Qəhrəmanlar unudulmur
Sosial həyat

Qəhrəmanlar unudulmur

Qiyamətə saxlamayacağımız bir qisasımız vardı. O qisası almaq üçün çinarboylu oğullarımız neçə illər idi 27 sentyabr sabahını səbirsizliklə gözləyirdi. O payız günü illərlə sinəmizdə kösöv kimi tüstülənən dərdimizin üstünə su səpdi sanki. Fikrimizdə,  düşüncəmizdə yalnız bir şey cəmləşdi-Qələbə!  Qələbə sevincini bizə yaşadan oğullardan biri də 20 fevral 1995-ci ildə Xocavənd rayonunun Əmrallar kəndində dünyaya gələn çavuş Mirzəyev Elmin Əvəz oğludur. Onun Vətən ruhu, döyüş yolu böyüdüyü ailədən başlamışdı. Atası Əvəz Mirzəyev Birinci Qarabağ müharibəsinin döyüşçüsü olub. Vaxtilə Daxili İşlər Nazirliyi tərkibində polis nəfəri kimi döyüşlərə qatılmış, Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə isə doğma kəndi Əmrallar uğrunda gedən döyüşlərdə yaralanmışdır.

2013-cü ildə hərbi xidmətə gedən Elmin  nizam-intizamı ilə seçilən gənc əsgər kimi  dəfələrlə diplom və fəxri fərmanlarla qiymətləndirilir. Həyatını hərb sənətinə bağlayan qəhrəman  2016-cı ilin avqust ayından 702  saylı hərbi hissədə BMP-nin baş tuşlayıcısı vəzifəsində xidmətə başlayır. Müharibənin başladığı ilk gündən  ön sıralarda qəhrəmanlıqla döyüşür.

Elminin özündən kiçik qardaşı da müharibədə döyüşürdü. Fərqli cəbhələrdə olsalar da, döyüşə eyni gündə getmişdilər. Orxan o günləri belə xatırlayır: “Mən mina təmizləyən idim. Əvvəlcə əraziyə biz daxil olur, dəhliz açırdıq. Sonra ordumuz həmin dəhlizlə irəliləyirdi.

Misli görünməmiş qəhrəmanlıqla Füzuli rayonundan sonra Elmingil Cəbrayıl uğrunda ağır döyüşlərə girirlər. Zəng edib atasından vaxtilə Cəbrayılın hansı bölgəsində döyüşdüyünü soruşur. Sonra isə qürurla döyüş yoldaşlarına deyir ki, bax buralarda mənim atamın ayaq izləri var, mən niyə o izlərlə getməyim!?

Güllənin, mərminin yağış kimi yağdığı ərazilərdə döyüşmək böyük cəsarət, qəhrəmanlıq tələb edirdi. Bu qəhrəmanlığı, şücaəti göstərənlərdən biri də Elmin idi. O, Füzuli və Cəbrayıl rayonları istiqamətində düşmən postlarının və istehkamlarının dağıdılması, düşmənin canlı qüvvəsinin məhv edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirirdi. Son döyüşü 2 oktyabr 2020-ci il tarixində olmuşdur. Elmin həmin gün Füzulinin işağldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu.  Qəhrəman şəhidimiz çavuş Mirzəyev Elmin Əvəz oğlu şəhadətindən sonra  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”  və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Elmin  sevib-seçdiyi Elnarə xanımla ailə həyatı qurmuşdu. Alina və Səma adlı iki qız övladı özündən sonra yadigar qalıb.

                              Ramidə YAQUBQIZI,

                                   “Respublika”.