Sosial şəbəkələrin mənfi təsirləri və reallıqlar
Sosial həyat

Sosial şəbəkələrin mənfi təsirləri və reallıqlar

Elm, texnika inkişaf etdikcə insan daha çox yeniliyə can atır. Dünyanın düzənində, həmçinin öz yaşayış tərzində dəyişiklik, yenilik axtarır. Keçmişlə müqayisədə indi rahat şəkildə dünyanın istənilən nöqtəsində baş verən prosesləri izləyib müdaxilə etmək mümkündür. Müasir dövrdə texnologiyaların sürətli inkişafı insanlar üçün çox şeyi əlçatan edib. Bu, da sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına geniş imkanlar yaradıb. Artıq sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib desək, yəqin ki, yanılmarıq. İnternet müasir dövrdə insanların əsas xəbər, əyləncə, əlaqə mənbəyidir. İnsanlar xoş gününü, hər hansı bir uğurunu yaxınlarından daha çox virtual aləmdən tanıdıqları ilə bölüşürlər. Nəticədə, qohumluq əlaqələri itir, münasibətlər yadlaşır. Qohumlar, qonşular ilə canlı ünsiyyət indi telefon vasitəsilə həyata keçirilir. Bu, insanlar arasında uzaqlaşmağa, yadlaşmağa gətirib çıxarsa da, demək olar ki, əksəriyyət belə həyat tərzindən məmnundur.

Cəmiyyətdə sosial şəbəkələrlə bağlı fikirlər müxtəlif, bəzən də mübahisəlidir. Müəyyən bir təbəqə sosial şəbəkələrdən istifadəyə qarşı çıxsa da, əksəriyyət ondan istifadənin tərəfdarıdır. Əlbəttə ki, bu da əsassız deyil, vaxt itkisinin olmaması, lazımi informasiyanın tez bir zamanda əldə olunması, dünyanın istənilən nöqtəsində olan insanlarla dostluq münasibətlərinin qurulmasında sosial şəbəkələr başlıca vasitədir. Digər tərəfdən, internet insanların bilik səviyyəsini, dünyagörüşünü də artırır, formalaşdırır, dünyaya baxışını dəyişir. Əgər hər kəs sosial şəbəkələrdən düzgün istifadə etsə, onun xeyirli tərəflərindən daha çox yararlanar. Sözsüz ki, sosial şəbəkələrin müsbət tərəfləri kimi, mənfi tərəfləri də çoxdur. Təəssüf ki, bu mənfi tərəflər istər-istəməz ətrafımıza birbaşa təsir göstərir. İlk olaraq qeyd edək ki, sosial şəbəkələrdən çox istifadə etdikdə bir sıra fiziki və psixoloji fəsadlar yaradır. Zaman keçdikcə bu insanlarda aqressivlik, stres, yuxu və qida rejiminin pozulması, yaddaşsızlıq, depressiya halları müşahidə olunur. Hətta ətraf aləmdən təcridolunma, özünəqapanma halları da baş verir. Belə insanlar özlərini fərqli göstərməyə çalışırlar ki, bu da şəxsiyyətin ikiləşməsinə gətirib çıxarır. Beləliklə, insan könüllü olaraq özü-özündən imtina edərək sosial şəbəkələrin təsiri altında, onun şərtləri ilə yaşamağa məcbur olur. Ətrafından, dostlarından, ailəsindən uzaqlaşır, yadlaşır. Bu da sosial şəbəkələrin ailə dəyərlərinə mənfi təsirinin nəticəsidir.

Ekspertlərin gəldiyi qənaətlərə görə, sosial şəbəkələr Azərbaycan ailəsinə ciddi müdaxilə edir. Evli qadının virtual məkanda çox vaxt keçirməsi, həyat yoldaşına qarşı soyuq münasibət göstərməsi, diqqətsizlik etməsi ailədə bir çox problemlər yaradır. Hətta bu kimi halların sonu bəzən xəyanətə də gətirib çıxarır. Bu da ailədaxili mübahisələrə, münaqişələrə, cinayət hadisələrinin baş verməsinə səbəb olur. Bəzi hallarda boşanmaları da qaçılmaz edir. Sözsüz ki, belə hadisələrdə səbəb nə olur-olsun ən çox əziyyət çəkən uşaqlardır. Valideynlər uşaqlarına ayıracaq vaxtı telefonlarla əvəz edir və nəticədə, uşaqlarda da telefon asılılığı yaranır. Onlar üçün ətraf aləm maraqsız olur. Ünsiyyət qura bilməmək, cəmiyyətə uyğunlaşmamaq kimi problemlər yaradır. Hətta dünyaya gəlməmiş uşaq belə, ana bətnində bir çox problemlər qazanmış olur. Mütəxəssislərin fikrincə, hamilə ananın sosial şəbəkələrdən çox istifadə etməsi doğulacaq uşağın gələcəkdə yaddaşsızlıq, unutqanlıq, nitq qüsuru kimi xəstəliklər qazanması ilə nəticələnir.

Təəssüflər olsun ki, ölkəmizdə bu hallar kütləvi xarakter alıb və internet istifadəçilərinin sayına görə Azərbaycan dünyada qabaqcıl yerlərdən birini tutur. Əksəriyyət istifadəçilərin isə 18-24 yaş arası vətəndaşların olduğu bildirilir. Aparılan araşdırmalardan məlum olub ki, vaxtının çox hissəsini sosial şəbəkələrdə keçirən 11-13 yaşlı qızlar bir ildən sonra öz həyatlarından narazı qalırlar. Belə ki, oğlan uşaqlarına nisbətən sosial şəbəkələrin təsirinə daha tez düşən qız uşaqlarıdır. Virtual aləmdə tanış olduğu oğlanın yalançı vədlərinə inanaraq "göz qamaşdıran" xəyallarla evlərini tərk edənlər də gənc qızlardır. Onlar sosial şəbəkələrin qurbanına çevrilirlər.

Mütəxəssislər artıq həyəcan təbili çalır. Onların fikrincə, gənclərin internetdən asılılığı psixoloji fəsadlar yaradır, onların əxlaq və tərbiyəsinə, təhsilinə mənfi təsir göstərir. Çox güman ki, dərinləşən bu problemin, bəlanın fəsadlarını illər keçdikcə daha çox hiss edəcəyik. Gələcək nəslin təlim-tərbiyəsində, psixoloji durumunun pozulmasında sosial şəbəkələrin mənfi rolu daha çoxdur. Gənclərin əksəriyyəti əsəbi, gərgin həyat tərzi yaşayır.

Lakin buna baxmayaraq, sosial şəbəkələrin faydalı, xeyirli tərəfləri də az deyil. Buna görə də insanlar arasında maarifləndirmə işi aparmaq, sosial şəbəkədən düzgün istifadə mədəniyyətini təbliğ etmək çox vacibdir.

Ramidə YAQUBQIZI,

"Respublika".