Sömürücü siyasət, məkrli mövqe
Siyasət

Sömürücü siyasət, məkrli mövqe

Fransanın "Thesee" kommunasının bələdiyyə üzvü Emmanuel Argo Fransada yerləşən Afrika Mundus beyin mərkəzinin rəhbəridir. O, müstəmləkədən əziyyət çəkən insanlara təzminatın ödənilməsi məsələsini qabardaraq, bu barədə Bakıda danışdığını qeyd edib. O, irqçi hücumlarla bağlı Fransa prezidenti Emmanuel Makrona açıq məktub ünvanlayıb. Bu ilin iyul ayında Bakı Təşəbbüs Qrupunun yaradılmasına həsr edilmiş tədbirdə E.Argo da iştirak edib. Müraciətə 17 vətəndaş cəmiyyəti və afrikalıların haqlarının qorunması sahəsində iş aparan şəxslər də qoşulub. Məktubda qeyd edilib ki, Fransada Afrikadan və bəzi ölkələrdən olan məmurlar həmkarları tərəfindən diskriminasiya və irqçi zorakılığa məruz qalırlar. E.Argo bu münasibətin Fransanın müstəmləkəçilik keçmişindən qalmış ikili standartların bir parçası olduğunu vurğulayıb. O bildirib ki, Fransa başqa ölkələrə demokratiya dərsi verir, ancaq özü həmin dərsləri yaxşı öyrənməyib.

Fransanın irqçilik siyasəti, bu respublikanın beynəlxalq əlaqələri və daxili siyasətində tarixən davam edən bir məsələdir. Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Rəsmi Paris özünü bərabərlik və azadlıq prinsiplərinə əsaslanan bir dövlət kimi təqdim edir, lakin ölkədə etnik, dini və digər azlıqlara qarşı diskriminasiya və təhqir davam edir. Burada irqçilik, xüsusilə islamofobiya son illərdə artmışdır və müxtəlif siyasi qüvvələr tərəfindən davam etdirilir.

Fransada irqçilik, xüsusilə də islamofobiya siyasəti, son illərdə daha da qarışıq hal alıb. Hökumət terrorizm təhlükəsi bəhanəsi ilə müsəlmanların hüquqlarını məhdudlaşdırmağa çalışır və onları ciddi zorakılığa məruz qoyur. Rəsmi Paris müsəlmanların başörtüsünü, minarələri, namaz otaqlarını və digər dini simvolları qadağan etməyə çalışır, müsəlmanları radikalizmdə günahlandırır, nəticədə hökumət onları cəmiyyətin bir parçası kimi tanımır. Təbii ki, bu irqçilik siyasəti cəmiyyətin bütövlüyünə təhlükə yaradır. Artan irqçilik və islamofobiya, azlıqların marjinalizasiyasına, ayrı-seçkiliyin artmasına və sosial problemlərə səbəb olur. Fransa cəmiyyətindəki bu problemlər hüquqi bərabərliyi pozur və insan haqlarını tapdalayır, həmçinin Fransanın beynəlxalq imicini zədələyir. Rəsmi Paris artıq irqçilik siyasətindən imtina etməli və azlıqlara qarşı diskriminasiyadan uzaq durmalıdır.

Fransanın əsrlər boyu sürdürdüyü müstəmləkəçi siyasət hələ də davam etdirilir. Bu ölkənin irqçilik siyasətinin tarixi qədimdir. Fransa XIX-XX əsrlərdə Afrika, Asiya və Amerika qitələrində geniş imperiya yaradıb və yerli xalqlara qarşı sömürücülük, zorakılıq siyasəti yürüdüb. İmperiyasının süqutundan sonra da öz kolonial mühitini saxlamağa çalışıb və müstəmləkələrindan gələn miqrantlara qarşı irqçi münasibət bəsləyib. Fransa, miqrantların öz maddi-mənəvi bütövlüyünü qorumağa imkan verməyən bir sistem tətbiq edib. Xalqları əsarət altına alan, onların maddi-mənəvi sərvətlərini talan edən, qırğınlar həyata keçirən bu ölkə məkrli siyasəti ilə beynəlxalq hüquqa, insan haqlarına və birləşmiş millətlərin dekolonizasiya prinsiplərinə zidd çıxır. Rəsmi Paris bu siyasətinin nəticələrini aradan qaldırmaq əvəzinə, əsrlər boyu davam etdirdiyi neokolonial mövqeyini qoruyur, irqçi addımlar atır. Özünü insan haqlarının müdafiəçisi kimi təqdim etməyə çalışan Fransa, öz müstəmləkəçilik siyasətinin qurbanları olan ölkələr üçün yeni neokolonialist planlar hazırlamağa davam edir. Rəsmi Paris bu gün də "Azadlıq döyüşçüləri" adlandırdığı əlcəzairlilərə qarşı cinayətləri inkar edir. Fransa, həmçinin Afrika ölkələrinin iqtisadiyyatına müdaxilə edir.

"Fransa müstəmləkəçilik siyasətinə və soyqırımlarına görə əlaqədar ölkələrdən üzr istəməlidir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə söyləyib.

Cənubi Qafqazda erməni separatizmini dəstəkləyən Fransa, 30 il Qarabağın işğalına göz yumub, ölkəmizə qarşı daim qərəzli mövqedən çıxış edib. 2020-ci il İkinci Qarabağ müharibəsindən bəri, rəsmi Paris münaqişənin həllində öz məkrli siyasətini davam etdirir, əsassız ittihamlarla çıxış edir. Fransız rejimi antiislam siyasəti ilə dünya sülhü üçün böyük təhdid yaradır. Rəsmi Parisin müstəmləkəçi siyasəti qəbuledilməzdir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".