Şuşa öz sakinlərini gözləyir
Sosial həyat

Şuşa öz sakinlərini gözləyir

İkinci Qarabağ müharibəsində Zəfərimizdən sonra dövlətin qarşısında duran ən prioritet məsələlərdən biri ərazilərin mümkün qədər tez bir zamanda yenidən qurulmasıdır. Azərbaycan iqtisadi gücü və daxili imkanları hesabına bu işin də öhdəsindən layiqincə gəlir. Artıq ötən ilin yay aylarından başlayaraq tikilib qurulan yaşayış məskənlərimiz, kənd və şəhərlərimiz sakinlərin istifadəsinə verilir. Hər gün yeni bir ünvanda həyat canlanır, sakinlərin yaşayışı təmin olunur. İşğaldan azad edilmiş bütün ərazilərdə tikinti-quruculuq işləri sürətlə davam edir. Zəngilanın Ağalı kəndindən başlayan köç karvanları bu gün bütün Qarabağı əhatə edir. Laçın, Kəlbəcər, Füzuli, Tərtər və digər bölgələrimizdə böyük coşqu və sevinc hissi yaşanır. Yaxın günlərdə Ağdam da öz ağ günlərini yaşayacaq. Aparılan tikinti işlərinin miqyası onu göstərir ki, buraya daha böyük köç həyata keçiriləcək.

İşğaldan azad edilən torpaqlarımız 30 il erməni vandallığının qurbanı olub. Bu yerlər ya tamamilə dağıdılıb, ya da bölgədən Azərbaycanın izlərini itirmək üçün erməni saxtakarlığı işə düşüb. Qarabağ və Şərqi Zəngəzurda sözün əsl mənasında hər daşın altında bir tarix yatır. Sözsüz ki, bunu düşmən də çox gözəl bilirdi. Ona görə də işğalda saxladığı müddət ərzində Qarabağın tarixi, mədəni abidələrinin bir çoxunu dağıdıb, digərlərini isə özününküləşdirməyə çalışıblar.

Qarabağda tikinti-quruculuq işləri çərçivəsində yaşayış məskənləri və iaşə obyektləri ilə yanaşı, həm də tarixi-mədəni abidələrin də bərpa və restavrasiya işləri aparılır. Görülən işləri xüsusi nəzarətdə saxlayan dövlət başçısı İlham Əliyev mütəmadi olaraq bölgəyə səfərlər edir və reallaşdırılan layihələrlə yerindəcə tanış olur. Zəfər bayramının qeyd edildiyi ərəfədə, noyabr ayının 7-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Şuşaya səfəri oldu. Dövlətimizin başçısı və birinci xanım Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti-quruculuq işləri ilə tanış oldular. Yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Bu ilin sonunda tikinti işlərinin yekunlaşması nəzərdə tutulur. Yaşayış kompleksində 28 birotaqlı, 195 ikiotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzillər var.

Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət olan kompleksdə sakinlərin rahat yaşayışı və istirahəti üçün bütün lazımi şərait yaradılacaq. Şuşalıların köçürülmə prosesi isə 2024-cü ilin birinci rübündə həyata keçiriləcək. Ölkə başçısı "Qızlar gimnaziyası" tarixi abidə binasında aparılan işlərlə də tanış olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qala divarına və ətraf əraziyə baxdıqdan sonra Heydər Əliyev Fondunun həyata keçirdiyi işlərin tərkib hissəsindən biri olan Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda aparılacaq bərpa və yenidənqurma layihələri ilə tanış olub. "Yasəmən" hotelinin açılışında iştirak ediblər.

Millətimizin müqəddəs hesab etdiyi ülviləşdirdiyi saflıq mənbələrindən biri də Azərbaycan təbiətinin insanlara bəxş etdiyi zümrüd gözlü bulaqlardır. Tarixin dərin qatlarından bu günümüzə qədər gəlib çatan bulaqlardan biri də Şuşanın dillərə dastan "İsa bulağı"dır. İşğal dövründə bulaq düşmən tərəfindən vandalizmə məruz qalmışdı. Doğrudur, ətrafındakı istirahət obyektləri ermənilərin gəlir mənbəyi kimi abadlaşdırılmışdır. Ancaq bulaq ermənilər tərəfindən dağıdılıb hətta bulağın suyunda azalma hiss olunurdu. Vətən müharibəsindən sonra "İsa bulağı" Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tamamilə bərpa edilib. Dəyişdirilən görkəmi mərmər daşlarla əvəzlənib, "İsa bulağı" sözü isə milli ornamentlərlə yazılıb. Bulağın su təminatı da tamamilə bərpa edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri zamanı şəhər 1 nömrəli məktəbin açılış mərasimi də olub. Ölkənin ictimai-siyasi həyatında özünəməxsus yeri olan Şuşa Azərbaycan təhsilinin inkişafında da böyük rol oynayıb. Rus-tatar, ilk qızlar məktəbi, qızlar seminariyası, realnı məktəb yerli əhalinin təhsilinin, dünyagörüşünün inkişafında böyük təkanverici qüvvə olmuşdur. Müasir dövrümüzdə istifadəyə verilən Şuşa şəhər 1 nömrəli məktəb həmin ənənələrin davamçısıdır. 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Hər biri 24 nəfərlik 40 sinif otağı, STEAM mərkəzi, kitabxana, akt və idman zalı, tibb otağı və digər iş otaqları var. Məktəb binasında və ətraf ərazidə bütün lazımi şərait yaradılıb.

Ramidə YAQUBQIZI,

"Respublika".