Ötən ilin yekunları və qarşıda duran hədəflərə dair mətbuat konfransı
Sosial həyat

Ötən ilin yekunları və qarşıda duran hədəflərə dair mətbuat konfransı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü ildəki gəlirləri əvvəlki ilə nisbətən 948 mln. manat və ya 17 faiz çox olmaqla 6 mlrd. 677 mln. manat təşkil edib.

Bu barədə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında bildirib. Qeyd olunub ki, DSMF-nin gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları da ötən il 13 faiz və ya 613 mln. manat artaraq 5 mlrd. 197 mln. manata çatıb. Fondun xərcləri isə ötən il 16 faiz və ya 829 mln. manat çox olmaqla 6 mlrd. 81 mln. manat təşkil edib. Həmin xərclərin 5 mlrd. 888 mln. manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 16 faiz və ya 805 mln. manat çoxdur.

2023-cü ildə yeni sosial islahat çərçivəsində növbəti pensiya artımları təmin edilib. Belə ki,  minimum aylıq əmək pensiyasının məbləği ötən il fevralın 1-dən 280 manata çatdırılıb. Həmçinin pensiyalar 2023-cü ilin əvvəlindən 14,7 faiz indeksləşdirilərək artırılıb. 2022-ci ildə əlavə dəstək olaraq bütün pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib, bundan sonra yaranan pensiya məbləğlərinin indeksləşdirilərək artırılması təmin olunub. Eyni zamanda 2023-cü ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilib ki, bu da hər il indeksləşdirmə əsasında pensiya artımının ilk dəfə olaraq bütün növ pensiyalara şamil olunmasına imkan verib.

Beləliklə, pensiya ödənişləri 781 mln. manat və ya 16 faiz artaraq 5 mlrd. 726 mln. manat təşkil edib. Pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 467 manata çatıb. Hesabat dövründə 32 min şəxsə elektron qaydada pensiya təyin olunub. 2019-cu ilin əvvəlindən başlayan elektronlaşma nəticəsində isə bu günə qədər ümumilikdə 102 min vətəndaşa proaktiv qaydada pensiya təyin olunub.  Fondun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İnvestisiya Şurasının yaradıldığını bildirən Fond sədri ötən dövrdə sərbəst vəsaitin maliyyə alətlərinə uğurla investisiya edildiyini bildirib.

Keçən il müavinət və təqaüd təminatı, ünvanlı sosial yardım proqramının icrasının da uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, həmçinin sosial ödəniş alan vətəndaşlara sosial dəstək məqsədilə DSMF tərəfindən ötən il "Sosial tərəfdaş" layihəsinin icrasına da başlanılıb. Fonddan sosial ödəniş alan vətəndaşlar bu layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunur.

"Respublika".