Tarixə yazılan yüksəliş illəri: əsl siyasət real iş görməkdir
Siyasət

Tarixə yazılan yüksəliş illəri: əsl siyasət real iş görməkdir

Azərbaycan həmişə sülhü, əməkdaşlığı təbliğ edən çağırışlar edir. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Azərbaycan öz xarici siyasət xəttini də bu prinsiplərə əsasən qurur.

Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi və daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu bəyan edir. Azərbaycan ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda belə, bu xəttə sadiqliyini nümayiş etdirərək onu uğurla həyata keçirir. Məhz bu səbəbdəndir ki, dünya Azərbaycanın liderliyini qəbul edir, ölkəmizin irəli sürdüyü təşəbbüsləri dəstəkləyir. Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir.

Xalqımızın Ulu Öndərin vətəndaş qarşıdurmalarından, parçalanma təhlükəsindən, sosial-iqtisadi problemlər məngənəsindən xilas edərək inkişaf yoluna çıxardığı, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində əzmlə irəliləyən Azərbaycanın taleyini 2003-cü ilin oktyabrında Heydər Əliyev yolunun davamçısı cənab İlham Əliyevə etibar etməsi ən doğru seçimi idi.

Xalqın bu seçimi ölkəmizin daha böyük uğurlarına yol açdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqilliyini yeni bərpa etmiş dövlətimizi tarixinin ən qüdrətli ölkəsinə çevirdi, güclü inkişaf mərhələsinə çıxardı. Azərbaycanın sosial-iqtisadi inkişafı üçün misilsiz nailiyyətlərə imza atdı. Bütün mövcud resursları ən optimal qaydada ölkənin tərəqqisinə yönəltdi. Azərbaycanı başdan-başa abadlıq-quruculuq meydanına çevirdi. Həyata keçirilən məqsədyönlü dövlət proqramları ilə bir sıra problemlərin qısa müddətdə həllinə nail oldu. Yeni yaradılan yüz minlərlə iş yeri ilə insanlarımızın məşğulluq problemini aradan qaldırdı. Əhalinin maddi rifah halı yaxşılaşdı, yaşayış səviyyəsi yüksəldi, yoxsulluq problemi minimal həddə düşdü.

Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursuna uyğun olaraq Azərbaycanın sözün əsl mənasında həqiqi müstəqilliyini təmin etdi. Ölkənin sosial-iqtisadi cəhətdən kiminsə asılılığında olmasına imkan vermədi. Əksinə, Azərbaycanı ən önəmli, rəyi, mövqeyi ilə hamının hesablaşmağa məcbur qaldığı nüfuzlu ölkə etdi. Azərbaycan regionun lider dövləti kimi bölgədəki yeni reallıqların əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısı oldu.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Fərqli mədəniyyətlərin, Şərq və Qərb sivilizasiyalarının təmas mərkəzidir. Multikulturalizm, tolerantlıq örnəyidir. Aydın strateji baxışı, faydalı təşəbbüsləri ilə ümumilikdə dünyamızın bu günü və gələcəyinə dəyərli töhfələr verən ölkədir. Belə bir səviyyəyə Azərbaycan, ilk növbədə, iqtisadi inkişafı sayəsində nail ola bilib. Çünki iqtisadi imkanlar, maliyyə resursları bütün inkişaf proseslərinin təməl qaynağıdır. Azərbaycanın getdikcə yüksələn iqtisadi imkanları, qazanılan sosial-iqtisadi nailiyyətlər ölkəmizin bu günü və gələcəyi üçün bir sıra strateji qərarların icrasına təkan verir. Onların reallaşdırılmasına imkan yaradır.

Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Avropanın diqqətindən yayınmır. Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir.

Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Külək, günəş, bioyanacaq kimi bərpaolunan enerji mənbələri qlobal enerji təhlükəsizliyinin təminatı və qlobal istiləşmənin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir.

44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdə, torpaqlarımızın düşməndən təmizlənməsində də iqtisadi amillər çox mühüm rol oynadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş siyasət, dərin islahatlar nəticəsində uzun illər ərzində yaradılmış iqtisadi və hərbi potensial şanlı Ordumuzun düşmən üzərində parlaq və qəti qələbəsini şərtləndirdi. Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində qazanılan nailiyyətlər ölkəmizə güclü ordu qurmaq imkanı yaratdı. Elə bir ordu ki, Vətən müharibəsində tarix yazdı. Tətbiq etdiyi innovativ silahlar, döyüş metodları ilə XXI əsrin müharibəsini apardı və bu təcrübə indi dünyanın bir çox aparıcı hərbi məktəblərində öyrənilməkdədir.

2020-ci il ölkəmizin dövlətçilik və müstəqillik tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir. Ali Baş Komandan Ata vəsiyyətini şərəflə yerinə yetirdi. Bu yerdə xalqımızın ulu öndəri, müasir Azərbaycan dövlətinin qurucusu, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin hələ 2003-cü ildə Azərbaycan xalqına müraciətini xatırlamaya bilmərik: "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyən Ulu Öndər 2003-cü ilin 1 oktyabrında prezident seçkiləri ərəfəsindəki müraciətində ona inanmış xalqına yenə də ən düzgün yol göstərdi, milli dövlətçilik ideyalarını davam etdirməyə qadir qüdrətli lideri nişan verdi. Azərbaycanın gələcək taleyini əmin əllərə etibar etdi.

2020-ci ilin 8 noyabr günü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətənin ən uca mənəviyyat zirvəsi olan Şəhidlər Xiyabanından Şuşanın azadlığı müjdəsini xalqımıza yetirəndə Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyinə heyrətlənməyə bilmədik. Bu, dahi şəxsiyyətin, misilsiz dövlət xadiminin böyüklüyü idi! Artıq Qarabağa böyük qayıdış başlayıb. Quruculuq işləri uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva vaxtaşırı tikinti meydançalarında olurlar. Bütün bunlar xalqımıza qürur hissi yaradır.

Beynəlxalq münasibətlər sisteminin əsas aktorları ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələrinə malik olan ölkəmizin dünya miqyasında böyük hörmət və nüfuzu var. BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik isə dünya dövlətlərinin Azərbaycana marağının bariz göstəricisidir. Bu gün dünyanın aparıcı mətbuat orqanları, tanınmış siyasətçilər qeyd edirlər ki, Azərbaycanın bu Hərəkata sədrliyi qurumun fəaliyyətində mühüm dönüş yaradıb. Dövlət başçısı İlham Əliyevin titanik fəaliyyəti, qlobal təşəbbüsləri, sosial-iqtisadi kursu, siyasi islahatları, daxili və xarici siyasəti xalqımız tərəfindən dəstəklənir.

Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk günündən "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir", - tezisini irəli sürərək, ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza atıb.

Mustafa KAMAL,

"Respublika".