Şovinist fars rejimi Cənubi azərbaycanlılara zülm edir
Digər xəbərlər

Şovinist fars rejimi Cənubi azərbaycanlılara zülm edir

Yanvarın 28-i və 29-da Cənubi azərbaycanlıların məskunlaşdığı Xoy şəhərində 5,4 və 5,9 bal gücündə iki dəfə zəlzələ baş verib, ardınca 25 afterşok qeydə alınıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində azı 3 nəfər ölüb, daha 973 şəxs yaralanıb. Zəlzələ səbəbindən 10 minə yaxın ev dağılıb və yararsız vəziyyətə düşüb. Hakimiyyətin verdiyi çadırlar kifayət etmədiyindən sakinlər soyuq və qarlı-şaxtalı havada küçələrdə qalıblar. Lakin çadır tapanlar da qurtulmuş hesab olunmur. Çünki hadisədən heç bir həftə keçməmiş, fevralın 4-də qeyri-standart istilik cihazlarından istifadə səbəbindən yaşayış çadırlarında yanğın baş verib. Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru Həmid Məhbubi mətbuata bildirib ki, qeyri-standart qaz sobasının aşması səbəbindən çadırlardan biri alovlanıb və yanğın ikinci çadıra da keçib. Qızıl Aypara Cəmiyyətinin əməkdaşları alovun üçüncü çadıra keçməsinin qarşısını alıb, lakin yanğınla mübarizə zamanı cəmiyyətin əməkdaşlarından dörd nəfər səthi yanıq xəsarətləri alıb. Ümumilikdə, indiyədək sözügedən istilik cihazları səbəbindən 140 nəfər qazdan zəhərlənib. Xəstəxanalarda isə yer və tibbi heyət olmadığı üçün xəstə qəbulundan imtina olunur.

Xoylular ilk növbədə hökumətə göz diksələr də, hadisədən günlər keçməsinə baxmayaraq, molla rejimi evsiz qalan soydaşlarımıza heç bir dəstək göstərməyib. Onlar bir növ taleyin ümidinə buraxılıb. Cənubi azərbaycanlılar deyir ki, hakimiyyət vətəndaşlarını aldadır. Yerli jurnalistlərə müsahibə verən adı anonim saxlanılan zərərçəkənlərdən biri bildirib ki, əvvəlcə sakinləri siyahıya aldılar, lakin heç nə etmədilər. İndi isə onları çağırır, imza atdırır, yenə də heç nə vermirlər. Güneyli soydaşlarımızın sözlərinə görə, əraziyə məsul olan şəxslər nəzərdə tutulan vəsaiti aidiyyəti üzrə xərcləmirlər. Güney Azərbaycandan olan tanınmış rejissor Məhəmməd Əlimuradi isə hakimiyyət orqanlarının fəaliyyətinin yetərsiz olduğuna toxunaraq xarici ölkələrdən mümkün qədər vacib ehtiyacların ödənilməsi üçün yardım etmələrini xahiş edib. "Havaların soyuq keçməsi və qar yağmasının yaratdığı şəraitə uyğun olaraq zəlzələdən zərərçəkən Xoy əhalisinin təcili olaraq istilik cihazları ilə təchiz olunmuş müvəqqəti sığınacaqlara ehtiyacı var. Sözsüz ki, sığınacaqlar, istilik qurğuları olmasa, zəlzələdən zərərçəkmiş insanların həyatı çox çətin olacaq və biz bu ərazilərdə  böhranların şahidi olacağıq. Buna görə də, səlahiyyətlilərin bir plan düşünməsi və Xoy əhalisinin vacib ehtiyaclarını mümkün qədər tez təmin etməsini tələb edirik”, - deyə tanınmış rejissor bildirib.  

Lakin cənublu soydaşlarımızın fövqəladə problemini həll etmək üçün yetərincə səy göstərməyən Tehran rejimi özü kömək etməməklə yanaşı, qonşu ölkələrin də yardımını qəbul etmir. Azərbaycan və Türkiyə hər zaman yaxın və uzaq ölkələrdə yaşayan, təbii fəlakətlərin doğurduğu məhrumiyyətlərlə qarşı-qarşıya qalan insanlara xüsusi həssaslıqla yanaşıb, onların dərdlərinə şərik olub, yardımını əsirgəməyib. Odur ki, hər iki dövlət Xoydakı zərərçəkənlərə kömək etməyi mənəvi borcu olaraq görür. Bu səbəbdən də, qardaş ölkələr zəlzələdən qısa müddət sonra İrana yardım təklifi edib. Lakin rəsmi Tehran təklifi geri çevirib. Çünki Bakı və Ankara İranla müqayisədə daha müasir imkanlara malikdir. Ona görə də, molla rejimi rəqib ölkənin üstünlüklərinin nəzərə çarpmasından ehtiyat edir. Azərbaycan və Türkiyə Xoy əhalisinə yüksək səviyyədə yardım etsəydi, sakinlərin onlara qarşı rəğbəti daha da arta bilərdi. İran da bundan qorxduğu üçün yardıma icazə vermədi.

İran rəsmiləri və media qurumları Rusiyadan Xoy zəlzələsinə kömək məqsədilə yardım gələcəyini xüsusi vurğuladılar. Rusiyanın Ermənistan yolu ilə Xoya yardım göndərəcəyi ilə bağlı xəbərlər tirajladılar. Bu yardım Azərbaycan və ya Gürcüstan sərhədlərindən də keçə bilərdi. Əslində, belə bir yardımın gəlib-gəlmədiyi bəlli deyil. Amma məlumdur ki, Tehran Rusiya-Ermənistan-İran müttəfiqliyi üzərindən insanların gələcəyini məhv edir, çirkin oyun oynayır. Lakin İran fərqində deyil ki, bu addımları ilə öz sonunu yaxınlaşdırır. Proses indiki kimi davam etsə, azərbaycanlıların İranı bürüyən etiraz dalğası sonda Güney Azərbaycanın molla rejimindən qopması ilə nəticələnə bilər. İranda yaşayan 35 milyon azərbaycanlı ən çətin anlarda belə vətəndaşı olduğu dövlətdən humanitar yardım görmürsə, əlbəttə ki, onlar beynəlxalq prinsiplərə uyğun olaraq öz müqəddəratını təyinetmə hüquqlarından istifadə etməyə məcbur qalacaqlar.

Jalə QASIMZADƏ,

“Respublika”.