Sülhə doğru növbəti addım
Digər xəbərlər

Sülhə doğru növbəti addım

Bildiyimiz kimi, fevralın 1-də Azərbaycan tərəfi  və Qarabağ bölgəsində yaşayan,  vətəndaşlarımız olan erməni sakinləri ilə görüş olub. Görüşdə Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr olub. Danışıqlar 1988-ci ilə qədər və ondan sonra da orada yaşamış yerli erməni icması ilə aparılıb. Bölgədə yaşayan, Azərbaycan Respublikasının qanun, nizam-intizamlarına riayət edən və ölkəmizin əksinə heç bir hərəkət etməyən hər bir azlıq Azərbaycan vətəndaşıdır. Bunu Prezident İlham Əliyev də öz nitqində aydın şəkildə ifadə edib: "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib". Bu da bir daha onu təsdiq edir ki, Paşinyan hakimiyyətinin əksinə, ölkəmizin başçısı və yerli xalq ermənilərə qarşı xoşniyyətli və tolerantdır.

İclas zamanı növbəti görüşün Bakı, Gəncə və yaxud Ağdamda baş tutması ehtimal olunurdu. Artıq növbəti görüşün Bakıda olması qərarlaşdırılıb. Buna əsasən, icma üzvləri Bakıya dəvət edilib. Lakin maraqlıdır ki, icma üzvləri Bakıya gələcəkmi? Məsələ ilə bağlı politoloqlar bildirir ki, onların paytaxta gəlməməsinə heç bir əsas yoxdur: "İllər uzunu bizdən tələb edirdilər ki, Qarabağ separatçıları ilə birbaşa dialoqa başlayaq. Mövqeyimiz belə idi ki, torpaqlarımızı Ermənistan işğal edib, danışıqlar ancaq İrəvanla aparıla bilər və keçmiş Minsk qrupu formatında bu proses aparılırdı. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Qarabağ mövzusunun müzakirəsi dayandırıldı. Çünki Qarabağ daxili məsələmizdir, bunu başqası ilə müzakirə etmək doğru deyil. Müharibədən sonra Qarabağın erməni icmasının nümayəndələri ilə bir neçə dəfə görüş olub. İndi erməni icmasının nümayəndələri danışıqların davamı üçün Bakıya dəvət edilib. Nə qərar verəcəkləri maraqlıdır. İllər boyu deyirdilər ki, "rəsmi Bakı bizimlə birbaşa dialoq aparsın". Bu da dialoq, daha bəhanələri qalmayıb. Erməni icmasının nümayənədələri ilə Qarabağda - Laçının ətrafında və Xocalıda təmas olub, indi növbə paytaxt Bakınındır".

Azərbaycan tərəfinin atdığı bu addımlar dünya ictimaiyyətinə də ölkəmizin müharibə yox, sülh və dostluq münasibətlərinin qurulmasını istədiyinin açıq nümunəsidir. Bu isə qısa müddətdə qələbə qazanmış bir ölkə olaraq növbəti uğurumuzdur. Törədilən bu təxribatlara, 30 illik əsarətə baxmayaraq, Azərbaycan bağışlamağa hazırdır. Bu da həm dövlətimizin, həm də xalqımızın böyük qüdrətə və mərhəmətə sahib olduğunun təsdiqidir. Tarix boyu əhalimiz bir çox azlıqlara sahib çıxıb, xoşniyyətlə qarşılayıb. Növbəti görüşün paytaxt Bakıda keçirilməsi isə hər cəhətdən böyük əhəmiyyət kəsb edir. İcmanın paytaxta gəlməsi  ilə bağlı qərar xoş niyyətimizin təkcə sözdə yox, həmçinin əməldə də sübutudur.

Töhfə SƏMƏDOVA,

"Respublika".