Tarixi Zəfər, möhtəşəm quruculuq, Böyük Qayıdışın təntənəsi
Siyasət

Tarixi Zəfər, möhtəşəm quruculuq, Böyük Qayıdışın təntənəsi

Dünya ictimaiyyəti "Qarabağ Azərbaycandır!" reallığının şahididir

"Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək, Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi". Bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xankəndidə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda bildirib.

Xankəndi şəhərində Zəfər paradı dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi, "Qarabağ Azərbaycandır!" reallığı bir daha öz təsdiqini tapdı. Torpaqlarımızın azadlığı uğrunda haqq savaşını Zəfərlə başa vurduq. Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlamış, işğalçı ölkənin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdi.

Tarixi ədalətin, respublikamızın ərazi bütövlüyünün və xalqımızın milli ləyaqətinin bərpasını təmin edən şanlı Zəfər istər ölkəmizdə, istərsə də bütövlükdə Cənubi Qafqaz regionunda yeni siyasi, sosial-iqtisadi, mədəni-humanitar və hərbi-strateji çağırışların meydana çıxmasını şərtləndirdi. Artıq üç ildir ki, işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda sürətlə davam edən genişmiqyaslı quruculuq işləri dövlətin siyasi iradəsini, xalqın birliyini, ruh yüksəkliyini ortaya qoyur. Vandal ermənilər tərəfindən məhv edilən tarixi abidələrimiz bərpa olunur. Yerlə-yeksan edilmiş, viran qoyulmuş şəhərlərimiz yenidən qurulur. Yeni evlərin, binaların, məktəblərin, xəstəxanaların təməli qoyulur. Bu da bizi illərlə həsrətində olduğumuz Qarabağa qovuşdurur, Böyük Qayıdışı reallaşdırır.

2023-cü ilin iyun ayında dövlət büdcəsinə edilmiş dəyişikliklərdən sonra xərclər 3 milyard manat artırılaraq 36 milyard manata çatdırıldı ki, bu da müstəqil Azərbaycanın tarixində rekord göstəricidir. Xərclərə əlavə edilən 3 milyard manatın təqribən 1,8 milyardlıq hissəsinin Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə ayrılması isə belə bir həqiqətin növbəti təsdiqi oldu ki, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın milli prioritetidir. Postmüharibə dönəmində yeni hədəflər müəyyənləşdirən Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində sistemli fəaliyyət həyata keçirməklə həm mütərəqqi quruculuq və regional inkişaf modeli, həm də bölgədə yeni tərəfdaşlıq platforması yaradır.

Belə ki, müəyyən olunmuş strateji prioritetlərə uyğun olaraq Azərbaycan öz iqtisadi gücü hesabına, müasir texnologiyalardan istifadə edərək və innovasiyalar tətbiq etməklə bərpa-quruculuq işləri aparır. Bu proses çərçivəsində xarici tərəfdaşlarla da səmərəli əməkdaşlıq əlaqələri qurulur, birgə təşəbbüslər əsasında mühüm layihələr reallaşdırılır. Tərəfdaşlıq zəminində ərazilərin minalardan təmizlənməsi, yaşayış məntəqələrinin müasir konsepsiyalar əsasında qurulması, nəhəng infrastrukturun yaradılması, iqtisadi fəaliyyətin bərpası və digər addımlar Böyük Qayıdışın, layiqli və dayanıqlı məskunlaşmanın təmin olunmasına əlverişli şərait yaradır.

Ötən üç il müddətində Füzuli və Zəngilanda iki beynəlxalq hava limanının tikintisi həyata keçirildi. Bu hava limanları bütün növ təyyarələrin qəbulunu və uçuşunu həyata keçirmək üçün nəzərdə tutulub ki, bu da milli təhlükəsizliyimizin tərkib hissəsidir. Eyni zamanda, bu, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və təchizatında mühüm amildir. Ərazilərin çox böyük turizm potensialı var, gələcəkdə turistlərin bu ərazilərə daha rahat formada gəlib-getməsində mühüm rol oynayacaq. Laçında növbəti üçüncü hava limanının tikintisi də həyata keçirilməkdədir.

Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əksini tapan vəzifələrin ardıcıl olaraq yerinə yetirilməsi bu istiqamətdə qarşıda duran hədəflərə çatmağa imkan verəcək. Böyük Qayıdış proqramı çərçivəsində görüləcək işlər həmin ərazilərdə iqtisadi fəallığın təmin olunması və ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, sosialyönümlü iqtisadiyyatın inkişafına, o cümlədən məşğulluğun artmasına, əhalinin rifahının yüksəlməsinə əlavə təkan verəcək. İşğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrin bərpası da quruculuq və Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulması, dəmiryolu və avtomobil magistrallarının tikintisi isə bu ərazilərin simasını kökündən dəyişir, böyük iqtisadi potensialı, bol təbii ehtiyatları, aqrar istehsal və ixrac potensialı, xarici investisiyaların qoyuluşu üçün böyük perspektivlər vəd edir.

Dünya ictimaiyyəti Azərbaycanın Qarabağ iqtisadi rayonunda apardığı tikinti, quruculuq, bərpa işlərinin miqyasını görür və ermənilərin dağıdıcı, vandal xarakteri ilə qurucu, yaradıcı missiyamızı müşahidə və müqayisə edir. Bu müşahidə və müqayisələrlə dünya ictimaiyyəti işğaldan azad edilən torpaqların ermənilərə deyil, Azərbaycan xalqına məxsus olduğuna bir daha əmin olur. Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinin gedişatı, erməni vəhşiliyi səbəbindən yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizin öz doğma obalarına dönüşü Böyük Qayıdış barədə bütün dünyaya çox aydın bir mesajdır. Vətən müharibəsində möhtəşəm Qələbəmizdən sonra ölkəmiz üçün yeni dövr başlayıb və artıq işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, indi hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. 2023-cü il oktyabr ayının 31-dək işğaldan azad edilmiş ərazilərə 3258 nəfər köçürülüb. Bu günlərdə Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb. İndiyədək Zabux kəndində 46 ailənin, yəni 188 nəfərin daimi məskunlaşması təmin edilib. Bütün bunlar hər bir azərbaycanlını sevindirir. Bundan sonra Qarabağın xoşbəxt günləri başlayır. Bu xoşbəxt günlərin təminatçısı Azərbaycan xalqı və onu yumruq kimi birləşdirən Ali Baş Komandanımız İlham Əliyevdir. O yerlərdə cənnətin təsvirini yaradan da məhz bu xalqın qalib sərkərdəsidir.

Mustafa KAMAL,

"Respublika".