TARİXİN YANLIŞLIĞI BƏRPA EDİLDİ
Region

TARİXİN YANLIŞLIĞI BƏRPA EDİLDİ

Tarix boyu azadlıq, istiqlaliyyət uğrunda mübarizə aparan, qurbanlar verən qədim və qəhrəman Gəncə şəhərinin adının bərpasından 34 il keçir.

İgid və mərd gəncəlilər illərlə Gəncənin adının özünə qaytarılmasına çalışıblar. Xalqın ziyalılarının, mütərəqqi fikirli vətəndaşların təkidi ilə məhz 1989-cu ilin 30 dekabrında qədim Gəncə öz adına qovuşub. Gəncə Xalq Cümhuriyyətinin fəaliyyətə başladığı ilk yer, Bakının yadellilərdən azad edilməsi uğrunda aparılan ölüm-dirim savaşının mərkəzi olub. Şəhərin adı xalqın söykökü, milli-mənəvi siması, memarlığı ilə də bağlıdır.

1804-cü il yanvarın 3-də Ramazan bayramı günündə rus qoşunları Gəncə üzərinə hücum etdi. Cavad xan qüvvələrin - həm qoşunların, həm də texnikanın qeyri-bərabər olduğunu bildiyi halda tabe olmaq təklifini qəbul etməyib, 18772 nəfər döyüşçüsü ilə əldə silah sona qədər vuruşub və 1500 nəfər döyüşçü ilə birlikdə özü və oğlu Hüseynqulu xan həlak olub. Çar hökuməti Gəncənin işğalını böyük bir bayram kimi qeyd etmiş, imperatorluq zərbxanasında Gəncənin alınmasına görə döş medalı təsis olunmuşdu. Şəhərin adını tarixdən silmək üçün ona çar I Aleksandrın arvadı Yelizavetanın adı verilmişdi. İşğalçılar bununla da kifayətlənməmiş, Gəncə qalasını, qala divarları ilə birlikdə Xan sarayını uçurub yox etmiş, Gəncə xanlığını ləğv edib onu dairəyə çevirərək Gürcüstana tabe etdirmişlər. Bir sözlə, xanlığı insanların yaddaşında xatırladan bütün atributları ilə məhv etməyə, yer üzündən silməyə cəhd etmişdilər. Hətta Gəncə sözünü dilinə gətirən hər kəs pulla cərimə ödəməli idi. Gəncə şəhərində dinc əhaliyə amansızlıqla, qəddarcasına divan tutulmuşdu. Beləliklə, çar hökuməti 114 il Gəncə sözünü işlətməyə imkan verməsə də, xalqın yaddaşlarından bu sözü silmək mümkün olmadı. Gəncə adının yenidən rəsmi qaydada özünə qaytarılmasında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin böyük rolu oldu. 1918-ci il 30 iyulda tarixi qərar qəbul edildi: "Yelizavetpol şəhərinin adı Gəncə və Karyagin qəzasının adı Cəbrayıl qəzası ilə əvəzlənsin". Ancaq bu sevinc uzun sürmədi. 1920-ci ilin aprelində bolşevik Rusiyasının XI Qırmızı ordusu Vətənimizə soxuldu. Kənd və şəhərlərimizi bir tərəfdən ermənilər, digər tərəfdən bu ordu yağmalamağa başladı.

1935-ci ildə Moskvanın Azərbaycandakı canişini M.C.Bağırovun göstərişi ilə Gəncə şəhərinin adı yenidən dəyişdirildi. Bu dəfə isə şəhərə Azərbaycanın işğalında, respublikamızda müstəmləkə rejiminin qurulmasında və ərazilərimizin parçalanmasında, torpaqlarımızda ermənilər üçün muxtar vilayət yaradılmasında böyük rolu olmuş S.M.Kirovun adı verildi. Şübhəsiz ki, respublikada o dövrdə olan rayon və şəhərlərin içərisindən Gəncənin seçilməsi təsadüfi deyildi. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olması, Bakının yadelli işğalçılardan - xalqımızın qəddar düşməni, bolşevik-daşnak Şaumyandan və onlarla həmfikir olanlardan azad edilməsi uğrunda ölüm-dirim mübarizəsinin bu şəhərdən başlanması, XI qırmızı orduya qarşı qəhrəmancasına mübarizə aparması səbəbindən xalqımızın qəlbində Gəncə azadlıq və mübarizlik simvoluna çevrilmişdi. Xalqın qan yaddaşını silmək siyasəti yürüdən Sovet rejimi məhz bu səbəblərdən ad dəyişdirmək məsələsində Gəncə şəhərini seçmişdi. 3 aprel 1952-ci ildə respublika ərazisində iki yeni vilayət yaradıldı. Onlardan biri 33 rayonu və yeni yaradılmış Sumqayıt şəhərini əhatə edən Bakı, digəri isə Kirovabad şəhəri və 28 rayonun daxil olduğu Gəncə vilayəti oldu.

Respublika rəhbəri M.C.Bağırovun bu işə razılıq verməsi heç kəsdə şübhə doğurmur. Etiraf edilməlidir ki, o dövrdə bu o qədər də asan iş deyildi. Lakin bu islahatın da ömrü uzun olmadı. Stalinin vəfatı və Xruşşovun hakimiyyətə keçməsi Azərbaycana da təsir etdi. 6 aprel 1953-cü ildə M.C.Bağırov Azərbaycan KP MK-nın I katibi vəzifəsindən azad edildi, yerinə isə Mir Teymur Yaqubov təyin olundu. Elə həmin gün Azərbaycan KP MK-nın bürosunda "Azərbaycan SSR tərkibindəki Bakı və Gəncə vilayətlərinin ləğv edilməsi haqqında" qərar qəbul edildi. Sovet dövründə rus kommunistlərinin sevimlisi olan S.M.Kirovun adı verilmiş bu qədim şəhərin əvvəlki adını özünə qaytarmaq böyük cəsarət tələb edirdi. Bu məsələdə də görkəmli ictimai-siyasi xadim, Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyev dühası, ağlı, zəkası köməyə gəldi.

1980-ci ildə ulu öndərin təkidi ilə Kirovabad şəhəri iki rayona bölündü, rayonlardan birinə Gəncə, digərinə isə Kəpəz adı verildi. Həmçinin orada salınan təzə yaşayış massivi də "Yeni Gəncə" adlandırıldı. Beləliklə, Gəncə sözü yenidən rəsmi sənədlərdə işlənildi. Kirovabad şəhərinin Gəncə ilə əvəzlənməsi yolunda həlledici addımlar isə XX yüzilliyin 80-ci illərinin ikinci yarısında atıldı. Nizami poeziya günləri elə o vaxtdan xoş bir ənənəyə çevrildi. Üç yüz hektar sahəni əhatə edən Xatirə parkı əsl seyrangaha çevrildi. 1980-ci il dekabr ayının 16-da ulu öndər Xatirə parkına gəldi. Yaşıllıqlara, istirahət guşələrinə baxdı və sonra ağac əkmək istədiyini bildirdi: "Mənə çinar tingi verin. Çinar həm Gəncənin, həm də Azərbaycanın rəmzidir". Ulu öndər tingləri böyük həvəslə əkdi. Hazırda Heydər Əliyev Park Kompleksində bu çinarlar əzəmətlə ucalır.

1988-ci ilin sonu - 1989-cu ilin əvvəllərindən Gəncənin adının bərpası üçün çağırışlar artmağa başladı. Belə ki, 1989-cu ilin sentyabr-oktyabr aylarında şəhərin adının dəyişdirilməsi məqsədilə şəhər əhalisi imza toplanması kampaniyasına başladı və 60 minə yaxın imza toplandı. Maraqlıdır ki, bu kampaniyada azərbaycanlılardan əlavə, şəhərdə yaşayan ruslar, ukraynalılar və yəhudilər də iştirak etdilər, onlar da ədalətin bərpasına tərəfdar olduqlarını bildirdilər. 1989-cu il dekabrın 9-da Kirovabad şəhər Xalq Deputatları Sovetinin sessiyasında ziyalılar da iştirak edirdilər. İclasda şəhərin adının bərpası məsələsi müzakirə olundu və qərara alındı ki, bununla bağlı yuxarı instansiyalara məktub yazılsın, bu iş üçün lazım olan vəsait toplansın. Şəhər XDS İcraiyyə Komitəsi adından Nizami Xəlilov ətraflı məruzə etdi. Digər çıxışlardan sonra Gəncə adının bərpası təklifi qəbul edildi. Həmin ilin 30 dekabrında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq etdi. Qərarda deyilirdi: "Kirovabad şəhərinin Gəncə şəhəri adlandırılması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı: Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır: Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın". 1990-cı il yanvarın 2-də bu münasibətlə Gəncədə təntənəli iclas keçirildi və xalq bunu böyük ruh yüksəkliyi ilə qarşıladı. Beləliklə, xalqın ciddi təkidi ilə Gəncənin ulu adı özünə qaytarıldı, vətənsevər insanların illərlə uğrunda mübarizə apardığı, bu yolda təqiblərə, təzyiqlərə məruz qaldığı bu iş sonda uğurla nəticələndi.

Xoş xəbər qədim diyarın hər yerində, hər evdə, hər ürəkdə əsl toy-bayrama çevrildi. Azadlıq və istiqlaliyyətin ilk müjdəsi olaraq Gəncə adının qaytarılmasından sonra bir müddət fırtınalar və burulğanlar içində çalxalanan qədim şəhər xalqın təkidli tələbi və iradəsi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində nicat yolunu tapdı. Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaran ulu öndər Heydər Əliyevin səyi ilə tarixi yer adlarının bərpası istiqamətində mühüm addımlar atıldı. Gəncə ilə yanaşı, bir çox şəhər və rayonların tarixi adları da bərpa edildi.

İki əsrə yaxın davam edən mübarizədən qalib çıxan Gəncə bu gün öz tarixinin inkişaf dönəmini böyük coşqu ilə yaşayır. Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində qədim şəhər elm, mədəniyyət mərkəzi olaraq dünya miqyasında tanınır, qədimliyi, müasirliyi və gözəlliyi ilə bu möcüzəli diyara gələnləri heyran edir. Tarixi binalar bərpa olunur, yeni zövqlə binalar tikilir, möhtəşəm xiyabanlar, göz oxşayan parklar, yaşıllıqlar salınır. Bu gün şəhərə qədəm qoyan hər kəs möcüzələr aləmi ilə üzləşir. Yolun sağ və sol tərəflərində ucaldılan rəmzi möhtəşəm və əzəmətli Gəncə Qala Qapıları, Arxeologiya və Etnoqrafiya Muzey Abidə Kompleksi şəhərin qədim tarixini özündə əks etdirir. Burada hündürlüyü 65 metrdən yuxarı olan əzəmətli dövlət atributu olan müqəddəs bayrağımız, Türk dünyasının fenomeni, əbədiyaşar ümummilli liderin əzəmətli abidəsi, müasir üslubda işıqlandırma sistemi, bir-biri ilə uzlaşan fəvvarələr, ətrafdakı yaşıllıqlar və təravətli gül-çiçəklər qalaya xüsusi görkəm, gözəllik verir.

Şeyx Nizaminin xəmsələri hər kəsi valeh edir. Hər tərəf yaşıllıq, səliqə-sahman, sanki ətirli solmaz çiçəkdir. Köhnə adı ilə desək, "Xatirə parkı"nda Heydər Əliyev mərkəzi, ecazkar təbiətə malik istirahət parkı, girişdə "Zəfər tağı" ucaldılmışdır ki, buraya gələn qonaqlar və sakinlər bu seyrangahdan şəhərin və füsunkar Heydər Əliyev parkının mənzərəsini seyr edirlər. Əfsanəvi gözəlliyi ilə insanları məftun edən möcüzəli süni "göl", balaca fidanlar üçün fantastik əyləncə mərkəzləri yaradılmışdır. Dünyanın beş ən böyük parkı arasında yer tutan, 450 hektar sahəsi olan Heydər Əliyev park-kompleksinin ərazisində uzunluğu 354 metr, eni 170 metr, dərinliyi 3 metr olan bu əfsanəvi göl insanların sevimli guşəsinə çevrilmişdir.

Təkcə Gəncədən deyil, regionlardan da bu istirahət məkanına minlərlə sakinlər dincəlməyə gəlir, bu unikal mənzərəni seyr edirlər. Bu layihələrin son dərəcə yüksək Avropa və Şərq üslubunda qurulmasına görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarıq.

Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı, tarixi səfərləri ilə Gəncənin siması tam dəyişmişdir. Bu sahədə görülən işlər sakinlərin rahatlığı, onların asudə vaxtlarının daha səmərəli təşkili məqsədi daşımaqla yanaşı, qədim Gəncənin gözəlliyinə əlavə çalarlar qatır.

Şəhəri iki hissəyə bölən qədim Gəncə çayının sağ sahilində reallaşan nəhəng növbəti layihə-möhtəşəm "Gəncəçay" park bulvar kompleksi sakinlərin ixtiyarındadır. Sözün əsl mənasında, bu gün dünyanı qlobal iqtisadi böhran cənginə aldığı bir vaxtda belə möhtəşəm işlərin görülməsi ölkə başçısının vətəndaşlarına göstərdiyi sonsuz diqqət və qayğının bariz nümunəsidir. Ta qədimdən başlanğıcını Kiçik Qafqaz dağlarından götürmüş möhtəşəm Gəncə çayı, kiçik çayları da özünə qataraq əzəmətli Kür çayına tökülür.

Çay boyunca yeni yaradılan bulvar kompleksində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, qazonlar arasından boylanan gül-çiçəklər ətrafa xüsusi təravət verir. Görülən işlər sakinlərin və şəhərə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir. Yeni park, istirahət məkanı və guşələrin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Gəncənin daha da gözəlləşdirilməsinin davamlı xarakter almasından və ümumilikdə şəhərin sosial-iqtisadi inkişafından xəbər verir.

Qədim mədəniyyət mərkəzində klassik üslubda yeni inşa edilmiş ölkənin ən böyük və müasir filarmoniyası, sürət qatarı, nəhəng ticarət mərkəzləri istifadəyə verilib. Bu gün şəhərdə yeni sosial obyektlərin inşası sürətlə davam etdirilir: Gəncəçayın sağ sahilində, müasir üslubda, ölkədə analoqu olmayan Ekoloji Park Kompleksi tamamlanmaq üzrədir. 11 hektar ərazini əhatə edən, ümumi sahəsi 2100 kvadratmetr olan 3 mərtəbəli binanın hündürlüyü 22 metrdir. Yüksək zövqlə inşa edilmiş gözoxşayan kompleksdə insanların rahatlığı üçün maksimum şərait yaradılıb. Kompleksin ərazisində əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri fəaliyyət göstərəcək. Heydər Əliyev Park Kompleksin ərazisində yeni inşa olunan ümumi sahəsi 16 hektar olan idman sarayında yerli və beynəlxalq yarışların keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Dövlət başçısı cənab İlham Əliyev tikinti işlərinin gedişi ilə yaxından tanış olarkən demişdir: "Bu çox böyük layihədir. Deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində". 4 və 5 mərtəbədən ibarət olan iki hissəli sarayda beynəlxalq turnirlərin keçirilməsi üçün maksimum şərait yaradılmışdır. İdman Sarayında 3 min tamaşaçı tutumlu böyük idman zalı, üzgüçülük hovuzu, kafe və restoranlar, 160 idmançı üçün otel kompleksi, ümumilikdə isə idmanın 14 növü üzrə zal və məktəblər fəaliyyət göstərəcək. Gəncə Şəhər Stadionunun ərazisində inşa olunan Gəncə Futbol Akademiyasında da tamamlama işləri aparılır.

Füsunkar gözəlliyə malik bu istirahət mərkəzlərinin yaradılması dünyanın əksər ölkələrində hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda həyata keçirilən sosial siyasətin uğurla davam etməsindən xəbər verir.

Zabit XƏLİLOV,

"Respublika".