Tanınmış yazıçı Varislə gənclərin görüşü keçirilib
Dünya xəbərləri

Tanınmış yazıçı Varislə gənclərin görüşü keçirilib

“Böyük Qayıdış” Gənclər Təşkilatının və  Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Libraff”da tanınmış yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Avrasiya Millətlər Assambleyasının həmsədri Varisin gənclərlə görüşü keçirilib.

“Respublika” xəbər verir ki, görüş Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində işıq üzü görən “Qırmızı ləçəklər” romanının müzakirəsi əsasında baş tutub.

İki saat davam edən görüşdə iştirak edən gənclər bu dəyərli əsər haqqında müəllifin özündən məlumat alıb, fikir mübadiləsi aparıb və onları düşündürən suallara cavab tapıblar.

Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyevlə belarus gözəli Qalina Mankonun Belarusiyada başlayıb Xocalıda bitən müdhiş sevgi hekayəsindən bəhs edən, erməni vəhşiliklərini və Xocalı müdafiəçilərinin qəhrəmanlıqlarını tərənnüm eləyən bu roman təsadüfi deyil ki, oxucular tərəfindən çox sevilir. Məhz buna görə də əsərin ilk tirajı bitdikdən  sonra təkrar nəşr edilərək kitabsevərlərin ixtiyarına verilib. 

Görüşdə gənc ədiblər də iştirak ediblər, onlar yazıçıdan oxunaqlı yazı yazmağın sirlərini öyrəniblər. Tədbirdə, həmçinin təşkilatların gənc auditoriya ilə gördükləri işlərin önəmindən, kitab təbliğatına verdikləri dəyərdən bəhs edilib, onlara gələcək fəaliyyətlərində uğurlar, yazıçıya isə Azərbaycan həqiqətlərini yorulmadan dünyada təbliğ etməsi işində bol enerji və müvəffəqiyyətlər arzulanıb.

Sonda tədbirdə iştirak edən gənclərə müəllifin imzalı kitabları hədiyyə edilib və xatirə fotoları çəkilib.

Qeyd edək ki, “Böyük Qayıdış” Gənclər Təşkilatının və  Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə Qarabağ mövzusunda yazılmış əsərlərin müzakirəsi əsasında silsilə görüşlər həyata keçirilir. Bundan öncə “Dolu” romanının və “Bütün yollar Şuşaya aparır” əsərinin gənclərin iştirakı ilə müzakirəsi baş tutub.