Strateji inkişaf konsepsiyasının təməli
Digər xəbərlər

Strateji inkişaf konsepsiyasının təməli

Müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutmasında “Əsrin müqaviləsi”nin müstəsna rolu var

1993-cü ilin təlatümlü iyun günlərində - Azərbaycanın dövlət müstəqilliyi üçün ciddi təhlükə yarandığı bir dövrdə xalqın çağırışına səs verərək xilaskarlıq missiyasını üzərinə götürən ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışı ilə respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Ölkənin iqtisadi yüksəlişi üçün tədbirlər görülməyə başlandı və xalqımızın əvəzsiz sərvəti olan neft amilindən məharətlə istifadə edildi. Azərbaycanın o zamankı məhdud maliyyə imkanları ilə neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının çətinliyini nəzərə alan ümummilli lider məsələnin həll yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında gördü və bütün geostrateji çətinliklərə baxmayaraq, qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu.

28 il bundan əvvəl 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" müqaviləsi imzalandı. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.

"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 sazişin imzalanmasına yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları həcmində sərmayənin 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.

"Əsrin müqaviləsi" ilə müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. "Əsrin müqaviləsi"nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxışında ulu öndər Heydər Əliyev demişdir: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bütün dünyaya nümayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətinə sahib olduğunu bütün dünyaya nümayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş ölkələri, onların ən böyük şirkətləri arasında əlaqələr yaratdıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrin Azərbaycana investisiya qoyması üçün böyük yol açdıq".

Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ilə XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolu müəyyənləşdi. Bu müqavilənin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu xeyli yüksəldi, Azərbaycanı dünyanın neft ixrac edən ölkəsinə çevirdi.

Azərbaycan neftinin xaricə çıxarılması birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörən siyasəti nəticəsində "Əsrin müqaviləsi" Azərbaycanı investisiyalara açıq bir dövlətə çevirdi və xarici investorlar bu layihə təsdiqini tapdıqdan sonra, sərbəst şəkildə ölkəmizə investisiya yatırmağa başladılar.

Neft strategiyası, onun ölkəmizin inkişafındakı tarixi rolu məhz ulu öndərin təşəbbüsü və qətiyyəti sayəsində yaradılmış Neft Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Azərbaycanın ən böyük sərvəti olan neftin xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubluğunu bildirən ümummilli lider tarixi qərar qəbul edərək 29 dekabr 1999-cu ildə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" fərman imzalamışdır. Fondun yaradılması fəlsəfəsinin əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Belə ki, Neft Fondu bu gün neft sazişlərinin həyata keçirilməsi ilə əlaqədar əldə edilən gəlirlərin toplanması və səmərəli şəkildə idarə edilməsinin ən effektiv mexanizminə çevrilib. Ötən müddətdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli sosial-iqtisadi inkişafına təkan verən bir sıra məqsədli Dövlət proqramları məhz Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilmişdir. Neftdən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirilməsini iqtisadi siyasətin prioriteti elan edən Azərbaycan dövləti hazırda qeyri-neft sektorunun inkişafı sahəsində uğurlu nəticələr qazanır.

Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir ki, Neft Fondunun yaradılması neft strategiyamızın vacib elementlərindən biri olmuşdur: "Neftin satışından gəlirlər əldə etməyə başladıqdan dərhal sonra Neft Fondu təsis edilmişdir. Fond çox müasir və şəffaf quruluşa malikdir və onun fəaliyyəti və gəlirləri haqqında məlumatlar müntəzəm olaraq dərc edilir. Bu, çox vacib bir məsələdir, belə ki, uğur qazanmaq, ölkəni inkişaf etdirmək və gəlirlərdən lazımi qaydada istifadə etmək üçün maksimum dərəcədə şəffaflığın təmin edilməsi zəruridir".

Ölkəmizdə gündən-günə vüsət alan, məramı xalqımızın rifah halının daha da yüksəlməsi, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında layiqli yerinin təmin edilməsi olan genişmiqyaslı quruculuq işləri Heydər Əliyevin neft strategiyasının dünənki, bugünkü və gələcək təntənələrinin bariz nümunəsidir. "Əsrin müqaviləsi" ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi" təşkil edir.

Azərbaycan bu gün dünyada həm zəngin mədəni-tarixi dəyərlərə malik, həm də böyük neft və qaz ehtiyatlarına sahib ölkə kimi tanınır. Ölkəmizin iqtisadi, sosial və hərbi cəhətdən inkişafının əsasında güclü və sarsılmaz siyasi iradə və təbii sərvətlərimizdən düzgün istifadə dayanır. Ümummilli lider Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü, ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı, çoxşaxəli iqtisadi siyasəti və bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam, eləcə də inkişaf etdirilməsi nəticəsində neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir. Sosial-iqtisadi inkişaf tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan, beynəlxalq birliyin tamhüquqlu üzvü olan müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.

Əminliklə demək olar ki, bu güclü təməl üzərində ölkə iqtisadiyyatı bundan sonra daha sürətlə inkişaf edəcək, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşacaq, Azərbaycan qüdrətli dövlətə çevriləcəkdir.

M.MİRZƏ,

"Respublika".