun leytenantı Tural Eyyubov 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüzün bərpası, işğal altındakı torpaqların azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı leytenant Tural Eyyubov şəxsi igidlik göstərir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərə qatılır. Tural Eyyubov 2020-ci il oktyabrın 25-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olur. Şəhid leytenant Kürdəmir rayonunda dəfn edilir. Şəhidimiz ailəli olub və şəhadətindən sonra Məryəm adlı qız övladı dünyaya gəlib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Tural Eyyubov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid leytenantın anası Gülnar xanım: "Tural ali təhsilli və ailəli idi. Amma Tural Vətəni bizdən üstün tutdu və Vətən torpaqlarının, Qarabağımızın işğaldan, murdar erməni tapdağından azad olunması yolunda canını fəda etdi. Övlad itkisi, övlad acısı nə qədər çətin və dözülməz olsa da, övladımızla, Turalımızla fəxr edir, qürur duyuruq. Fəxr edir ki, Tural kimi igid, qərhəman, vətənpərvər bir oğulun valideynləriyik".

Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Uğrunda can qurban verdiyiniz vətən sizi heç vaxt unutmayacaq!

Müşfiq MİRZƏ,

"Respublika".