Heç bir cinayət cəzasız qalmır
Digər xəbərlər

Heç bir cinayət cəzasız qalmır

Prezident İlham Əliyev:

"Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir."

Mənfur düşmən tarix boyu soydaşlarımıza qarşı ağlasığmaz vəhşiliklər törətmiş, xalqımız öz yurd yerində kütləvi soyqırımları və deportasiyalara məruz qalmışdır. 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq yürütdüyü bu siyasətə məruz qalmış, tarixi torpaqlarından qovulmuş soydaşlarımız qaçqına, məcburi köçkünə çevrilmişdir. Şükürlər olsun ki, bugün Azərbaycan dövləti tarixi ədaləti bərpa etmiş, xalqımız öz doğma yurdlarına qovuşmuşdur. 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər ordumuz Azərbaycan xalqının qisasını döyüş meydanında alaraq öz qüdrətini bütün dünyaya sübut etmişdir.

Azərbaycan xalqı zamanla müsibətlərə məruz qalmış, çox ağrı-acılar çəkmişdir. Xüsusilə, ölkədəki siyasi hərc-mərclik dövründə xalqın imdadına yetən olmamış, yaranmış qarışıqlıqdan istifadə edən haylar öz qanlı planlarını həyata keçirmişlər. Qan yaddaşımız olan, yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi Xocalı soyqırımı xalqımızın üzləşdiyi bəşəri cinayətlərdən yalnız biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törətmişdir. Xocalının hədəf seçilməsinin əsas məqsədlərindən biri Qarabağda yeganə aeroportun burada yerləşməsi idi. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. İllər sonra Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, Azərbaycan dövləti qəhrəmanlıq salnaməsini şəhidlərinin qanı ilə döyüş meydanında yazdı.

Xocalı soyqırımı zamanı xüsusi amansızlığa məruz qalmış kəndlərdən biridə Meşəli idi. Cəmi 409 sakini olan Meşəli kəndinin işğalı zamanı 28 nəfər amansızcasına qətlə yetirilmişdir. Ermənilərin gecəvaxtı kəndi dörd tərəfdən mühasirəyə almış, kəndin kənarında yerləşən evlərə və tövlələrə insanlar yatdığı yerdə od vurub yandırdıqdan sonra hadisədən xəbər tutub bayıra çıxan əhali güllə-boran edilmişdir.

Beynəlxalq ədalət, qlobal güc dairələri, anti-Azərbaycan bloku hər nə qədər ikili standart sərgiləyib erməni vandallığının üstünü örtməyə çalışsada həqiqət göz qabağındadır. İşğaldan azad edilmiş ərazilərimizdə bu gün də amansızlıqla qətlə yetirilmiş soydaşlarımızın kütləvi məzarlıqları aşkarlanır.

Azərbaycan dövləti öz suveren ərazilərində sülh və sabitliyə xidmət edir, tarix boyu törədilmiş erməni vandallığının hərbir mövhumunu gündəmdə saxlayır. Xüsusilə, bucür cinayət əməllərini törətmiş cinayətkarların məsuliyyətə cəlb olunması, xalqımızın pozulan hüququnun və tarixi ədalətin bərpa edilməsi prosesi davam edir. Məhz dünən Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb. 1955-ci il təvəllüdlü, Xaçaturyan Vaqif Çerkezoviç Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları məhv etmək məqsədilə silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edərək 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə heçbir əsas olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb. Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.

Bəli, ədalət gec-tez öz yerini tapır. Baxmayaraq ki, ədaləti bərpa etməli olan beynəlxalq qurumlar Azərbaycanın haqq səsini duymaqdan imtina edirlər. Lakin, Azərbaycan öz gücü hesabına tarix boyu məruz qalmış bütün cinayət əməllərini beynəlxalq ictimaiyyətin gözü qarşısında sübuta yetirir. Bugün tarixin qaranlıq və qanlı dövrlərini geridə qoymuş, intibah dövrünü yaşayan və qlobal məkanda güc sahibi olan Azərbaycan dövləti haylar tərəfindən vəhşicəsinə pozulmuş hüquqlarını bərpa etmək qüdrətindədir. Dövlətimiz bugünə qədər olduğu kimi bundan sonraki dövr ərzində də əlində dinc əhalimizin qanı olan erməni vandallarını müəyyənləşdirərək məsuliyyətə cəlb edəcək.

Qeyd edək ki, soyqırımı kimi vəhşiliklərin törədilməsi faktının araşdırılması və bu çirkin əməldə iştirak etmiş cinayətkarların təqibi və cəzalandırılması təkcə Azərbaycanda mövcud deyil. Ölkəmizlə sıx münasibətlərə sahib olan İsrail dövlətidə eyni ilə II Dünya müharibəsi zamanı yəhudilərə qarşı edilən hərbi cinayətkarlıq və soyqırımı törətmiş alman nasistlərini müəyyən edir və onları məhkəmə qarşısına çıxardır. Təbii ki, bu işdə Mossad (kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanı) parlaq nəticələrə nail olur. Xatırladaq ki, müharibə ərzində yalnız milli mənsubiyyətinə görə 6 milyon yəhudi uşaq, qadın, qoca, cavan alman nasistləri tərəfindən ölümə məhkum edilmişdir. Onlar üçün xüsusi ölüm düşərgələri yaradılmışdı. Dəhşətli Holokost soyqırımından sonra -1948-ci ildə müstəqillik əldə edən İsrail dövlətinin tək məqsədi canını hansısa yollara qurtarmış yəhudiləri tapmaq və valideynlərini itirmiş uşaqlara sahib çıxmaq idi.

Xüsusi qeyd etmək lazımdır ki, beynəlxalq axtarışda olan cinayətkarın Laçın dövlət sərhəddində saxlanılması təqdirə layiq haldır. Azərbaycanın hüququ olan Laçın nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti hər aspektdən doğru olduğu kimi cinayətkarların müəyyən edilməsi baxımından da produktivdir. Təbii ki, müxtəlif beynəlxalq mexanizmlər və erməni havadarları Laçındakı vəziyyətlə barışmaq istəmir və qarayaxma kompaniyaları həyata keçirərək müxtəlif manipulyativ addımlar atırlar. Belə ki, yalnızca humanitar məqsədlər üçün istifadəsi mümkün olan Laçın nəzarət-buraxılış məntəqəsindən sui-istifadə etməyə cəhd göstərən haylar öz xəbis niyətlərini reallaşdıra bilmədiklərindən iyulun 26-dan etibarən siyasi şou göstərməyə başladılar. Haylar Azərbaycanla razılaşdırılmadan yük maşınlarını Qarabağa keçirmək üçün Laçın postuna yaxın ərazidə cəmləşdirərək Qarabağın erməni əhalisinin guya ağır humanitar böhran yaşadığını göstərməyə çalışırlar. Halbuki, Azərbaycan tərəfi hələ iyulun 15-də Brüsseldə keçirilən üçtərəfli görüş zamanı humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etmişdi.

Nurlan ABDALOV,

"Respublika".